“Vahid Rusiya”çı Milonovun davranışında heç nə dəyişmədi" - Millət vəkili 

“O, Azərbaycanla Türkiyəyə yanaşmada düşməncəsinə davranışı, təhqiredici ifadələri və Xankəndinə qanunsuz səfərləri ilə tanınır"

“Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının üzvü Vitali Milonovun Xankəndinə qanunsuz səfərinə görə, hakim “Vahid Rusiya” Partiyasının sədri Dmitri Medvedyevə etiraz məktub göndərib”. 

“Sherg.az”ın xəbərinə görə, bunu millət vəkili Sahib Alıyev sosial şəbəkə hesabında yazıb. 


















Deputat bildirib ki, Rusiya Dövlət Dumasının Vitali Milonov deyilən və hakim  partiyadan olan məhdud siyasi məsuliyyətli bir üzvü var: 

“O, Azərbaycanla Türkiyəyə yanaşmada düşməncəsinə davranışı, təhqiredici ifadələri və Xankəndinə qanunsuz səfərləri ilə tanınır. Bir il bundan qabaq Yeni Azərbaycan Partiyası etiraz məktubu göndərərək Vitali Milonovun xalqımıza qarşı təhqiredici ifadələr işlətməsini, 44 günlük savaş zamanı da, ondan öncə də  Qarabağa gedərək oradakı seperatçı ünsürlərə dəstək verməsini “Vahid Rusiya”nın rəhbərliyinin diqqətinə çatdırmışdı. Amma təəssüf ki, o vaxtdan “Vahid Rusiya”çı Milonovun davranışında heç nə dəyişmədi. O, yenə  Xankəndinə qanunsuz səfər etdi. İndi isə artıq görürük ki, Prezident İlham Əliyev özü “Vahid Rusiya” Partiyasının sədri Dmitri Medvedyevə məktub yazaraq Milonovun hərəkətlərinə qəti etirazını bildirir”. 

Parlament üzvü qeyd edib ki, bu, o deməkdir ki, sadəcə Milonovun hərəkəti yox, təmsilçisi olduğu partiyanın onun hərəkətlərini görməzdən gəlməsi də rəsmi Bakıda açıqlanmaması mümkünsüz sayılan narazılıq yaradıb: 

“Bu məktub bir xəbərdarlıqdır ki, Azərbaycan torpağında işğalçılara, seperatçı-terrorçu ünsürlərə  yer olmadığı kimi, onlara dəstək verənlərə də yer yoxdur, olmayacaq! Kim olur-olsun, onun təmsilçisinin torpaqlarımız üzərində suverenliyimizə xələl gətirəcək hərəkətlərini Azərbaycan nəinki görməzdən gələcək, həm də qətiyyətlə qarşısını alacaq. Maraqlı geosiyasi gedişlərin baş verdiyi bir dövrdə yazılan və yazıldığı açıqlanan bu məktub həm də o deməkdir ki, Azərbaycan səmimi dostluğa, qarşılıqlı faydaya dayanan əməkdaşlığa açıqdır. Kiminsə hegemonluğuna, ayıcasına və ağacasına davranışa isə əsla yox!”.