Taxta avtomatlarla savaşa!

Dünya “ağzı açıq” izləyir

Ukraynada könüllülərin təliminə başlanılıb

   Rəsmi Kiyev mülki əhalini hərbi təlimlərə cəlb edir. “Milliyet.com” yazır ki, Rusiya-Ukrayna müharibəsinin hər an başlana biləcəyi  ehtimalları artdığı bir vaxtda “müharibə olarsa, iştirak edəcəksinizmi” sualı ilə keçirilən sorğudan heyrətli nəticələr ortaya çıxıb. Ukrayna əhalisinin 24 faizi silaha sarılacağını, kişilərin 39 faizi silahlı mübarizə aparacaqlarını deyib.
 Ukraynalılar əllərində silah selfi çəkdirir, sosial mediada paylaşırlar. Bununla da işğalçılara “biz burdayıq, gələcəyiniz varsa, görəcəyiniz də var” deyirlər. Ukraynada könüllülərin təliminə başlanılıb. 

Amma taxta silahlarla. Əllərində taxta silah hərbi təlimlərə qatılan Ukrayna qadınlarının fotoları “New York Times” qəzetinə də gedib çıxıb. Fotoları paylaşan qəzet Ukraynada könüllülərə təlim keçirilməsinin Rusiya qarşısında önəmli faktor olduğunu yazır. Agence France-Presse (AFP) də taxta silahlı Ukrayna könüllülərinin fotolarını yayıb. 

Hərbi təlimlər Kiyev yaxınlığındakı şam meşəliyində keçirilir. Taxta silahlı olsa da əsl savaş ab-havası yaşanır. Komandirlər əmr verir, kamuflyaj olunmuş könüllülər ağacların arxasında gizlənir, əsgərlər bağıraraq yerə yıxılır... 

25 yaşlı Anastasiya Biloçitska atəş xəttinə yürüyür, palçığa batır və tibbi yardım çantasını açıb əsgərə yardım göstərir. Anastasiya “hazırlıqlı insan təşvişə düşməz” deyərək təlimlərin əhəmiyyətli olduğunu söyləyib. Təlim proqramı Rusiyanın mümkün hücumuna hazırlıq və təhlükəsizlik planının bir parçasıdır. 

Məqsəd, ordu məğlub olarsa, döyüşü mülki əhalinin davam etdirməsi və dirəniş göstərməsidir. Bununla Ukrayna ABŞ-ın İraq və Əfqanıstandakı məğlubiyyətindən dərs çıxardığını göstərmək istəyir. Yəni ölkədaxili gücünə güvənməli olduğunun fərqindədir. Təlimlərdə iştirak edən həkim Martya Yuzkiv “güclü ordumuz var, ancaq Rusiyaya qarşı müdafiə olunacaq qədər güclü deyilik. İşğal edilsək, ümid edirəm, bu olmaz, milli müqavimət göstərəcəyik”, deyib.

  Avropa mətbuatı isə xatırladır ki, Rusiya təhdidinə qarşı vaxtilə Estoniya, Litva və Latviya da mülki əhaliyə partizan savaşı aparmaq təlimləri öyrədən proqram hazırlamışdı.