ABŞ-ın başqa planı var


Məqsəd Rusiya ilə Türkiyəni üz-üzə qoymaqdır

"Türkiyənin işlək və manevrli bir siyasi institutu var. Onlar Rusiya ilə münasibətləri və işbirliyini elə qurmalıdır ki, bu risklərdən sığortalansın"


“Genişmiqyaslı hücum olacağını düşünmürəm”. Axar.az xəbər verir ki, bunu ABŞ ordusunun Avropadakı keçmiş komandanı, general-leytenant Ben Hoces Ukrayna böhranı ilə bağlı açıqlamasında deyib. “Ukrayna böhranında ABŞ Türkiyə ilə əməkdaşlıq etməlidir. Regionun açarı Türkiyədir. Qara dəniz, körfəzlər üzərindəki gücü, bölgədəki hər kəslə əlaqəsi ilə Türkiyənin çox faydalı olduğunu düşünürəm", - deyə general bildirib. ABŞ-ın Türkiyəni Ukrayna-Rusiya məsələsində aktiv oyunçuya çevirmək istəyi nəyə hesablanıb?

Keçmiş ABŞ komandanının çıxışını “Şərq”ə dəyərləndirən politoloq Tofiq Abbasovun sözlərinə görə, ABŞ-ın istəyi Türkiyə və Rusiyanı üz-üzə qoymaqdır. 

Amerikanı dərindən düşündürən, qayğılandıran Rusiya ilə Türkiyə arasında işbirliyinin güclənməsidir. Çünki Avrasiya məkanında ikisi də qüdrət sahibidir. Eləcə də ərazi imkanlarına, özlərinin manevrliliyinə görə onlar həqiqətən də Qərb dünyasını lərzəyə gətiriblər. 

ABŞ həm rəsmi, həm də qeyri-rəsmi anti-Rusiya koalisiyası formalaşdırır. Qayəsi mütləq şəkildə müharibənin baş verməsidir. Onun da acısını yaşayan Rusiya və ya Amerika olmayacaq. Ukrayna xalqı olacaq. Ancaq Vladimir Zelenski nə baş verdiyini artıq anlayır. Buna görə də, Baydenlə telefon danışığında da bildirdi ki, vəziyyət sizin dediyiniz qədər kritik deyil. Biz prosesləri çözmək imkanlarına malikik və çox güman ki, bu məsələni müharibəsiz həll edəcəyik. 

Qərbin istəyi bütün ölkələri bir-biri ilə üz-üzə qoymaqdır. İstəyirlər ki, müharibələr təşkil edib, özləri də kənardan baxaraq siyasi dividendlər götürsünlər. 

Rusiya ABŞ üçün hədəfdir. Ona görə də, Ukraynanın NATO-ya qəbul olunmasını dəstəkləyir. İndi bu proseslər ətrafında da sirkulyasiyalar gedir. Amerikanın və Qərb dünyasının Şərqə doğru yürüşünə start verilib. Keçmiş sosialist ölkələri hamısı Şimali Atlantika Müqaviləsi Təşkilatının tərkibindədir. İndi də növbədə post-sovet məkanındakı ölkələrdir. Plan Rusiya ilə qarşıdurmada üstünlüyü ələ almaq və yavaş-yavaş Çinin sərhədlərinə yaxınlaşmaqdır.

Ancaq Türkiyə gərək başqalarının oyununun qurbanına çevrilməsin. Türkiyənin işlək və manevrli bir siyasi institutu var. Onlar Rusiya ilə münasibətləri və işbirliyini elə qurmalıdır ki, bu risklərdən sığortalansın. Çünki bu plan Türkiyə və Rusiyaya heç bir müsbət dəyişiklik vəd etmir. 

Sənan İsmayıl