Azərbaycan quru sərhədlərini açmağa tələsmir

Baş nazir deyib ki, karantin qaydaları yumşaldılıb, amma pandemiya aradan qalxmayıb

Deputat Qüdrət Həsənquliyev Milli Məclisdə çıxışı zamanı Azərbaycan vətəndaşlarının quru sərhədini keçə bilməməsindən şikayətlənib. Bildirib ki, yalnız hərbi və fövqəladə hallar zamanı bu, tətbiq edilməyə bilər: “Azərbaycan vətəndaşları Konstitusiyaya əsasən, öz ölkəsinə hər zaman maneəsiz qayıda bilər. Buna baxmayaraq, Azərbaycan vətəndaşları bu gün quru sərhədi keçə bilmir”. 

Deputat Razi Nurullayev də baş nazir Əli Əsədovdan Rusiya ilə quru sərhədlərinin açılmasını xahiş edib: “Vətəndaşlarımızın Rusiya ilə quru sərhədini keçməsinə şərait yaradılmasını istərdik”. 
Baş nazir Əli Əsədov isə deyib ki, “Sanitar-epidemioloji sağlamlıq haqqında" qanuna əsasən, hökumətin giriş-çıxışa məhdudiyyət tətbiq etməyə birbaşa səlahiyyəti var. Baş nazir bildirib ki, quru sərhədlərimiz mövcud vəziyyətə görə bağlıdır: “Karantin qaydaları yumşaldılıb, amma pandemiya aradan qalxmayıb. Rusiya hökuməti martın 21-dən başlayaraq hava məkanını yenidən Azərbaycan üçün açır. Dağıstan sərhədində qalan soydaşlarımızın məsələsi də hökumətin diqqətindədir. Amma onlarla bağlı qəti qərar hələ verilməyib”.