Nikoloz Vaşakidze: “Nüvə blefi reallığa çevrilə bilər” – TBİLİSİDƏN BAXIŞ


Gürcüstan xarici işlər nazirinin keçmiş müavini, ölkənin Milli Təhlükəsizlik nazirinin eks-köməkçisi Nikoloz Vaşakidze Oxu.Az-a Ukraynada baş verənlərlə bağlı “Tbilisidən baxışını” bölüşüb:

“Rusiya rəhbərliyinə əməliyyatın dalana dirəndiyi az-çox bəlli olduqdan sonra onlar bu vəziyyətdən simalarını saxlamaqla, minimal itkilərlə çıxmağa çalışmağa başladılar. Görün, indi nə deyirlər.

Rusiyanın ABŞ və Qərbə verdiyi iki ultimatumu xatırlayırsınızmı? Bütün dünyada sual doğurdu: “Bu nə deməkdir? Rusiya nəyə nail olmağa çalışır?”. Axı, qoyulmuş şərtləri yerinə yetirmək əvvəlcə mümkün deyildi. Və eyni zamanda, demək olar ki, açıq şəkildə Rusiyanın Ukraynaya qarşı təcavüz etməyə hazır olduğu bildirilirdi.

Qərb qərara alıb ki, Rusiya öz tələblərində maksimum güzəştə gedilməsi üçün Ukraynaya hücum təhlükəsindən şantaj elementi kimi istifadə edir. Amma bu gün aydın olur ki, tam əksinə olub. Bütün ideya sadəcə olaraq Ukraynaya təcavüz etməkdən ibarət idi və tələbləri olan sənədlər məhz işğala bəhanə vermək üçün ortaya atılıb”.

O, Rusiyadan nüvə zərbəsi təhlükəsinin olub-olmaması ilə bağlı da fikir bildirib:

“Heç nəyi istisna etmək olmaz. Risklər böyükdür, çünki Rusiya dövləti, Rusiya rəhbərliyi əslində küncə sıxışdırılıb.

Nüvə məsələsi çox sürüşkən mövzudur. Bu barədə danışmaq belə özlüyündə təhlükəlidir, çünki bu, narahatlıq və reaksiyaya səbəb olur. Beləliklə, blef reallığa çevrilə bilər, belə bir risk var və bu, kifayət qədər önəm kəsb edir. Rusiya Federasiyasında sağlam düşüncə haqqında danışmaq mənim üçün ümumiyyətlə çətindir, amma həqiqətən ümid edirəm ki, heç olmasa özünüqoruma instinkti işləyəcək”.