Ermənilər indi də Tiflisə, Cavaxetiyaya iddia edirlər

Bu dərəcədə həyasız iddia yəqin ki, nadir hallarda ortaya atılır

"Akopcanyan kimilərin sərsəmləməsi onu göstərir ki, mənfur ermənilər indiki Gürcüstan ərazisində yaşamış xristian qıpçaqların maddi-mənəvi mirasına “yiyə” çıxmaq arzusundadırlar"

Tanınmış erməni siyasi analitik Razmik Akopcanyan Gürcüstana qarşı iddia ilə çıxış edib. Onun sözlərinə əsasən, gürcülər, guya, ermənilərə qarşı nankorluq edir, keçmişlərini unudurlar. Akopcanyan iddia edib ki, Gürcüstanın yaranmasında, varlığında ən böyük rolu məhz ermənilər oynayıb: “Əslində, onların paytaxtı Tiflis də qədim erməni şəhəridir. Üstəlik, hazırda çoxlu sayda erməni kilsəsi “gürcü kilsələri” kimi təqdim olunur. Nə edək, bizim də belə qonşularımız var. Gürcülər daim bizə arxadan zərbələr endiriblər”. 

Ermənilərin Azərbaycan və Türkiyə ilə yanaşı zaman-zaman qonşu Gürcüstana, xüsusən, ermənilərin kompakt yaşadığı Cavaxetiya bölgəsinə də ərazi iddiaları gündəmə gəlib. Amma bu dərəcədə həyasız iddia yəqin ki, nadir hallarda ortaya atılır. Bir sıra şərhçilərə görə, region ölkələri arasında birgə əməkdaşlıq platformalarının müzakirə olunduğu indiki dövrdə bu cür əsassız iddialar təxribat niyyətindən xəbər verir. İstənilən halda Gürcüstanla qarşıdurma Ermənistana heç nə qazandırmır. Əksinə, qonşularla normal əməkdaşlıq prosesinə zərbə vurur. 

Sərsəm iddialarla bağlı “Şərq”ə danışan AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli deyib ki, Akopcanyanın yanaşması heç də təəccüblü və təsadüfi deyil. Alimin sözlərinə görə, illər boyu “Qarabağ, Naxçıvan bizimdir” deyə bağıran ermənilər eyni təfəkkürlə Tiflisə, Cavaxetiyaya da iddia ediblər: 

“Ermənilər qədim dövrdən regionumuzda yaşayan bütün xalqların, əsasən də türklərin mirasına sahib çıxmaq istəyir. Məlumdur ki, Azərbaycan türklərinin bir qismi vaxtı ilə xristianlığı qəbul edib, sonradan islam dininə keçiblər. Torpaqlarımızda mövcud olmuş Albaniya xristian dövləti olub. Atropatenada isə tanrıçılıq və məcburi qaydada zərdüştilik yayılıb. Ermənilər xristian türklərə məxsus adət-ənənələri, əsərləri mənimsəməyə çalışıblar. Albaniyaya qonşu olmuş Ərməniyyə dövləti isə Arşakilər sülaləsi tərəfindən idarə olunub. 

Ərməniyyə dövlətinin indiki ermənilərlə, daha doğrusu, haylarla heç bir əlaqəsi yoxdur. İndiki Gürcüstan ərazilərində İberiya dövləti qurulub. Həmin dövlətin qurulmasında xristian türklər, xüsusən qıpçaqlar mühüm rol oynayıb. Akopcanyan kimilərin sərsəmləməsi onu göstərir ki, mənfur ermənilər indiki Gürcüstan ərazisində yaşamış xristian qıpçaqların maddi-mənəvi mirasına “yiyə” çıxmaq arzusundadırlar. Ermənilər qədim qıpçaqların dövlətinə, mədəniyyətinə, yazısına göz dikib. Tiflis şəhərinin salınmasında və inkişafında gürcü xalqı ilə yanaşı, hətta onlardan daha çox xristian türklər rol oynayıb”. 

Alim vurğulayıb ki, ermənilərin həyasızcasına hər şeyi öz adlarına çıxmasının önünü almaq üçün bütün həqiqətləri aşkara çıxartmalıyıq: 

“Hayların bölgəyə nə zaman gəldiyini və onlardan öncə burada hansı xalqların yaşadığını dəlil-sübutlarla, faktlarla ortaya qoymaq lazımdır. Ermənilərin hər iddiasına yerindəcə tutarlı cavab verilməlidir ki, bəlkə zamanla sərsəm yanaşmalarından vaz keçsinlər. Avropa tarixçiləri də erməni uydurmalarına ciddi reaksiya verməli, əllərindəki arxiv sənədlərini gizlətməməlidirlər. Əks halda hayların həyasızlığı davam edəcək”.