"Ağır olacaq, çox ağır"

Ukrayna savaşı azərbaycanlı iş adamlarını da ziyana salıb


“Ukraynada Rusiyanın işğalı nəticəsində yaşanan insanlıq faciəsində dünyasını dəyişən, evindən-eşiyindən didərgin düşən xeyli azərbaycanlı da var”. Bu barədə millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib. Deputat bildirib ki, Ukraynada xeyli azərbaycanlı iş adamının iş yerləri, tikdiyi binalar dağıdılıb, onlara böyük maddi ziyan dəyib: “Digər tərəfdən Rusiyadakı sanksiyalarla bağlı böhran bu ölkədə çalışan azərbaycanlıları da iqtisadi cəhətdən çökdürüb.

Azərbaycanın bir sıra rayonlarının əhalisi oradan göndərilən pullarla yaşamını təmin edir. Yəni hər iki tərəfdən zərbənin bizim insanlara da dəydiyini görürük. Ağır olacaq, çox ağır. Rusiyada artıq kartdan pul çəkə bilmirlər. İş yerləri çökür. Məşhur rus filmində deyildiyi kimi - “təkcə mənə deyil, bizə 15 sutka veriblər”. Əsas odur ki, nə vaxtsa bu savaşı hərləyib-fırlayıb Türkiyə və Azərbaycanın üzərinə yönəltməsinlər”.