Avropa İttifaqının qapıları illərdir döyülür

Moldova, Ukrayna, Gürcüstan tezliklə Avropa ailəsinə üzv qəbul olunmayacaq

Müharibədən sonra Avropada yeni təhlükəsizlik nizamı ortaya çıxacaq

Avropa İttifaqı Şurası Avropa Komissiyasına Ukrayna, Gürcüstan və Moldovanın Birliyə üzvlüklə bağlı müraciətlərinin qiymətləndirilməsini təqdim etməyi tapşırıb. Bu barədə Avropa İttifaqının dövlət və hökumət başçılarının Versalda keçirilən qeyri-rəsmi sammitinin yekunları üzrə qəbul edilmiş bəyanatda qeyd olunub. Avropa İttifaqının dövlət və hökumət başçıları Rusiyanın bu ölkədəki hərbi əməliyyatını dayandırdıqdan sonra Ukraynanın bərpasına yardım etməyə hazır olduqlarını bəyan ediblər: 

“İttifaqa üzv olan ölkələr koordinasiyalı şəkildə siyasi, maliyyə, humanitar yardım göstərməyə davam edəcək. Biz Rusiyanın hücumu başa çatdıqdan sonra demokratik Ukraynanın bərpasına kömək etməkdə qərarlıyıq”. 

Fransa prezidenti Emmanuel Makron da bəyan edib ki, Ukraynanın hazırda Avropa Birliyinə üzvlük prosedurunun başladılması qeyri-mümkündür: “Bu dövrdə Ukrayna və ukraynalılara güclü siqnal göndərmək vacibdir. Lakin həm də ehtiyatlı olmalıyıq. Bu gün müharibənin getdiyi ölkədə prosedurları başlada bilərikmi? Düşünmürəm”. Moldovanın Xarici işlər naziri Niku Popesku isə bildirib ki, Aİ-yə üzvlük bir gecədə, hətta bir neçə ay ərzində baş vermir: “Biz hökumət olaraq Moldovanın nə vaxtsa Aİ-yə üzv olmaq imkanını və etibarını gücləndirmək üçün əlimizdən gələni etməyə davam edirik. Başa düşürük ki, Moldovanın gələcəyi üçün edə biləcəyimiz ən vacib şey əslində islahatlar aparmaqdır”. Popeskunun sözlərinə görə, Moldovanın Aİ ambisiyasının onun neytrallığına heç bir təsiri olmayacaq.

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə “Şərq”ə bildirib ki, Rusiya-Ukrayna müharibəsi dünyadakı geopolitik böhranı üzə çıxartdı. Analitik deyib ki, müharibədən sonra Avropada yeni təhlükəsizlik nizamı meydana çıxacaq: 

“Avropa İttifaqı 10 ilə yaxındır ki, səhv strategiya həyata keçirir. Xüsusən, indiyə kimi Moldova və Ukraynanın Aİ-yə üzv qəbul olunmaması olduqca yanlış addım idi. 2008-ci ildə Gürcüstan-Rusiya müharibəsində də Avropa İttifaqı doğru yanaşma sərgiləmədi. 

Rusiyanın Ukrayna ərazisinə girməsi bütövlükdə Avropa məkanını ciddi təhlükə altında qoyur, təhdid yaradır. 

Məhz müharibə başlayandan sonra Ukrayna, Gürcüstan və Moldovanın Aİ-yə üzvlüklə bağlı müraciətinin qəbul olunması Rusiyaya qarşı təzyiq və çəkindirici mahiyyət daşıyır. Hər üç ölkə Rusiyanın işğalına, təcavüzünə məruz qalıb.

 Adıçəkilən dövlətlərin yaxın müddətdə Aİ-yə qəbul ediləcəyi gözlənilmir. Birliyin praqmatik davranmadığını da nəzərə alsaq, bu prosesin xeyli yubanacağı ehtimalı böyükdür. 

Türkiyə 50 ildən artıqdır ki, Avropa İttifaqının “qapısını döyür”, amma hələ də qəbul etməyi düşünmürlər”.