Qərb Ukraynanı dəstəkləyir! - Liderlərdən çağırış...

"NATO-nun fövqəladə toplantısından Rusiyanın Ukraynada hücumuna birbaşa təsir edəcək qərar çıxmadı".

Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Analitik bildirib ki, liderlər sadəcə Moskvaya hücumu dayandırmaq, danışıqlar masasına gəlmək çağırışı etdi: 

"Qərb həmişəki kimi Ukraynanın ərazi bütövlüyünü, Zelenskini və xalqını dəstəklədi. Kiyevə siyasi və hərbi dəstəyin davam etdirilməsi qərarına gəldilər. Məsələ apreldə keçiriləcək toplantıda yenidən müzakirə olunacaq".

A.Nərimanlıya görə, Qərb cəbhəsində dəyişən bir şey yoxdur: 

"C.Bayden NATO zirvəsindən sonra söyləyib ki, Rusiya Ukraynada kimyəvi silah istifadə edəcəksə, qarşılıq veriləcək. Lakin cavab addımlarının miqyası kimyəvi silahın istifadə miqyasına bağlı olacaq. Yəni daha az kimyəvi silah istifadə etsələr, cavab da yumşaq, daha çox istifadə etsələr, sərt olacaq. ABŞ prezidenti eyni məntiqi Rusiyanın Ukraynada işğal hücumuna başlamamışdan öncə də irəli sürmüşdü. İşğalın miqyası az olarsa, sanksiyalar da az, çox olarsa, sanksiyaların da çox olacağı açıqlanmışdı. Baydenin bu məntiqini anlamaq çətindir. Miqyasından asılı olmayaraq, işğala da, kimyəvi qırğın silahından istifadəyə də cavab eyni olmalıdır".