SSRİ-nin bərpası nağıldır, utopiyadır

Müstəqil dövlətlərin milli dirənişi 100 il öncəsindən daha güclüdür

"Putin narazılıqların sosial-iqtisadi məzmununu ənənəvi “velikorus” şovinizminə yönləndirməyə çalışır"

ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Rusiya geosiyasi planda sovet ittifaqı dövründə mövcud olan nizamın yenidən bərpasına nail olmaq istəyir. Onun sözlərinə görə, bu məqam Rusiya Prezidenti Vladimir Putinin əsas hədəflərindən biridir: “Bu, SSRİ-nin bir hissəsi olmuş ölkələr üzərində təsir dairəsini bərpa etmək deməkdir və qəbuledilməzdir”. 

Rusiyanın Qazaxıstana qoşun yeritməsinin ardınca Prezident Putinin “SSRİ-ni bərpa” planları yenidən müzakirə mövzusuna çevrilib. Bəzi təhlilçilərə görə, “SSRİ-ni bərpa” əməliyyatının Kreml üçün bumeranq effekti olacaq. Çünki müxtəlif ölkələrdə Rusiyanın ağalığını qəbul etmək istəyən qruplar olsa da, onlar milli qüvvələrlə üz-üzə qalacaqlar. Ukrayna, Qazaxıstan, Gürcüstan və Azərbaycandakı milli qüvvələr qətiyyən Rusiyanın vassalı olmaq niyyətində deyillər. Kreml Rusiya imperiyasının yeni libasda zühuruna çalışırsa, qonşu dövlətlərdəki milli qüvvələrin müqavimətini də hesaba qatmaq məcburiyyətindədir.

Rusiya rəhbərliyinin SSRİ sevdasına düşməsi ilə bağlı “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, hər hansı formada Rusiyadan asılı bir ittifaqın qurulması xülyadır. Partiya təmsilçisinin fikrincə, “SSRİ” nağılı Putinin öz hakimiyyətini qoruması üçün ortaya atdığı utopiyadır: 

“Putin narazılıqların sosial-iqtisadi məzmununu ənənəvi “velikorus” şovinizminə yönləndirməyə çalışır. Lakin bu gün Rusiyanın daxili problemlərini çözməkdə çətinlik çəkən bir hakimiyyətin hansısa birləşmə modeli ilə problemlərin öhdəsindən gələcəyi inandırıcı deyil. 

Müstəqilliyin dadını duymuş xalqlar 100 il öncəsindən daha böyük dirənişlə bu cür cəhdlərin qarşısına çıxacaqlar. Hər bir halda müqavimət duyğularımızı canlı tutmamız olduqca vacibdir. Azərbaycanın müstəqilliyini kimlərinsə iştahasına qurban verəcək addımların atılması yolverilməzdir.

Sabiq SSRİ respublikaları, o cümlədən Qazaxıstan da daxil olmaqla bütün türk dövlətləri iqtisadi baxımdan müstəqilliklərini təmin edə biliblər. Onların bu xüsusda Rusiyaya heç ehtiyacları yoxdur. Bununla yanaşı, saxta sovet ideologiyasının yeri ortaq dil və mədəniyyət amilinə söykənən türk milli düşüncəsi ilə dolub.

  Əgər həm çar, həm də sovet Rusiyası türklərin genetik yaddaşından milli kimliklərinin izini silə bilməyibsə, bunu feodal-oliqarxiya Rusiyası heç vaxt bacarmayacaq”.