...Debat mədəniyyətiniz olsun! 

Sabiq baş nazir,Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə siyasi analitik Tofiq Abbasov TV Müsavatın canlı yayımında əlbəyaxa olublar. Davaya səbəb tərəflərin bir-birinə qarşı qeyri-etik ifadələr işlətməsi olub. Nəticədə T.Abbasov canlı yayında sabiq baş nazirə yumruq zərbəsi endirib. Rejissor isə ya vəlvələdən, ya da zəlzələdən efiri dərhal dayandırmaqda maraqlı olmayıb. Baş verənlər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. 

Məlum olay siyasilərin, eləcə də politoloq və ekspertlərin diskusiya mədəniyyətinin aşağı olması məsələsini yenidən gündəmə gətirib.  

Ekspert Elyar İslamoğlu məsələ ilə bağlı “sherg.az”a danışarkən bildirib ki, son zamanlar ölkəmizin efir məkanlarında təşkil olunan debatlarda belə mübahisəli hallar tez-tez yaşanır:

 “Belə debatlara elə ekspertlər dəvət olunmalıdır ki, onların ən azı debat mədəniyyəti olsun. Müzakirə iştirakçısının danışıq mədəniyyəti, dözümülülüyü, qarşı tərəfi dinləmək qabiliyyəti olmalıdır. Ekran qarşısında əyləşən tamaşaçıya da hörmət olunmalıdır . İzləyicilər arasında müxtəlif yaş qrupuna məxsus şəxslər var”. 
E.İslamoğlunun fikrincə, Azərbaycanda debat mədəniyyəti hələ də formalaşmayıb:
 “Son vaxtlar belə müzkirələr aparılan verilişlərdə söyüş, təhqir kimi amillərə çox rast gəlirəm.İki şəxs arasında gedən müzakirə heç bir halda mübahisəyə çevrilməməlidir. Bütün mübahisəli məsələlər efirdən kənar, tamaşaçı hiss etmədən həll olumalıdır. Belə bir vəziyyətdə hansısa bir problemin müzakirə olunaraq həll edilə biləcəyini heç cür təsəvvür etmək olmur”.
Ekspert qeyd edib ki, şəxslər müzakirə mədəniyyətini öyrənib daha sonra efirə çıxmalıdır.