“Rusiya Ukraynanı və xalqını birdəfəlik itirdi” - Ekspert 

"Plan bu idi ki, Rusiya ordusu şərqi Ukraynaya daxil olan kimi əhalinin böyük əksəriyyəti onları xoş qarşılayacaq, müharibədən qaçan yüzminlərlə ukraynalılar isə Rusiyaya gedəcək. Kreml də bundan istifadə edib şou düzəldəcək"

“Rusiyanın Ukraynaya təcavüzü, Moskvanın bu ölkəni və xalqı birdəfəlik itirməsi ilə nəticələnəcək”. 

“Sherg.az”ın xəbərinə görə, bu barədə REAL təmsilçisi Natiq Cəfərli deyib. 


















Ekspert bildirib ki, Ukrayna xalqı yalnız döyüş meydanında öz seçimini etmir, həm də “ayaqları” ilə öz yolunu, yönümünü seçir: 

“Ukraynanın şərqindən, Xarkovdan ölkənin Qərbinə, Lvov şəhərinə 1033 km, Avropa Birliyinin sərhəddinə isə 1100 km-dən də çox məsafə var. Həmin şəhərlərdən, məsələn, Xarkovdan Rusiya sərhədinə yol isə cəmi 38 km-dir, hətta piyada da getmək olar. Amma xarkovlular 1000 km-dən çox məsafəni zülmlə, bombalar və təhlükələr altında qət edib Lvova, Avropa Birliyinə üz tuturlar. Şərqi Ukrayna ən şiddətli döyüşlərin getdiyi bölgələrdir. Kreml o bölgələri “rusdilli”, “Rusiyaya meyilli” kimi görürdü, hətta Rusiya ordusunu oralarda gül-çiçəklə qarşılanacağına inanırdı. 4 milyon nəfər Ukrayna vətəndaşı artıq ölkəni tərk edib. Onlardan 1,5 mln. nəfərdən çoxu AB ölkələrinə keçib, yerdə qalanlar da Ukraynanın qərbində, Moskvanın “benderlərin məkanı” saydığı şəhərlərə köçüb. 
Yəni, bu gün Ukrayna əhalisi əsl “referendum” keçirir, öz yolunu-izini seçir, məhz bu Kremli qəzəbləndirir. Plan bu idi ki, Rusiya ordusu şərqi Ukraynaya daxil olan kimi əhalinin böyük əksəriyyəti onları xoş qarşılayacaq, müharibədən qaçan yüzminlərlə ukraynalılar isə Rusiyaya gedəcək. Kreml də bundan istifadə edib şou düzəldəcək. Dünyaya, “ukraynalılar “faşistlərdən”, “benderlərdən” qaçıb Rusiyaya sığınır” mesajı verəcəkdilər. Amma alınmadı, Ukrayna xalqı Rusiyanı seçmədi, bu gün Xarkovun, Sumının vəhşicəsinə bombalanması da məhz bunun qəzəbidir”.