Yenə ədaləti görməzdən gəldilər

Avropa Parlamentinin qəbul etdiyi qətnamə açıq-aşkar qərəzdir

Avropa Parlamentində Azərbaycan əleyhinə “Qarabağda mədəni irsin məhv edilməsi haqqında” qətnamə qəbul edilib. Qətnaməyə 635 deputat lehinə, 2 deputat əleyhinə  səs verib, 42 nəfər səs verməkdən çəkinib. Absurd sənəddə deyilib ki, “Qarabağdakı bütün erməni tarixi-mədəni irsinin nümunələrinin alban tarixi irsinin qalıqları kimi təqdim edilməsi və erməni abidələrinin adlarının dəyişdirilərək “Qafqaz-Alban” qoyulması kimi narrativin Azərbaycanda yayılması narahatlıq yaradır”. Qətnaməyə görə, Azərbaycanın “erməni mədəni, tarixi və dini abidələrindən” saxta yazıların silinməsi məqsədilə işçi qrupun yaradılması yolverilməzdir. 

Həmçinin, Azərbaycandan UNESCO-nun Qarabağda araşdırmalar aparmağa şərait yaratmasına imkan verilməsi tələb olunur. Şərt qoyulur ki, qiymətləndirmə missiyası işə başlayanadək “erməni tarixi irsinə” əl vurulmasın və s. Bütün dünyaya bəllidir ki, Azərbaycan ərazilərinin 20 faizini işğalda saxladığı 28 il ərzində Ermənistan nəinki şəhər və kəndlərə, habelə multikultural dəyərlərə divan tutub. Maddi-mənəvi irsimizi məhv edərək, sadəcə, Azərbaycana qarşı yox, bütün ümumbəşəri dəyərlərə qarşı barbarlıq, vandallıq törədiblər. Azərbaycanın maddi-mənəvi və dini abidələrinin ermənilər tərəfindən dağıdılması, viran qoyulması, qarət edilməsi, mənimsənilməsi İrəvanın onillər boyu ölkəmizə və millətimizə qarşı apardığı işğalçılıq siyasətinin tərkib hissəsi olub. İşğaldan azad edilmiş ərazilərdə yüzlərlə tarixi abidə, onlarla muzey, məscid, mədəni irs nümunələri yerlə-yeksan olunub. Ermənilərin 28 il işğalda saxladığı ərazilərdə xalqımızın 403 tarixi-dini abidəsi vardı ki, onların 67-si məscid, 144-ü dini məkanlar, 192-i pirlər və ocaqlar idi. Hamısı ermənilər tərəfindən dağıdılıb. 67 məscidindən 64-ü viran qalıb. Bu mənada Avropa Parlamentinin qəbul etdiyi qətnamə ümumbəşəri prinsiplərə, beynəlxalq hüquqa, tarixi faktlara, reallığa və ən nəhayət, məntiqə zidd olmaqla yanaşı, aşkar neonasizm, müsəlman düşmənçiliyidir.

Absurd qətnamə ilə bağlı “Şərq”ə danışan millət vəkili Elşad Mirbəşiroğlu vurğulayıb ki, Avropa Parlamentinin (AP) qəbul etdiyi qətnamə açıq-aşkar qərəzdir. Deputatın sözlərinə görə, AP növbəti dəfə Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyib:

 “Əslində Avropa Parlamentinin qərarı o qədər də təəccüb doğurmur. Çünki Avropa təsisatları hər zaman öz davranışlarında ikili standartlara söykəniblər. Onlar üçün ədalət mövcud deyil. Bu amili bütün Avropa təşkilatlarına aid etmək mümkündür. 30 il müddətində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Ermənilər işğal zamanı sadəcə azərbaycanlılara deyil, tarixi-mədəni abidələrimizə qarşı da terror aktları həyata keçiriblər, bütün tikililəri xarabalığa çeviriblər, daşı daş üstə qoymayıblar. Amma Qərb təsisatları 30 il ərzində erməni vandalizmi ilə bağlı heç bir qətnamə qəbul etməyib. Əksinə, ermənipərəst mövqe tutaraq işğala məruz qalmış Azərbaycan tərəfini ittiham ediblər. Avropa məkanı özünün bütün dəyərləri ilə dərin deqradasiyaya uğrayıb. Bu məqam beynəlxalq qurumların fəaliyyətində və yanaşmasında da özünü göstərir. Avropa Parlamenti Azərbaycanın multikultural dəyərlərini, ənənələrini bir dəfə də olsun təqdir etməyib. Bakıda erməni kilsəsinin bərpa olunması faktını alqışlamayıb, heç dilə gətirməyib”.
Parlament üzvü vurğulayıb ki, Qarabağ Azərbaycan ərazisidir, orada heç vaxt erməni izi olmayıb: “Bölgədəki bütün tarixi-dini abidələr Azərbaycan xalqına aiddir. Ermənilər bizə məxsus məbədləri saxtalaşdıraraq, əslini dəyişdirərək “özününküləşdirməyə” çalışıb. Ermənilərin real işğal faktı, törətdikləri vəhşiliklər bir kənarda qalır, Avropa Parlamenti uydurma ittihamlarla Azərbaycana qarşı qətnamə qəbul edir. Bu, açıq-aydın təxribatdır. Avropa Parlamenti qətnamədə “Dağlıq Qarabağ” ifadəsinə yer verməklə Azərbaycanda separatizmə dəstək verdiyini bəyan edib. Avropa təsisatları daim xalqlar arasında münaqişələri dəstəkləyiblər”.