Müasir “imperial” maraqlarınuğurlu kombinasiyası... 


İmperiyalar nə qədər yaşayır?
 



Xəritədə  1-ci dünya müharibəsi ərəfəsində dünyadakı mövcud dövlətlər, xüsusilə imperiyalar və onların təsir dairələri (müvafiq rənglənib) əks olunub... Günümüzün gerçəklərində “demokratiya”ya o qədər aludə olmuşuq ki, xəritədən də göründüyü kimi 1900-cü illərin əvvəllərində dünya əhalisinin 5 nəfərindən 4-nün imperiya vətəndaşı olduğunu unutmuşuq. 
İmperiya Latın sözü olan “İmperium” sözündən əmələ gəlib, güc və idarəçilik/hakimiyyət anlamını daşıyır. Zamanla bu məna Roma imperiyasına hərbi zəfərlər sayəsində birləşdirilən əraziləri ifadə etmək üçün istifadə olunmağa başlamışdır. Lakin ilk gündən bəri bu söz müzakirə və debat mövzusu olmaqdadır. Bəziləri imperiyanı hökmranlıq və təzyiq vasitəsi kimi görür – və bu xüsusda qədim Roma hüquqşünas və siyasətçisi Siseronun imperiya əyalətinə təyin olunan qubernatora qarşı, öz vəzifələrindən sui-istifadə etdiyi və zalımlığı səbəbilə qaldırdığı cinayət işini göstərmək yerinə düşər; ikinci qrup isə imperiyanı sülh və inkişaf, hüquq və sivilizasiya normalarının təsisat vasitəsi olaraq dəyərləndirir. 

Dünya tarixi zəfərli savaşlar nəticəsində qazanılan çox geniş əraziləri əhatə edən, müxtəlif xalqları bir nəfərin (imperatorun) ilahi hakimiyyəti altında birləşdirən bir çox imperiyalara, 20-ci əsr isə imperiyalarının bir çoxunun öz mövcudluğunu başa çatdırmasına şahidlik etmişdir. İmperiyaların yaranma tarixi qədim Çin, Fars (Əhəmənilər vs.), Roma imperiyaları ilə başlamış, Osmanlı, Rusiya, Yaponiya, İspaniya, Böyük Britaniya vs. ilə davam etmişdir. Tarix dediyimiz zaman kəsiminin böyük hissəsi 50-70 arası imperiyanın qarşılıqlı fəaliyyətinin formalaşdırdığı reallıqdır. 
Dövlətlər sabit və əbədi görünürlər, lakin əslində tarixi perspektivdən yanaşdıqda onların qeyri-sabit, daima inkişafda olan, müəyyən anda tarix səhnəsindən silinərək yoxa çıxa bilən və ya tamamilə yeni bir formaya transformasiya edən amörf quruluşa malik olduğu anlaşılır. Bu gün mövcud olan ona yaxın dövlətin adını çəkmək olar ki, onlar irəli-geri indiki mövcud sərhədlərinə yaxın sərhədlərdə 1500-cü illərdə də mövcud olmuşlar. Geri qalan yüzlərlə dövlət isə, o cümlədən böyük imperiyalar ya məhv olmuş və tarixin tozlu səhifələrində itmiş, ya da forma dəyişdirmişlər. Bəs onların varlığını tükədən, sonlandıran nə idi? – Etnik millətçilik?! İqtisadi tənəzzül?! Siyasi səriştəsizlik?!

Millətlərə öz müqəddəratını təyin etmə haqqını özünün 1919-cu ildə elan olunan “14 maddəsi” ilə beynəlxalq gündəmə gətirən Vudro Vilson, beləliklə bugünün real mənzərəsinə ilk qapı açanlardan olmuşdur. Artıq imperiyaları milli-dövlətlər əvəz edir.Məhz I Dünya Müharibəsindən sonra tarix səhnəsindən silinən Avstriya-Macarıstan İmperiyasında etnik millətçiliyin imperiyanı dağıtma təhlükəsi artıq 20-ci əsrin əvvəllərində anlaşılır.Məhz bu səbəblə idi ki, 1914-cü ildə öldürülməsi ilə ilk dünya müharibəsinin başlanmasına səbəb/yaxud bəhanə olan vəliəhd şahzadə Frans Ferdinand bundan 8 il öncə, yəni 1906-cı ildə Avstriya-Macarıstan İmperiyasını Böyük Avstriya Birləşmiş Ştatlarına (United States of Greater Austria) çevirməyi, yəni dövləti transformasiya edərək, etnik xalqlara daha geniş azadlıqlar verməyi nəzərdə tutan, lakin reallaşa bilməyən təklifi anlayışla qarşılayaraq qəbul etmişdi. Beləliklə, imperiya transformasiya edərək yaşaya bilərdi. Amma tarixi reallıqlar tamamilə fərqli şəraitdə və istiqamətdə zühur etdi. Keçmiş Avstriya-Macarıstan İmperiyasının yerində bu günAvstriya, Macarıstan,Çexiya, Slovakiya, Sloveniya, Bosniya və Herseqovina, Xorvatiya kimi milli dövlətlər mövcuddur.Bu ərəfədə yaranan Polşa, Serbiya, Monteneqro, Şimali Makedoniya və Ukrayna kimi dövlətlərin də ərazilərinin bir hissəsi bu imperiyaya daxil idi. 

Müasir dünyada rəsmi olaraq imperiya adlanan dövlət olmasa da, məhz imperiya keçmişini fərqli formada yaşadan milli-dövlətlər vardır. Onlara, xüsusilə, Britaniya, Almaniya, Fransa, Rusiya, Türkiyə, Çini aid etmək olar. İmperiya tarixini araşdıran ingilis tarixçisi və generalı Con Baqot Qlubba (1978) görə, imperiyaların orta ömrü 250 ildir (10 nəsil qədər).ABŞ 4 il daha indiki qüdrətini qorusa (1776-da yaranmışdır) məhz imperiyalara aid orta ömür müddətini tamamlayaraq  250 illiyini qeyd edəcəkdir. Müasir imperiyaların başında imperator dayanmaya da bilər, məsələn ABŞ “imperiyasının”başçısı prezident, “başındakı tacı”isə ABŞ demokratiyasıdır. Belə ki, ABŞ öz imperiya iddialarını demokratiya adlı cəzibədar alət ilə həyata keçirməkdədir. Lakin müasir cəmiyyətlərdə bu alət artıq istənilən bəhrəni vermədiyini üçün, ABŞ proksi-güclər vasitəsilə yeni üsullara əl atır. Artıq ABŞ-ın demokratiya modelinin hər kəs üçün cazibədar olmadığı və girdiyi bir çox savaşlardan məğlub ayrıldığı faktı Amerikan cəmiyyəti tərəfindən qəbul edilir– Əfqanıstan, Somali, Yəmən, Liviya...

“İlk olaraq qoşun yeridilir. Sonra, zəif performans göstərildiyi üçün daha bir cəhd edilir. Qələbə üzərində israrlı şəkildə cəhd göstərilir, – artıq hər kəs məyusdur. Daha sonra hamının sənin başladığın işə dəstək olması üçün məcburetmə üsulları tətbiq edilir,– lakin bu da uğurlu nəticə vermir. Ən sonunda bugün ABŞ-ın Əfqanıstanda nail olduğu “nəticə”əldə olunur.” ABŞ-ın Müdafiə Naziri Jim Mattisinhələ 2017-ci ildə dediyi kimi, “Biz Əfqanıstanda qalib gəlmirik. Odur ki, tezliklə biz öz siyasətimizi korrektə edəcəyik”.Və digər bir Amerikan generalının CNN-ə söylədiyi kimi, “Biz orada məğlub olsaq belə geri çəkiləbilmərik, çünki bu kənardan pis görünər...” Lakin 2021-ci ildə ABŞ qoşunlarını Əfqanıstandan tamamilə çıxarmalı oldu.
Bu gün Rusiya Federasiyasının – “imperiya” və ya imperiya olmaq həvəsindəki fövqəldövlətçiliyə namizəd region ölkəsinin – Ukraynadakı “blitskriqinin” uğurlu olmamasına rəğmən geri çəkilmək istəməməsinin əsas səbəblərindən biri bənzər şəkildə belə ifadə oluna bilər: “Rusiya kənardan pis görünər...” Amma ABŞ Əfqanıstandan çıxdığı kimi Rusiya da işğal etdiyi yerlərdə özünə qarşı güclü müqavimətlə rastlaşarsa (rastlaşmaqdadır), gec və ya tez, oradan çıxacaq. Rusiya öz imperiya keçmişini, keçmişdə özünə aid olan əraziləri “yaxın ətrafı” adlandırıb “arxa bağçası” kimi görməsi fonunda ABŞ-ın taktikalarını uğursuz şəkildə tətbiq etdi və ya yamsıladı. Nəticə olaraq hər kəsin məğlub olduğu (lose-lose situation) və Ukrayna xalqının insan dramı ilə üz-üzə qaldığı bir müharibə yaşanmaqdadır. Bəlkə də Rusiya Qərbin kollektiv davranışının daha zəif olacağını düşünmüşdü. Belə ki, Qərb (o cümlədən ABŞ) Ukraynadakı müharibədə birbaşa iştirak etməsə də müxtəlif növ müasir odlu silahlarla ukraynalıları təmin edir. Həmçinin ABŞ-ın İraqa “demokratiya dərsi keçməsi” qədər Rusiyanın da Ukraynaya “anti-nasizm dərsi keçməsi” eyni dərəcəli fiasko ilə nəticələnməkdədir.

Təbii ki, vitrində duran demokratiya, yaxud anti-nasizm kimi ideoloji faktorların arxasındakı əsas ideyalar fərqlidir. Belə ki, həm ABŞ, həm Rusiya öz imperial maraqlarını təmin etməyə çalışaraq bu maraqların ən kiçik formada belə olsa zərər görəcəyi halların yaranma təhlükəsinə/ehtimalına qarşı hücum siyasəti həyata keçirirlər. Yəni sadəcə real faktlara deyil, həmçinin real faktların yaranma ehtimallarına qarşı mübarizə aparılır. Bu gün ABŞ rəhbərliyində terrorizmlə mübarizə çərçivəsində trans-kontinental cinayətkarlığa qarşı kollektiv əməliyyat adını verdiyimiz hərbi tədbirlər ABŞ tərəfindən ilk dəfə hələ 1800-cü illərin lap əvvəllərindən həyata keçirilməyə başlamışdı. Bu baxımdan amerikan ticarət gəmilərinə Aralıq dənizində təhdid törədən piratlara/dənizi quldurlarına qarşı hələ 1801-1805-ci illərdə,Karib dənizi quldurlarına qarşı 1814-1825-ci illərdə həyata keçirilən hərbi əməliyyatları misal göstərmək olar. Bu gün ölkə maraqlarına təhdid törədən elementlərlə mübarizə üçün ABŞ dünyanın 80-dən çox dövlətinə aidstrateji nöqtələrdə 800-dək hərbi baza qurmuşdur. Bunlardan 181-i Almaniyada, 122-si Yaponiyada, 83-ü Cənubi Koreyada, 50-si İtaliyadadır. Amerikan professor David Vine isə (2015) iddia etmişdir ki, bu rəqəm 750-dir (120 Yaponiyada, 119 Almaniyada, 73 baza isə Cənubi Koreyada olmaqla).Sadəcə Yaxın Şərq regionunda 1980-ci ildən günümüzədək ABŞ hərbi bazalarından ən azı 23 dəfə istifadə olunaraq 14 hərbi müdaxilə aktı yerinə yetirilmişdir. Ümumiyyətlə ABŞ xarici siyasətinin və tarixinin araşdırması göstərir ki, mövcudluğu müddətində amerikanlar tərəfindən xarici ölkələrə 400 açıq (overt military intervention) və 6000-dən çox gizlihərbi müdaxilə (covert military intervention), həmçinin bir çox ölkələrdə seçkilərəmüdaxiləhəyata keçirilmişdir (Bu müdaxilələrin siyahısı ən sonda Əlavə qismində qeyd edilmişdir). Bu müdaxilələrdə ABŞ-ınmüvafiq hərbi bazaları böyük əhəmiyyət daşıyır. Ölkə xaricindəki bir amerikan hərbi bazasının saxlanmasının illik xərci yerləşdiyi regiondan və digər şərtlərdən asılı olaraq 50-200 milyon dollar aralığındadır. 
Aşağıdakı xəritədə  ABŞ-ın dünya üzrə hərbi bazalarının yerləşmə məntəqələri qeyd edilmişdir.

Müqayisə üçün qeyd etmək olar ki, Rusiyanın ölkə xaricindəki hərbi bazalarının cəmi sayı 30-40 civarındadır.Aşağıdakı xəritədə  tünd yaşıl rənglə qeyd olunanlar Rusiyanın hazırda mövcud olan, açıq yaşıl rənglə qeyd olunanlar isə açılması nəzərdə tutulan (istənilən) hərbi bazalarıdır. 

Şəkildən göründüyü kimi Rusiyanın hazırda Gürcüstanda (Abxaziyada 1 və Cənubi Osetiyada 4), Ermənistanda (4), Belarusda (3), Qazaxıstanda (4), Qırğızıstanda (5), Moldovada (Dnestryanı bölgədə) (1), Suriyada (4), Tacikistanda (5), Vyetnamda (1), Ukraynada (Krımda 1 hərbi baza və Ukraynanın özündə 1 radiolokasiya stansiyası) və Serbiyda (1) hərbi bazaları vardır. Həmçinin, Afrikanın bir sıra ölkəsində (Misir, Sudan, Eritreya, Somali, Mərkəzi Afrika Respublikası və Mozambikdə) bir sıra rus hərbi bazalarının açılması nəzərdə tutulmuşdur. 
Təbii olaraq ABŞ-ın hərbi bazalarını gedərək artırması, bunların xüsusilə Rusiya və Çin ətrafında yerləşdirilməsi, Rusiyanın isə hərbi bazalarını artırmasına şübhə ilə yanaşılması digər dövlətlər, xüsusilə Rusiya və Çin kimi ABŞ-ın birbaşa (hərbi və iqtisadi müstəvidə) rəqibləri/düşmənləritərəfindən “çevrələnmə” və təhdid olaraq alqılanır və sərt əks-münasibətlə qarşılanır.Bunu Ukraynanın NATO ilə danışıqlarına, ərazisində gələcəkdə ABŞ hərbi bazasının yerləşdirilməsi ehtimalına, eyni zamanda bugünkü müharibədən bəlli olduğu kimi Ukrayna ərazisində ABŞ xüsusi xidmət orqanları tərəfindən bioloji və nüvə silahlarının hazırlanma cəhdi olduğuna dair “faktların” gün işığına çıxmasına Rusiyanın (o cümlədən Çinin) münasibəti  fonunda da tamamilə açıq şəkildə görmək olar.


Rusiyanın imperial maraqlarının əsasları 
Rusiyanın öz “yaxın ətrafına” qarşı davranışları ABŞ-ın Şərq istiqamətində genişlənməsilə yaratdığı hərbi təhdidinə münasibət fonunda formalaşmaqla yanaşı, həm də rusların bu “yaxın ətrafı” tarixi olaraq öz imperiyalarının bir parçası olaraq görməsi ilə də əlaqədardır. Bu xüsusda rusların imperial maraqlarının söykəndiyi əsas tezislər aşağıdakılardır və məhz adı qeyd olunan Avropa və Asiya dövlətlərinin Rusiya sayəsində öz müstəqilliyinə qovuşduqları, yaxud dövlət olaraq formalaşdıqları üçün müasir Rusiyaya loyal münasibət göstərmələri, vəya rus maraqlarını qorumaları təmənni olunur (*red. – bu iddialar tarixin müvafiq şərhinə söykənən rus tezisləridir və yazarın mövqeyini əks etdirmir):
- Finlandiya 1802 və 1918-ci illərdə Rusiya İmperiyasının dəstəyi ilə müstəqil olmuşdur (1802-ci ilədək onların öz milli dövlətləri olmamışdır).
- Latviya və EstoniyaRusiya İmperiyasından ayrılaraq 1918-ci ildə müstəqil olmuşdur (1918-ci ilədək onların müstəqil milli dövlətləri olmamışdır).
- Litva 1918-ci ildə Rusiya İmperiyasının dağılması sayəsində, yəni Rusiya sayəsində təkrar öz müstəqilliyini bərpa etmişdir.
- Polşa öz dövlət müstəqilliyini iki dəfə (1918 və 1944) Rusiya sayəsində bərpa etmişdir. Polşanın SSRİ və Almaniya arasında bölüşdürülməsi isə olduqca kiçik bir zaman müddətini əhatə etmişdir.
- Rumıniya 1877-1878-ci illərdəki Rusiya-Osmanlı müharibəsinin nəticəsində, Rusiyanın dəstəyi ilə suveren dövlət olaraq ortaya çıxmışdır.
- Moldova SSRİ sayəsində Rumıniyadan ayrılaraq (1940) müstəqil dövlət olaraq formalaşmışdır. 
- Bolqarıstan Osmanlı İmperiyasından 1877-1878-ci illərin Rusiya-Osmanlı müharibəsi nəticəsində ayrılmış və müstəqillik qazanmışdır. Buna baxmayaraq hər iki dünya müharibəsində bolqarlar anti-Rusiya koalisiyasında iştirak etmişdir. Yenə də buna baxmayaraq, onun ərazisinə heç bir Rusiya əsgəri daxil olmamışdır.
- Yenəbu müharibə (1877-1878-ci illərin Rusiya-Osmanlı müharibəsi) nəticəsində Serbiya suveren bir dövlət olaraq yaranmışdır.
- Belarus, Ukrayna, Azərbaycan, Ermənistan və Gürcüstan öncə Rusiya İmperiyasının dağılması nəticəsində öz milli dövlətlərini formalaşdıra bilmiş, 1991-ci ildə isə SSRİ-nin dağılması nəticəsində müstəqilliyini əldə etmişlər.
- Türkmənistan, Qazaxıstan və Qırğızıstan heç vaxt suveren milli dövlətə malik olmamış, yalnız SSRİ tərkibində dövlət olaraq yaradılmışdır.
- Monqolustan heç vaxt suveren dövlətə malik olmamış, yalnız SSRİ-nin dəstəyi ilə (1921) müstəqil dövlət olaraq yaradılmışdır.
- Çin, Vyetnam, Şimali Koreya, Hindistan, Yunanıstan, Əlcəzair, Kuba, İsrail, Anqola, Mozambik vs. dövlətlərin formalaşmasında Rusiya və SSRİ-nin müvafiq rolu olmuşdur.
- Hətta İsveçrənin Fransadan ayrılaraq müstəqillik qazanmasında belə Rusiyafaktoru vardır. 223 il əvvəl (1799) general Suvorovun olduqca çətin keçilən Alp dağlarına hücum edib Napaleon Fransasını məğlub edərəkgeneralissimo rütbəsini alması və 1815-ci ilin Vyana Konqresində (19-cu əsrin dünya nizamını yaradan tarixi keçid mərhələsi) İsveçrənin müstəqilliyinin və neytral statusunun təmin edilməsində Rusiyanın rolu vurğulana bilər. Məhz İsveçrəyə hücum zamanı Suvorovun məşhur ifadəsi doğulmuşdu: “Maralların keçə bildiyi cığırları rus əsgərləri keçə bilər; maralların keçə bilmədiyi yerləri isə, rus əsgərləri istənilən formada, amma keçəcək.”
- Rusiya Kraliçası II Yekaterinanın hərbi neytrallığını elan edərək ABŞ-ın Britaniyadan müstəqilliyini elan etməsi və dövlət olaraq formalaşmasına real dəstək göstərməsi, Avstriya və Çexoslovakiyanın III Reyx (Hitler Almaniyası) hakimiyyətindən azad edilməsi (1945), İsrail, Britaniya və Fransa ilə mübarizə aparan Misirə Sovet yardımları (1956-1957), yenə İsrail və Misir arasında müharibənidurduran Sovet müdaxiləsi (1967), Anqolanın müstəqilliyinə birbaşa dəstək (1975), Qorbaçovun 1990-cı ildə hər iki Almaniyanın birləşməsinə müti razılığı və əlavə münaqişə ocağı yaratmaması.
Beləliklə,Rusiyanın bütün Avrasiyada ana dövlət olması və öz diqtəsini təlqin etməyə “mənəvi haqqının çatması” düşüncəsinin ideoloji əsasları və rus qoşunlarının məğlubedilməzliyi mifi bu tezislər və tarixin müvafiq şərhi sayəsindəformalaşır və təzahür edir.
Azərbaycanın mövqeyi və “imperial” maraqların kombinasiyasından uğurlu istifadə bacarığı
Rusların öz tezislərini formalaşdırarkən nəzərə almadığı insan faktorları vardır. Axı tarixin çarxlarını fərqli yöndə döndürən əsl qüvvə insan və onun niyyətidir. Azərbaycan Rusiya İmperiyasının və SSRİ-nin süqutu sayəsində tarixdə iki dəfə müstəqillik qazanaraq dövlət təsis etmiş ola bilər. Amma axı Azərbaycan insanı Rusiya İmperiyasının bu regionda necə təsis olunduğunu, xanlıqların necə işğal və ilhaq edildiyini, AXC-nin necə süqut etdirildiyini,o cümlədən SSRİ-nin dağılması ərəfəsində Azərbaycan xalqının başına gətirilənləri - 20 yanvarı, Xocalıdakı 366-cı rus alayını, həmçinin günümüzdə Qarabağdakı rus sülhməramlılarının netral mövqe sərgiləmək əvəzinə ermənilərə göstərdiyi dəstəyi unutmaz. Eləcə də Rusiyanın nə polyaklara, nə də litvalılara dövlətçilik ənənəsi bəxş etmədiyinin ən bariz nümunəsi Reç-Pospolita İttifaq Dövlətidir ki, 1795-ci ildə Rusiya tərəfindən işğal olunaraq parçalanmışdır. Hətta bundan öncə də polyakların da, litvalıların da öz dövlətçilik ənənələri uzun tarixdə mövcud olmuşdur. Türkmənlər də 19-21-ci əsrlərdə rus boyunduruğu altında yaşamalarına baxmayaraq onların da öz Buxara və Xivə xanlıqları olmuşdur axı.Bu və ya başqa adlarda dövlətçilik ənənəsini qazanmalarında isə uzun minilliklər boyu türk əsilli sülalələr tərəfindən yaşadıqları bölgələrin idarə olunması rol oynamışdır. Axı türk əsilli Səlcuqlar dövləti yaranarkən (1037) heç rus dövlətçiliyinin toxumları belə səpilməmişdi slavyan torpaqlarına. Paytaxtı Moskva olan ilk Rus Dövləti (Moskva və Novqorod knyazlıqlarının birləşməsi ilə) 1478-ci ildə yaranmışdır. Monqollara rusların dövlət təsis etməsi iddiası isə ən absurdudur. Axı məhz monqollar idi Rusiyanı işğal edib Moskvanı yandıran.
Odur ki, rusların nə türklərdən, nə polyaklardan, nə də digər xalqlardan “mənəvi üstünlük” haqqı yoxdur. Buna heç müasir beynəlxalq hüquq sistemi də imkan vermir. Hər bir dövlət (ABŞ və ya Mozambik olmasından asılı olmayaraq) beynəlxalq hüquq qarşısında bərabərdir. Bununla belə dərin dövlət ağlı tərəfindən real-politika nəzərə alınaraq siyasi kurs elə inkişaf etdirilməlidir ki, Ukraynanın, Yəmənin, Somalinin, Suriyanın, Sudanın, Efiopiyanın, Əfqanıstanın və digər bir çox dövlətlərin yaşadığı “uğursuz dövlət” (failed state) qədəri (qisməti) yaşanmasın. 
Real-politika 1991-ci ildə SSRİ-nin dağılması ilə qurulan ən yeni dünyada “böyük 5-lik” və ona bir sıra əlavə dövlətlərin öz keçmiş imperial maraqlarının tətbiqi bu və ya digər regional təşkilatlar fonundakı bloklaşmalarda həyata keçirilir. Məsələn, ruslar öz keçmiş arealında MBD (Commonwealth of Independent States), Avrasiya İqtisadi Birliyi, KTMT-ni, Çin öz arealında Şanxay Əməkdaşlıq Təşkilatını (Shankhai Cooperation Organization), Fransa və Almaniya Avropa İttifaqını (European Union) təsis etmiş, ABŞ isə fövqəlgüc olaraq NATO, hərbi bazaları və iqtisadi strukturları (o cümlədən trans-milli korporasiyaları) ilə dünyanın hər bir nöqtəsində zühur etmişdir. 

Aşağıdakı xəritələrdə regional bloklaşmalar əks olunmuşdur. 


 

 

Lakin 90-lardan 2020-lərə keçən 30 illik müddətdə bu bloklarda tektonik çatlar əmələ gəlmiş, ayrılmalar və qopmalar beynəlxalq nizamın süxurlarını yerindən oynatmış, yeni bazalar, yeni iqtisadi təsir arelları uğrunda mübarizədə yeni dünya nizamına aparan hadisələrin mərmiləri atılmışdır. Bu mərmilər bu gün Ukrayna səmasını zəbt edib. Ukraynanın çoxsaylı “səmamızı bağlayın” çağırışlarına kollektiv Qərb etinasız yanaşaraq, öz məsuliyyətini dərk edir. Belə ki, Amerika “imperiyası” Ukraynaya əl uzatmamalı, yaxud Ukrayna xalqı NATO rəsmilərinin əlini sıxarkən öz tarixi-siyasi keçmişlərinə və Rusiya “imperiyası”nın maraqlarına nəzər salmalı idi, əks təqdirdə III dünya müharibəsi qaçınılmazdır. Əslində isə bu gün Rusiyanın Ukraynaya qarşı atdığı konvensional addımların cavabı olaraq sürətlə artırılan iqtisadi sanksiyalar da dünyanın Rusiya ilə iqtisadi müharibəsi deməkdir. 
Yeni nizamda Azərbaycan öz mövqeyini uğurlu şəkildə təsis etməkdədir. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasının Ali baş komandanı cənab Prezident İlham Əliyev tərəfindən gündəmə gətirilən “3+3” formatına uyğun olaraq Azərbaycan 15 iyun 2021-ci il tarixində Türkiyə ilə “Müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsini, 22 fevral 2022-ci il tarixində Rusiya ilə “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Moskva Bəyannaməsini və 11 mart 2022-ci il tarixində İran ilə “Yeni nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması haqqında” müqaviləni (bunu da Bakı Bəyannaməsi adlandıra bilərik) imzalamışdır. Bu formatla Azərbaycan özünün birbaşa sərhədlərində yerləşən regional güclərlə maraqlarını uzlaşdırmış, “imperial hədələrdən”yan qaçaraq yaxın və uzaq perspektivdə maraqlarının həyata keçirilməsi üçün qapı açmışdır. Bu qapının adı isə “Zəngəzur dəhlizi”dir. Bu qapıdan Şərqdən Qərbə və əks istiqamətdə uzanan enerji, logistika və nəqliyyat kəmərləri  keçəcəkdir. Ermənistanın dərin ağlı bu dəhlizi öz ərazisindən keçirməyə hələ ki, yetmir. Odur ki, bu dəhliz Çindən gəlib Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən İranadək, oradan isə Türkiyəyə və Avropaya uzanmaqdadır. Ermənilər Ukraynada rus əsgərlərinin başına od yağdıran “Bayraktar”ların sahibi olan Türkiyənin xarici işlər nazirinin öz rusiyalı həmkarı Seygey Lavrov tərəfindən qucaqlanaraq qarşılanmasını, Türkiyənin Ukrayna məsələsində sərgilədiyi mövqeyə görə Rusiya tərəfindən ona təşəkkür bildirilməsinitəlatümlə və böyük maraqla izləyir və bunun “məntiqini” anlamağa çalışırlar. Lakin bu anlama və qavrama prosesi tez baş versə Ermənistanın hələ ki, regional geopolitik oyunda iştirak etmək şansı vardır.


 

 


Əlavələr: 

Aşağıda 19-cu əsrin sonu – günümüzədək ABŞ-ın müvafiq ölkələrdəki hərbi müdaxilələri və onun nəticələri qeyd edilmişdir :
AHM = açıq hərbi müdaxilə (overt force)
GHM = gizli hərbi müdaxilə (covert force)
SM = seçkilərə müdaxilə (subverted elections) 

1893 - Havay (Liliuokalani; monarxist): uğurlu (AHM)
1912 - Çin (Piyu; monarxist): uğurlu (AHM)
1918 - Panama (Ariyalar; sağ mərkəzçi): uğurlu (SM)
1919 - Macarıstan (Kun; kommunist): uğurlu (GHM)
1920 - SSRİ (Lenin; kommunist): uğursuz (AHM)
1924 - Honduras (Kariyalar; millətçi): uğurlu (SM)
1945 - Yaponiya (Higashikuni; sağçı): uğurlu (AHM)
1946 - Tayland (Pridi; mühafizəkar): uğurlu (GHM)
1946 - Argentina (Peron; hərbi / mərkəzçi): uğursuz (SM)
1947 - Fransa (kommunist): uğurlu (SM)
1947 - Filippin (mərkəz-solçu): uğurlu (SM)
1947 - Rumıniya (Gheorghiu-Dej; stalinist): uğursuz (GHM)
1948 - İtaliya (kommunist): uğurlu (SM)
1948 - Kolumbiya (Qaitan; populist / solçu): uğurlu (SM)
1948 - Peru (Bustamante; sol / mərkəzçi): uğurlu (GHM)
1949 - Suriya (Kuvatli; neytralist / Pan-Ərəbist): uğurlu (GHM)
1949 - Çin (Mao; kommunist): uğursuz (GHM)
1950 - Albaniya (Hoca; kommunist): uğursuz (GHM)
1951 - Boliviya (Paz; mərkəzçi / neytral): uğurlu (GHM)
1951 - KXDR (Kim; stalinist): uğursuz (AHM)
1951 - Polşa (Cyrankiewicz; stalinist): uğursuz (GHM)
1951 - Tayland (Phibun; mühafizəkar): uğurlu (GHM)
1952 - Misir (Faruk; monarxist): uğurlu (GHM)
1952 - Kuba (Prio; islahat / populist): uğurlu (GHM)
1952 - Livan (sol / populist): uğurlu (SM)
1953 - Britaniya Qayanası (sol / populist): uğurlu (GHM)
1953 - İran (Mossadegh; liberal millətçi): uğurlu (GHM)
1953 - Kosta Rika (Figueres; liberal islahatçı): uğursuz (GHM)
1953 - Filippin (mərkəz-solçu): uğurlu (SM)
1954 - Qvatemala (Arbenz; liberal millətçi): uğurlu (AHM)
1955 - Kosta Rika (Figueres; liberal islahatçı): uğursuz (GHM)
1955 - Hindistan (Nehru; neytralist / sosialist): uğursuz (GHM)
1955 - Argentina (Peron; hərbi / mərkəzçi): uğurlu (GHM)
1955 - Çin (Çjou; kommunist): uğursuz (GHM)
1955 - Vyetnam (Ho; kommunist): uğurlu (SM)
1956 - Macarıstan (Hegedus; kommunist): uğurlu (GHM)
1957 - Misir (Nasser; hərbi / millətçi): uğursuz (GHM)
1957 - Haiti (Sylvain; sol / populist): uğurlu (GHM)
1957 - Suriya (Küvatli; neytralist / Pan-Ərəbist): uğursuz (GHM)
1958 - Yaponiya (solçu): uğurlu (SM)
1958 - Çili (solçu): uğurlu (SM)
1958 - İraq (Feysal; monarxist): uğurlu (GHM)
1958 - Laos (Phouma; millətçi): uğurlu (GHM)
1958 - Sudan (Suverenlik Şurası; millətçi): uğurlu (GHM)
1958 - Livan (solçu): uğurlu (SM)
1958 - Suriya (Küvatli; neytralist / Pan-Ərəbist): uğursuz (GHM)
1958 - İndoneziya (Sukarno; militarist / neytralist): uğursuz (SM)
1959 - Laos (Phouma; millətçi): uğurlu (GHM)
1959 - Nepal (sol-mərkəzçi): uğurlu (SM)
1959 - Kamboca (Sihanouk; mülayim / neytralist): uğursuz (GHM)
1959 - Kuba (Kastro; sosialist / populist): uğursuz (GHM -AHM)
1960 - Ekvador (Ponce; sol / populist): uğurlu (GHM)
1960 - Laos (Phouma; millətçi): uğurlu (GHM)
1960 - İraq (Qasim; sağçı / militarist): uğursuz (GHM)
1960 - Cənubi Koreya (Syngman; sağçı): uğurlu (GHM)
1960 - Türkiyə (Menderes; liberal): uğurlu (GHM)
1961 - Haiti (Duvalier; sağçı / militarist): uğurlu (GHM)
1961 - Kuba (Kastro; kommunist): uğursuz (GHM)
1961 - Konqo (Lumumba; solçu / pan-Afrikaçı): uğurlu (GHM)
1961 - Dominikan Respublikası (Trujillo; sağçı / hərbi): uğurlu (GHM)
1962 - Braziliya (Qulart; liberal / neytral): uğursuz (SM)
1962 - Dominikan Respublikası (sol / populist): uğurlu (SM)
1962 - İndoneziya (Sukarno; militarist / neytral): uğursuz (GHM)
1963 - Dominikan Respublikası (Bosch; sosial demokrat): uğurlu (GHM)
1963 - Honduras (Montes; sol / populist): uğurlu (GHM)
1963 - İraq (Qasım; militarist / sağçı): uğurlu (GHM)
1963 - S. Vyetnam (Diem; sağçı): uğurlu (GHM)
1963 - Kamboca (Sihanouk; mülayim / neytral): uğursuz (GHM)
1963 - Qvatemala (Ygidoras; sağçı / islahat): uğurlu (GHM)
1963 - Ekvador (Velasko; islahat militaristi): uğurlu (GHM)
1964 - Qayana (Cagan; populist / islahatçı): uğurlu (GHM)
1964 - Boliviya (Paz; mərkəzçi / neytral): uğurlu (GHM)
1964 - Braziliya (Qulart; liberal / neytral): uğurlu (GHM)
1964 - Çili (Allende; sosial demokrat / marksist): uğurlu (SM)
1965 - İndoneziya (Sukarno; militarist / neytral): uğurlu (GHM)
1966 - Qana (Nkrumah; solçu / pan-Afrikaçı): uğurlu (GHM)
1966 - Boliviya (solçu): uğurlu (SM)
1966 - Fransa (de Qoll; mərkəzçi): uğursuz (GHM)
1967 - Yunanıstan (Papandreu; sosial demokrat): uğurlu (GHM)
1968 - İraq (Arif; sağçı): uğurlu (GHM)
1969 - Panama (Torrijos; hərbi / islahat populisti): uğursuz (GHM)
1969 - Liviya (İdris; monarxist): uğurlu (GHM)
1970 - Boliviya (Ovando; islahat millətçisi): uğurlu (GHM)
1970 - Kamboca (Sihanouk; mülayim / neytral): uğurlu (GHM)
1970 - Çili (Alyende; sosial demokrat / marksist): uğursuz (SM)
1971 - Boliviya (Torres; millətçi / neytral): uğurlu (GHM)
1971 - Kosta Rika (Figueres; liberal islahat): uğursuz (GHM)
1971 - Liberiya (Tubman; sağçı): uğurlu (GHM)
1971 - Türkiyə (Dəmirəl; mərkəz sağ): uğurlu (GHM)
1971 - Uruqvay (Frente Amplio; solçu): uğurlu (SM)
1972 - El Salvador (solçu): uğurlu (SM)
1972 - Avstraliya (Whitlam; liberal / əmək): uğursuz (SM)
1973 – Çili (Allende; sosial demokrat/marksist): uğurlu (GHM)
1975 – Avstraliya (Whitlam; liberal/əmək): uğurlu (GHM)
1975 - Konqo (Mobutu; hərbçi/sağçı): uğursuz (GHM)
1975 - Banqladeş (Mujib; millətçi): uğurlu (GHM)
1976 - Yamayka (Manley; sosial demokrat): uğursuz (SM)
1976 - Portuqaliya (hərbi/solçu): uğurlu (SM)
1976 – Nigeriya (Məhəmməd; hərbçi/millətçi): uğurlu (GHM)
1976 - Tayland (sağçı): uğurlu (GHM)
1976 - Uruqvay (Bordaberry; mərkəz sağda): uğurlu (GHM)
1977 - Pakistan (Bhutto: mərkəz/millətçi): uğurlu (GHM)
1978 - Dominikan Respublikası (Balaguer; mərkəz): uğurlu (SM)
1979 – Cənubi Koreya (Park; sağçı): uğurlu (GHM) 
1979 - Nikaraqua (Sandinistalar; solçu): uğursuz (GHM)
1980 – Boliviya (Siles; mərkəzçi/islahat): uğurlu (GHM)
1980 – İran (Xomeyni; İslam millətçisi): uğursuz (GHM)
1980 - İtaliya (solçu): uğurlu (SM)
1980 - Liberiya (Tolbert; sağçı): uğurlu (GHM)
1980 - Yamayka (Manley; sosial demokrat): uğurlu (SM)
1980 - Dominika (Serapin; solçu): uğurlu (SM)
1980 – Türkiyə (Dəmirəl; sağ mərkəz): uğurlu(GHM)
1981 – Seyşel adaları (René; sosialist): uğursuz (GHM)
1981 – İspaniya (Suarez; sağçı/neytralist): uğursuz (GHM)
1981 – Panama (Torrijos; hərbi/islahat populisti); uğurlu(GHM)
1981 - Zambiya (Kaunda; islahat millətçisi): uğursuz (GHM)
1982 - Mavrikiy (mərkəz-sol): uğursuz (SM)
1982 – İspaniya (Suarez; sağçı/neytralist): uğurlu(SE)
1982 – İran (Xomeyni; İslam millətçisi): uğursuz (GHM)
1982 – Çad (Oueddei; İslam millətçisi): uğurlu(GHM)
1983 – Mozambik (Machel; sosialist): uğursuz (GHM)
1983 – Qrenada (yepiskop; sosialist): uğurlu (AHM)
1984 - Panama (islahat/mərkəzçi): uğurlu (SM)
1984 - Nikaraqua (Sandinistalar; solçu): uğursuz (SM)
1984 – Surinam (Bouterse; sol/islahatçı/neytralist): uğurlu (GHM)
1984 – Hindistan (Qandi; millətçi): uğurlu (GHM)
1986 - Liviya (Qəddafi; İslam millətçisi): uğursuz (AHM)
1987 - Fici (Bavrada; liberal): uğurlu (GHM)
1989 – Panama (Norieqa; hərbi/islahat populisti): uğurlu (AHM)
1990 - Haiti (Aristide; liberal islahat): uğursuz (SM)
1990 – Nikaraqua (Orteqa; xristian sosialist): uğurlu (SM)
1991 – Albaniya (Aliya; kommunist): uğurlu (SM)
1991 – Haiti (Aristide; liberal islahat): uğurlu (GHM)
1991 - İraq (Hüseyn; hərbçi/sağçı): uğursuz (AHM)
1991 - Bolqarıstan (kommunist): uğurlu (SM)
1992 – Əfqanıstan (Nəcibullah; kommunist): uğurlu (GHM)
1993 - Somali (Aidid: sağ/militarist): uğursuz (AHM)
1993 – Kamboca (Han Sen/CPP; solçu): uğursuz (SM)
1993 – Burundi (Ndadaye; mühafizəkar): uğurlu (GHM)
1993 – Azərbaycan (Elçibəy; islahatçı): uğurlu (GHM)
1994 - El Salvador (solçu): uğurlu (SM)
1994 – Ruanda (Habyarimana; mühafizəkar): uğurlu (GHM)
1994 - Ukrayna (Kravçuk; mərkəz-sol): uğurlu (SM)
1995 - İraq (Hüseyn; hərbçi/sağçı): uğursuz (GHM)
1996 – Bosniya (Karadziç; mərkəzçi): uğurlu (GHM)
1996 – Rusiya (Zyuqanov; kommunist): uğurlu (SM)
1996 - Konqo (Mobutu; hərbçi/sağçı): uğurlu (GHM)
1996 - Monqolustan (mərkəz-sol): uğurlu (SM)
1998 - Konqo (Kabila; sağçı/hərbi): uğurlu (GHM)
1998 - İndoneziya (Suharto; hərbçi/sağçı): uğurlu (GHM)
1999 – Yuqoslaviya (Miloşeviç; sol/millətçi): uğurlu (SM)
2000 – ABŞ (Qor; mühafizəkar): uğurlu (SM)
2000 – Ekvador (solda): uğurlu (GHM)
2001-2021 – Əfqanıstan (Ömər; sağçı/İslamçı): 1-uğurlu, 2-uğursuz (AHM)
2001 – Belarus (Lukaşenko; solçu): uğursuz (SM)
2001 – Nikaraqua (Orteqa; xristian sosialist): uğurlu (SM)
2001 – Nepal (Birendra; millətçi/monarxist): uğurlu (GHM)
2002 – Venesuela (Çaves; islahat-populist): uğursuz (GHM)
2002 – Boliviya (Morales; solçu/MAS): uğurlu (SM) 
2002 – Braziliya (Lula; mərkəz-sol): uğursuz (SM)
2002 – davam edir – ABŞ rəhbərliyi altında qlobal güclərin terrorizmə qarşı Afrika Burnu və Ədən körfəzi ərazisindəki mübarizəsi (AHM)
2002-2015 – Filippin (cihadçılar/terroristlər): uğurlu (AHM)
2003-2011 – İraq (Səddam Hüseyn): uğursuz (AHM)
2004 – Haiti (Jean-Bertrand Aristide): uğurlu (AHM-GHM-SM)
2007-davam edir – ABŞ rəhbərliyi altında qlobal güclərin terrorizmə qarşı Sahara səhrası/Sahel ərazisindəki mübarizəsi (AHM) o cümlədən Somalidə terroristlərə qarşı mübarizə
2008-davam edir – ABŞ rəhbərliyi altında qlobal güclərin terrorizmə qarşı Karib körfəzi və Mərkəzi Amerika ərazisindəki mübarizəsi (AHM)

Hazırladı: Şəhla Cəlilzadə,
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı