Sekuta: "Biz Azərbaycan-Ermənistan əlaqələrində irəliləyiş görmək istərdik"

"ABŞ etnik münaqişələrin həll edilməsində böyük təcrübəyə malikdir. Məsələn, vaxtilə Yaponiya və Almaniya bizim ən kəskin düşmənlərimiz olub. İndi isə ən yaxın müttəfiqlərimiz arasındadırlar".
"Report" xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin "ABŞ xarici siyasəti xüsusilə Ermənistanla Azərbaycana arasında iqtisadi layihələr istiqamətində müəyyən işlər görməyi nəzərdə tuturmu?" sualını cavablandırarkən deyib.
"Biz konsensusun əldə olunmasının və iki tərəf arasında körpülərin qurulmasının tərəfdarıyıq. ABŞ bunu Cənubi Qafqazda edə bilər və etməlidir. Biz ərazidə olmalı və bunun üzərində iş aparmalıyıq. İqtisadiyyat qurulmalı, iqtisadiyyatlar inteqrasiya etməlidir. ABŞ Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşmasının böyük dəstəkçisidir. Biz Ermənistanla Azərbaycan əlaqələrində də bu istiqamətdə irəliləyiş görmək istərdik. Biz bilirik ki, bu asan deyil. Söhbət ilk otuz ildə və ondan sonrakı illərdə müharibələr, işğaldan gedir. Hər iki tərəf bunu yaxşı bilir.

Biz bu istiqamətdə irəliləyə bilərik. ABŞ planlaşdırma, sistemləşdirmə, İT sahəsində böyük təcrübə və imkanlara malikdir. Qarabağda “smart kənd” və “smart şəhər”lərin tikilməsində rol oynaya bilirik. Biz transsərhəd daşınma üçün sistemlərin inkişafına kömək edə bilərik. Belə ki, sən qaçaqmalçılığa icazə vermirsən, lakin legitim ticarətə də müdaxilə etmək istəmirsən. Bunu necə idarə edə biləcəyimiz sahəsində də işləyə bilərik. Şəffaf müqavilələr, proseduralar, tenderlər barədə işlər görülə bilər. Bunlardan sonra Allah bilir hansı imkanlar yaranır. Biz Azərbaycanın və Ermənistanın nə istədiyini önə sürə və bu əlaqələri birlikdə qura bilərik. Düşünürəm ki, bununla bağlı böyük imkanlar var", - sabiq səfir bildirib.