Qərb sakit durmayacaq! – “…Rusiya parçalanar”

Türkiyə Xarici İşlər Nazirliyi “Donetsk”  və “ Luqansk” ın “müstəqilliyi”nin Rusiya tərəfindən tanınması ilə bağlı bəyanat yayıb. Bəyanatda  rəsmi Moskvanın bu açıqlamasının  Minsk razılaşmalarını və Ukraynanın ərazi bütövlüyünü pozan qəbuledilməz olduğu  qeyd olunub: “Türkiyə tərəfləri beynəlxalq hüquqa riayət etməyə çağırır”.

Azərbaycan Demokrat Partiyasının(ADP) sədri Sərdar Cəlaloğlu“Sherg.az”a  açıqlamasında mövcud durumda Türkiyənin bu addımının  kifayət qədər yerində olduğunu bildirib: 

“ Təkcə rəsmi Ankara deyil, eyni zamanda Avropa İttifaqı, İtaliya, Polşa, İsveç də Rusiyanın bu addımını pislədi. Ümumiyyətlə , Rusiya Donetsk  və  Luqansk ın “müstəqilliyi”ni tanımaqla dünyada  separatizm hərəkatına təkan verdi. Bu gün dünyada yüzə yaxın ölkə var ki, onların ərazisində separatçı hərəkatlar var. Rəsmi Moskva bu açıqlaması onlar üçün qol-qanad oldu.Elə Rusiyanın öz ərazisində onlarla belə muxtariyyət var. Hazırda onlar da tanınsa, Rusiya parçalanar”. 

S.Cəlaloğlu  rəsmi Moskvanın bu addımın bütövlükdə beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb: 

“Beynəlxalq hüquqa görə  belə strukturları hansı dövlətin ərazisindədirsə əvvəlcə həmin dövlətin özü daha sonra başqa ölkələr onu tanımalıdır.Digər tərəfdən bu başqa ölkənin daxili işlərinə qarışmaqdır. Ukrayna daxilindəki bu strukturlardan da hansınınsa Rusiyanı tərəf müqavili kimi seçmək hüququ yoxdur”.

 Partiya sədrinin fikrincə, Rusiya indi açıq-aşkar Ukraynanın seçdiyi hərbi postda onu dayandırmaq,ondan siyasi-hərbi təzminat almaq üçün addımlar atır:

“Bunun müqabilində Qərb təbii ki, sakit durmayacaq  və Rusiyaya qarşı çox ciddi  sankisayalar tətbiq edəcək”.