Paşinyan Prezidenti devirməyi bacardı

Armenin gedişi Nikolun daxildə siyasi gücünü daha da artıracaq

Amma bu şou deyil, Ermənistanda daha böyük siyasi təlatümlər gözlənilir

   Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib. Erməni cəmiyyəti müharibədən sonra yüksək rütbəli məmurların istefasına, işdən qovulmalarına, o cümlədən həbslərinə alışmış olsa da, prezidentin qəfil gedişindən şoka düşüblər. İctimaiyyətin narahatlığına səbəb Sarkisyanın gözlənilməz qərarından daha çox onun istefa mətnində toxunduğu məqamlar olub. Armen Sarkisyan daxili və xarici siyasətdəki proseslərə təsir etmək gücündə olmadığını bildirib. O, uzun müddət düşünəndən sonra istefa qərarına gəldiyini deyib: 

“Bu, qətiyyən emosional qərar deyil və müəyyən məntiqdən irəli gəlir. Prezidentin əlində ölkə və millət üçün bu çətin dövrdə daxili və xarici siyasətin fundamental proseslərə təsir etmək üçün lazımi alətlər yoxdur. Niyə prezident hazırkı ümumxalq krizisində siyasi hadisələrə müdaxilə edə bilmir? Səbəb yenə aydındır, istənilən dövlət məmuru Konstitusiyaya əsaslanmalıdır. Bizim əsas problemlərimizin səbəbi məhz hazırkı qanunumuzdur. Bizdə paradoksal vəziyyət yaranıb. Prezident dövlətin qarantı olduğu halda faktiki olaraq heç bir real vasitəyə sahib deyil. Sülh və müharibə ilə bağlı məsələlərə müdaxilə edə, əlverişli saymadığı qanuna veto qoya bilmir. Müxtəlif siyasi qruplar tərəfindən birbaşa təhlükə kimi qəbul edilir”. Armen Sarkisyan 2018-ci il aprelin 9-da Ermənistan prezidenti seçilmişdi. Məlumat üçün bildirək ki, Ermənistan konstitusiyasına görə, respublika prezidenti istefaya getdikdə səlahiyyətlərini Milli Məclisin sədri həyata keçirir. O səbəbdən Ermənistana parlament sədri Alen Simonyan rəhbərlik edəcək. Növbədənkənar prezident seçkiləri isə 35 gündən gec olmayaraq keçirilməlidir. Ermənistan Prezidenti Armen Sarkisyan istefasını bir həftə müddətində geri götürə bilər. Parlamentin spikeri Alen Simonyan Prezident Armen Sarkisyanın bir həftə vaxtı olduğunu xatırladıb. Əgər bir həftə ərzində istefa ərizəsini parlamentdən geri götürməsə, onun istefası qəbul edilmiş sayılacaq. İstefa qərarından sonra Ermənistanda prezidentliyə mümkün namizədlərin adları da açıqlanıb. “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan və ölkənin hazırkı Xarici işlər naziri Ararat Mirzoyanın prezidentliyə namizəd ola biləcəkləri iddia edilir. 

“Ermənistan” fraksiyasının deputatı Artur Qazinyan vurğulayıb ki, Armen Sarkisyanın prezidentlikdən getməsinin geosiyasi anlamı var. Onun sözlərinə görə, istefanın niyə indi və bazar axşamı elan edildiyi aydın deyil: “Bir neçə gün əvvəl Sarkisyan günəş stansiyası üçün BƏƏ-dən maliyyə aldı və bildirdi ki, bu, hələ başlanğıcdır. Hadisələr çox sürətlə inkişaf edir və istefanın aşkar geosiyasi çalarları var”. Deputatın fikrincə, yalnız bir məqamla mübahisə etmək olmaz - Ermənistanda siyasi dəyişikliklər baş verib və sonrakı proseslər hakimiyyətin tamamilə dəyişməsinə gətirib çıxara bilər: “Ayıq və tədbirli olmaq lazımdır. Burda Ermənistan dövlətçiliyinin mövcudluğu məsələsi var”. 

Konstitusiya Məhkəməsinin keçmiş Aparat rəhbəri Edqar Kazaryan keçmiş prezidentin Qərbə yaxınlığı ilə seçildiyini söyləyib: “Armen Sarkisyan erməni xalqının tarixində Kremlin divarları arxasında qalan və ora daxil olmayan yeganə Ermənistan prezidenti oldu. O, işlədiyi 4 il ərzində heç vaxt Rusiya prezidenti tərəfindən rəsmi şəkildə qəbul edilmədi. Hətta 2021-ci il mayın 9-da Qızıl meydanda Böyük Vətən müharibəsinin Qələbə gününə həsr edilən parada belə çağırılmadı”. 
Politoloq Stepan Danielyan da müəmmalı və maraqlı sualların qaldığını deyib: “Ermənistanda ciddi və sistemli diskussiyalar aparılmır. Prezident niyə məhz indi istefa verdi? Onun razı olmadığı və prezident kimi məsuliyyəti üzərinə götürmək istəmədiyi hansı hadisələr gözlənilir? Hansı mümkün sənəd hazırlanırdı ki, Sarkisyan o kağızdakı mətnin altında imzasını görmək istəmir? Hər halda bu istefa ciddi qəbul edilməlidir” .

Erməni siyasi icmalçı Ambarsum Qabanyan isə diqqətə çatdırıb ki, Ermənistan hökumətinin kuluarlarında KTMT tələb etdiyi təqdirdə, rəsmi İrəvanın Ukraynaya hərbi kontingent göndərə biləcəyi haqqında söhbətlər səngimir. 

Ekspertin sözlərinə görə, əgər Rusiya Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamağa qərar verərsə, KTMT ölkələri prosesə müdaxilə etməyə məcbur olacaq. Bunu bilən Ermənistan hökuməti nə edəcəyini bilmir. Siçovullar kimi gizlənməyə çalışırlar. Ölkə prezidenti “günahdan” uzaqda qalmaq qərarı verdi. Onun vəzifəsinə Moskvanın əmrlərinə tabe olmaqdan qorxmayan şəxs gələcək”. 

Armen Sarkisyanın istefası müxtəlif aspektlərdən qiymətlənidirilir. Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə açıqlamasında bildirib ki, Armen-Nikol mübarizəsində ikinci qalib gəldi. Analitikin qənaətincə, 44 günlük müharibədən sonra Sarkisyan xüsusilə aktivləşmişdi və Nikol Paşinyana bəzi qərarların qəbul edilməsində problemlər yaradırdı:

 “Qasparyan qiyamı zamanı bu, açıq müstəvidə özünü göstərdi. Paşinyan Armeni “yola gətirmək” üçün prezident səlahiyyətlərinin artırılmasını təklif etmişdi. Proseslərin inkişafı göstərdi ki, qapalı görüşdə tərəflər razılaşdılar. Amma Nikol böhranı həll etdikdən, xüsusilə də parlament seçkilərində qalib gəldikdən və gücləndikdən sonra “vədinə əməl” etmədi. Paşinyan konstitusiya islahatlarına hazırlaşır və yeni dəyişikliklərdə prezident səlahiyyətlərinin artırılması da nəzərdə tutulur. Lakin o, bunu Armen Sarkisyan üçün yox, öz gələcəyinə hesablayıb: Nikolun hakimiyyətini “geniş səlahiyyətə malik prezident” kimi davam etdirmək planı var. Sarkisyanın səlahiyyət müddətinin (2025-ci il) başa çatmasına qədər gözləmək zaman alacaqdı. Görünür, Paşinyan prezidenti istefaya məcbur edib. Bu fikri Sarkisyanın müraciətindəki bir qeyd xüsusilə gücləndirir. Armen bildirir ki, “reallıq budur ki, dövlət başçısı, bəzən ailəsi müxtəlif siyasi qrupların hədəfində olur”. İstisna deyil ki, Armenə istefası üçün ailəsi üzərindən də təzyiq edilib. 

Sarkisyan istefa müraciətində bildirir ki, prezident səlahiyyətləri faktiki nə daxili, nə də xarici məsələlərdə həlledici qərar verməyə imkan vermir. Armen bununla  müharibədəki məğlubiyyətə və hakimiyyətin siyasətinə görə məsuliyyət daşımadığını da deməyə, gedərkən “təmizə çıxmağa” çalışır”. 

A.Nərimanlıya görə, Sarkisyan “niyə indi istefaya getdi” sualının iki tərəfi var:

 “Birinci tərəfi Armenin son dövrlər atdığı addımlar və Paşinyanın bundan narahat olmasıdır. Sarkisyan xarici səfərlərini intensivləşdirmişdi. Xüsusilə ərəb ölkələri ilə münasibətlərin qurulmasında, ölkəyə investisiya cəlb edilməsində müəyyən nəticələr əldə edirdi. Paşinyan prezidenti indi göndərə bilməsəydi, sonra daha çətin olardı. Armenin prezident postunda qalması hakimiyyətin konstitusiya islahatlarını sürətləndirmək istəyi ilə paradoks təşkil edirdi. İkincisi isə Armen Sarkisyanın hakimiyyətin yeni qərarlarının məsuliyyətini bölüşmək istəməməsidir. O, müraciətində “radikal siyasi dəyişikliklərə”, gözlənilən “problemlərə” işarə vurur. Mümkündür ki, bununla Paşinyan hakimiyyətinin atacağı addımlara “ortaq olmaq” istəmədiyinin mesajını verir. Armenin gedişi Paşinyanın daxildə siyasi gücünü daha da artıracaq. Hərçənd, diasporun ona qarşı mübarizəsi daha da güclənə bilər. Xüsusilə Ankara-İrəvan münasibətlərinin normallaşması və qondarma “erməni soyqırımı” məsələsinin arxa plana keçməsi prosesi sürətləndikcə, Paşinyana təzyiqlər də artacaq”. 

Politoloq İlyas Hüseynov isə bildirib ki, Armen Sarkisyan erməni siyasətçilər arasında ən ağıllı, nüfuzlu və təhlükəli siyasətçi idi. Ekspert söyləyib ki, Sarkisyanın Böyük Britaniyada, Vatikanda, ABŞ-da və xüsusilə də ərəb dünyasında çox geniş əlaqələri var: 

“Sarkisyanı istefaya iki səbəb vadar edə bilər. Fransaya meyilli komanda Böyük Britaniyaya bağlılığı ilə seçilən təmsilçisini uzaqlaşdırmaq qərarına gəlib. Sarkisyan xarici dostlarından dəstək alıb, indi Nikol Paşinyanın yerinə iddialı olacaq. Ermənistan konstitusiyasına əsasən, yeni prezident seçilənə qədər onun səlahiyyətlərini Ermənistan Milli Assambleyasının sədri - Alen Simonyan həyata keçirəcək. Yunanıstanda istirahətləri ilə məşhurlaşan A.Simonyanın Ermənistanın prezidenti postunda oturması Paşinyanın maraqları daxilindədir. Böyük ehtimalla Simonyan elə Ermənistanın 5-ci prezidenti olacaq. Nəzərə alaq ki, Simonyan ABŞ səfərindən qayıtdıqdan sonra prezident istefa verdi. Növbədənkənar prezident seçkiləri fevralın ortalarında keçirilməlidir. Yeni prezidenti seçmək üçün minimum 80 səs lazımdır. Paşinyanın parlamentdə 79 yeri var. Parlamentdəki “Qarabağ klanı” arasında “paşinyançı” kim olacaq? Əgər seçkilərin birinci turunda yeni prezidentin adı məlum olmasa, ikinci turda deputatların 65 səsi kifayət edəcək. Onda Paşinyan böyük ehtimalla öz marionet namizədini prezident kürsüsünə oturdacaq”.