Paşinyanın separatçılara "savaş" açması iki hədəfə hesablanıb

Baş nazir öncədən məsuliyyəti rusların üzərinə yükləyir. Oyundan çəkilməklə Bakı və Moskvanın üz-üzə gəlməsinə meydan yaradır

“Rus icması” senarisinə səssiz qalmaq risklidir: “Bununla bağlı ilkin olaraq üç istiqamətdə hərəkət etmək olar"

Ermənistan Baş naziri Nikol Paşinyanın “Qarabağın statusu Azərbaycan Konstitusiyasına uyğun həll edilməlidir” sözlərindən sonra Xankəndidəki separatçılarla İrəvan arasında qarşıdurma böyüyüb. Erməni tərəfi də etiraf edir ki, proses İrəvanın separatçıların arxasından çəkilməsinə, Ermənistanın Azərbaycanla yekun sülh sazişi imzalamasına doğru gedir. Ekspertlərin fikrincə, Nikol Paşinyanın həqiqəti dilə gətirməsində daha çox öz maraqları rol oynayır. Baş nazir ilk növbədə Ermənistan siyasətindən Qarabağ kartını çıxarır. Digər tərəfdən Türkiyə və Azərbaycanla münasibətlərin qurulması və kommunikasiyaların açılması ilə qazanacağı iqtisadi dividendlərdə əlavə problem istəmir. Eyni zamanda separatçıları rusların “qucağına itələyir”, problemi Bakı və Moskvanın birbaşa məsələsinə çevirir. 

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə açıqlamasında bildirib ki, Nikol Paşinyanın separatçılara “savaş” açması iki hədəfə hesablanıb. Analitikin sözlərinə görə, rəsmi İrəvan Qarabağdakı ermənilərdən “dövlət” düzəldə bilməyəcəyini anlayır:

 “Paşinyan öncədən məsuliyyəti rusların üzərinə yükləyir. Oyundan çəkilməklə Bakı və Moskvanın üz-üzə gəlməsinə meydan yaradır. Baş nazir bu gedişlə prosesləri də qabaqlayır. Sərhədin delimitasiya və demarkasiyası Ermənistan və Azərbaycanın qarşılıqlı olaraq dövlət sərhədlərini tanıması, həm də İrəvanın Qarabağı Azərbaycan ərazisi kimi qəbul etməsi deməkdir. Bu, Azərbaycan sərhədləri daxilindəki erməni qoşunların çıxarılması ilə də nəticələnə bilər. Rəsmi İrəvan oyundan kənar vəziyyətə düşməmişdən öncə separatçılarla körpüləri yandırır. Ermənistanın oyundan kənarlaşması prosesin müsbət və mənfi istiqamətdə inkişafını vəd edir. Müsbət perspektiv odur ki, Qarabağda Bakı-Ankara və Moskva olmaqla güc balansı ikinin birə dəyişir. Həmişə Ermənistanı qarantyor kimi qəbul edən erməni əhalinin seçimi qətiləşir. Onlar ya bölgəni tərk etməli, ya da Azərbaycan bayrağı altında yaşamağa razılıq verməlidirlər”. 

A.Nərimanlıya görə, sərhədin müəyyən edilməsindən sonra Bakının separatizmə qarşı mübarizə hüququndan daha aktiv istifadə etmək imkanları genişlənəcək: 

“Mənfi nüanslar isə odur ki, Moskva ermənilərin tək “müdafiəçisi” rolunda bölgədə qalma müddətini uzatmaq istəyə, etnik separatizmi yenidən körükləyə, bölgədə Azərbaycan idarəçiliyinin bərpasını əngəlləyə bilər. Qarabağda “rus icması” senarisinin aktivləşdirilməsi bundan xəbər verir. Donbassdan fərqli olaraq Qarabağda “rus icması” senarisinin icrası imkanları zəif görünür. Bölgədə rusların sayı çox azdır. Bakının bölgənin gələcəyi ilə bağlı mövqeyi və Ankaranın dəstəyi Moskvanı iki vacib oyunçunun maraqlarını nəzərə almağa vadar edir. Bakı-Ankara-Moskva üçlüsünün regional əməkdaşlıq planları fonunda problemin həlli imkanları tükənməyib. Lakin Moskva “rusları qorumaq” senarisi üzərindən alternativlər də hazırlayır. Çünki bölgədə təkcə “erməniləri qorumaq” arqumenti çox da keçərli deyil. Bu, Bakıya qarşı siyasi qazanc əldə etmək üçün istifadə ediləcək kartlardan biri olacaq. Məsələn, Azərbaycanın Avrasiya İttifaqına daxil olması kimi istəklərdə bu kart işə salına bilər. Bu perspektiv Paşinyan-Araik toqquşmasında rus izinə də diqqət çəkir. Mümkündür ki, ruslar sərhədin müəyyənləşməsindən öncə “ipləri əlinə” alır. İrəvanla separatçıların “toqquşmasından” sonra baş separatçı Araik Arutyunyanın “Qarabağın rus icması nümayəndələri” ilə görüşü də bu kontekstdə təsadüfi deyil və bu senarinin artıq işə salındığını göstərir”.

Ekspertin qənaətincə, “rus icması” senarisinə səssiz qalmaq risklidir: 

“Bununla bağlı ilkin olaraq üç istiqamətdə hərəkət etmək olar. Birincisi, “rus icması” adından baş separatçı ilə müzakirə aparmaq üçün Rusiyadan gələnlər “qara siyahıya” salınmalıdır. İkincisi, Azərbaycanın rus icması separatçıların “rus icması” kartına etiraz etməli, Qarabağdakı rus əsilli insanları öz ətraflarına çəkməli, onları Azərbaycanın “yolunu azmış vətəndaşları” sırasından çıxarmalıdır. İcma bu prosesdə öndə hərəkət edə bilər. Üçüncüsü isə Bakı ən azı diplomatik kanallarla Moskvaya mövqeyini bildirməlidir”.