Nazarbayev də oyunun içindədir - POLİTOLOQ


Onun qəfil müraciəti sirlərin üzərinə bir sirr də əlavə etdi
"Belə çıxır ki, Nazarbayev proseslərin içərisində var idi, hətta hadisələr onun planı üzrə cərəyan edirdi. Nəticələrə əsasən demək olar ki, Qazaxıstan hadisələri bir çox proqnozları alt-üst etdi"

Qazaxıstanın birinci prezidenti - Elbaşı Nursultan Nazarbayev uzun fasilədən sonra ilk dəfə ekran qarşısına çıxıb. Nazarbayev videomüraciət yayaraq Qazaxıstanda baş vermiş olayları dəyərləndirib. Eyni zamanda xalqa çağırış edib. Keçmiş dövlət başçısı hazırda Qazaxıstanın paytaxtında istirahət etdiyini və heç bir yerə getmədiyini söyləyib: “Prezident Kasım-Jomart Tokayev tam səlahiyyətə malikdir. 

O, Təhlükəsizlik Şurasının sədridir. Tezliklə Prezident Nur Otan Partiyasının sədri seçiləcək. Ona görə də elitada heç bir münaqişə, qarşıdurma yoxdur. Bu mövzuda şayiələr tamamilə əsassızdır”. Nazarbayev vurğulayıb ki, hücumların məqsədi Qazaxıstanın bütövlüyünü məhv etmək idi. Onun sözlərinə görə, yanvar hadisələri bütün Qazaxıstanı sarsıtdı: “Bu hadisələr bir daha onu göstərir ki, müstəqillik göz bəbəyi kimi, xüsusilə diqqətli rəftar tələb edir. Baş verən faciə hamımız üçün dərs oldu. Bütün bu qırğınları və qətlləri kimin təşkil etdiyini öyrənmək vacibdir. İstintaq bu suala cavab verəcək. Hamı bilir ki, mən 30 il Vətənimiz naminə yorulmadan çalışmışam. Biz onun sərhədlərini möhkəmləndirmişik. Mütərəqqi islahatlar aparmışıq. Birlikdə müstəqil Qazaxıstanı qurduq, sosial və iqtisadi inkişafda böyük nəticələr əldə etdik. Təkcə Mərkəzi Asiyada deyil, MDB məkanında da bir çox göstəricilərə görə lider olduq. Qazaxıstan dünya birliyində tanınan və nüfuzlu dövlətə çevrilib. Bu, bütün qazaxıstanlıların həmrəyliyinin və birliyinin nəticəsidir. Ölkədə sabitlik, əmin-amanlıq həmişə mənim məqsədim olub. Biz hamımız bu əbədi dəyərləri yaşatmalıyıq. Biz böhrandan mütləq çıxacağıq və daha da güclənəcəyik. Həyata keçirdiyim islahatlar və modernləşmə kursumu dəstəklədiyiniz üçün sizə təşəkkür edirəm”.

Müəyyən fasilədən sonra xalqa müraciət edən Nursultan Nazarbayevin bəyanatını “Şərq”ə dəyərləndirən politoloq Azər Qasımov deyib ki, əksəriyyət Qazaxıstan hadisələrinin belə nəticələnəcəyini gözləmirdi. Analitikin sözlərinə görə, Qazaxıstan Prezidenti Tokayevin KTMT qüvvələrini ölkəyə çağıracağı, qısa zaman sonra qoşunların çıxacağı və ən sonda Nazarbayevin bəyanatı çoxları üçün gözlənilməz oldu: “Nazarbayev haqda “ölkədən qaçdı”, “öldü”, “girov saxlanıldı” kimi şayiələr uyduruldu. Hətta “ölümünə” əmin olanlar qəbiristanlıqda məzarını belə axtarmağa başladılar. Nazarbayevin qəfil müraciəti sirlərin üzərinə bir sirr də əlavə etdi. Onun “Qazax xalqına mənim kurs və reformlarımı dəstəklədiyi üçün minnətdaram” deməsi isə proseslərin kuliminasiya nöqtəsidir. Belə çıxır ki, Nazarbayev proseslərin içərisində var idi, hətta hadisələr onun planı üzrə cərəyan edirdi. Nəticələrə əsasən demək olar ki, Qazaxıstan hadisələri bir çox proqnozları alt-üst etdi. Lakin tək reallıq, əlahəzrət faktlardır”.

Siyasi şərhçinin fikrincə, oyunu kimin qurmasından asılı olmayaraq, etirazçılar ayağa qalxıb tələblər irəli sürdü və mitinqlər zor gücünə basdırıldı: “Prezident “terrorçular var, sayları 20

mindir” desə də, bir terrorçu belə tapılmadı. İddia etdilər ki, guya, terrorçularla bağlı dəlillər yox edildiyi üçün onları tapmaq mümkün olmayıb. Nazarbayevin çağırışı nəticə etibarı ilə gecikmiş və indiki halda əhəmiyyətsiz çıxış idi. Onun bu çıxışa məcbur edilməsi ehtimalı da məntiqsizdir. Çünki oyunun içində özünün olduğunu dolayı yolla yox, birbaşa deyir. Görünür, oyunu quranlar hesab edirlər ki, Nazarbayevin bu yolla getməsi daha məsləhətlidir. Hər halda artıq olanlar olub”.