Rusiya həm hərbi, həm də iqtisadi cəhətdən sıxıntılar içindədir

Putinin ABŞ-la sərt ritorika ilə danışması heç də onun özünə inamlı olması anlamına gəlmir

Dekabrın 28-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi görüşdə koronavirus pandemiyasına qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Dövlət başçıları qarşılıqlı ticarətin artırılması tədbirləri barədə fikir mübadiləsi aparıblar. Eləcə də sammit iştirakçıları yola salmağa hazırlaşdığımız ildə əməkdaşlıq məsələləri barədə yekunları, həmçinin qarşılıqlı sərfəli partnyorluğun möhkəmləndirilməsi və inkişafını müzakirə ediblər. 

Görüşün gündəliyinə həmçinin bir sıra MDB ölkələrinin iqtisadi, mədəni və humanitar sahələrdə birgə layihələrinin müzakirəsi də daxil olunub. Sammit iştirakçıları beynəlxalq və regional məsələləri də müzakirə ediblər. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva MDB ölkələri ilə mövcud münasibətləri gələcəkdə də qoruyub-saxlamaq niyyətindədir: “Bundan öncə də münasibət saxlamışıq, bundan sonra da belə olacaq. Ancaq bu rejimdə toplaşmağımıza səbəb olan əsas məsələlərdən biri daha dərin müzakirə olunmasına ehtiyac duyulan koronavirus pandemiyası ilə birgə mübarizəmizdir”. 

İlin son günlərində keçirilən qeyri-rəsmi görüşlə bağlı “Şərq”ə danışan Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, Rusiya-Ukrayna gərginliyi fonunda Vladimir Putinin çıxış yolları axtarması başadüşüləndir. Partiya təmsilçisinin sözlərinə görə, Moskvada keçirilən toplantı ilin yekunlarına həsr olunsa da, Kreml öz təhlükəsizliyi barədə düşünür: 

“Putinin ABŞ-la sərt ritorika ilə danışması heç də onun özünə inamlı olması anlamına gəlmir. Rusiya həm hərbi, həm də iqtisadi cəhətdən sıxıntılar içindədir. 

Dövlət büdcəsinin ABŞ-ın ortabab şəhərlərinin büdcəsindən az olması faktı danılmazdır. Bu ölkənin dominantlığı ilə yaradılan qurumlar faktiki olaraq kağız üzərində “fəaliyyətdədir” və qlobal problemləri çözmək iqtidarında deyil. Bu birliklərdən sadəcə Rusiya mənfəət görür. 

Son günlər Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü barədə səsləndirilən təkliflərdə qorxulu nəsə görmürəm, yetər ki, ölkəmizə rus hərbi birlikləri buraxılmasın. Rusiyanın Ukraynanı tam ilhaq etmə cəhdləri güc nümayişidir. 

Ancaq bunun nəticəsi federasiya üçün yaxşı olsa da, Putin üçün pis olacaq. Yaxşı dedikdə Rusiya xalqlarının öz müqəddəratını təyin etmək şansı qazanmasından danışıram”.