Azərbaycanın İrana jestinin qarşılığı olmalıdır 


 Azərbaycan növbəti dəfə öz humanistliyini, eyni zamanda İranla münasibətlərdə xoş niyyətini sərgiləmiş oldu

Yanvarın 17-də İranın üç azyaşlı vətəndaşı Azərbaycanla sərhədi pozub. Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, azyaşlılar sərhəd naryadı tərəfindən saxlanılıb. Uşaqlar dövlət sərhədini səhvən pozduqlarını bildiriblər və özlərini İran vətəndaşları - Atəşi Əmirrza Atəş (14 yaş), Puya Bədəli Mehrac (12 yaş) və Danayi Səhənd İbrahim (11 yaş) kimi təqdim ediblər. Saxlanılan şəxslər sərhəd zastavasına gətirilərək isti yemək və digər lazımi şəraitlə təmin ediliblər. Azərbaycanla İran arasında mehriban qonşuluq və dostluq münasibətləri nəzərə alınaraq sərhəd nümayəndəliyi xətti ilə müqabil tərəf məlumatlandırılıb. Qısa müddət ərzində azyaşlıların İrana təhvil verilmələri nəzərdə tutulub.

Hadisə ilə bağlı “Şərq”ə danışan AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli deyib ki, Dövlət Sərhəd Xidməti Azərbaycanın rəsmi qurumu kimi jesti ölkəmiz adından edib. Ekspertin qənaətincə, balaca uşaqlara qarşı bu cür addımın atılması, diqqət və qayğı göstərilməsi normal haldır:

 “Yolu azaraq sərhədimizi keçən azyaşlıları cəzalandırmaq məqsədəuyğun olmazdı. Azərbaycan növbəti dəfə öz humanistliyini, eyni zamanda İranla münasibətlərdə xoş niyyətini sərgiləmiş oldu. Uşaqların yedirilib-içirilməsi və isti məkanda saxlanmaları təqdirəlayiq addımdır. Bəzi insanların narahatlığı anlaşılandır. İranla Azərbaycan sərhədində qanun pozuntuları, ölkəmizə narkotik maddələrin keçirilməsinə cəhdlər çox olub. Hətta sərhəd pozucuları tərəfindən naryadlara atəş açılıb, ölümlə nəticələnən insidentlər baş verib”.

Ə.Məmmədliyə görə, müxətlif yollar və vasitələrlə İrandan Azərbaycana narkotik maddələr keçirilir: 

“Bəzi narkotacirlərin azyaşlı uşaqları da öz çirkin əməllərinə alət etməsi mümkündür. Əgər belə bir hal aşkarlanarsa, bu, ilk növbədə İran dövlətinin ayıbıdır. İstənilən halda uşaqların nəzarətsiz buraxılmasının, həyatlarına təhlükə yaranmasının özü belə İranın sərhəd xidmətinin ciddi qüsurudur. Azərbaycan DSX azyaşlıların hansısa təlhükə ilə üzləşməsinə mane olublar. Ümid edirik, Azərbaycanın bu jesti Tehran tərəfindən layiqincə qiymətləndiriləcək. İki ölkə arasında münasibətlər düzəlməyə doğru gedəcək”.