Xankəndi və ətraf bölgələrin qaz təminatını həll etməliyik


Ermənilərə qaz və işığın Ermənistan ərazisindən gəlməsinə də zamanla son qoyulmalıdır


  Qarabağda uzun illər texniki xidmət göstərilmədən istismar olunan qaz paylayıcı xətlərdə nasazlıq baş verib. Nəticədə Xankəndi və ətraf bölgələrin qaz təchizatında problemlər yaranıb. Lakin ərazidə normadan artıq qarın yağmasına baxmayaraq, “Azəriqaz” İB-nin bölgəyə ezam olunmuş əməkdaşları çətin relyefli ərazidə qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüblər. 

Qurum tərəfindən qeyd olunub ki, martın 29-da Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunacaq. “Azəriqaz” istehlakçılara təbii qazdan istifadə edən zaman diqqətli olmağı, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyə edib. Xatırladaq ki, Xankəndidəki ermənilərin qaz təchizatındakı təxirlə bağlı ABŞ və Avropa İttifaqından Azərbaycana müraciətlər olunmuşdu. Çünki ermənilər hadisədən sui-istifadə edərək qazın verilməsinin guya Azərbaycan tərəfindən qəsdən kəsildiyini iddia edirdilər. Hətta separatçılar bununla bağlı “etiraz aksiyası” da təşkil etmişdilər. Məlumat üçün onu da bildirək ki, ermənilərə verilən qaz Ermənistandan gəlir, boru xəttinə Azərbaycan nəzarət edir. 

AĞ Partiya sədri Tural Abbaslı “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycanın bütün bölgələrində kommunal xidmətlər müvafiq qurumlarımız tərəfindən həyata keçirilməlidir. Partiya rəhbəri bəyan edib ki, Xankəndi və ətraf bölgələr Azərbaycan əraziləri olduğu üçün qaz xəttində baş vermiş qəzalarla “Azəriqaz” məşğul olmalıdır:

 “Ümumiyyətlə, hesab edirəm ki, ermənilərə qaz və işığın Ermənistan ərazisindən gəlməsinə də zamanla son qoyulmalıdır. Üzərində kimin yaşamasından asılı olmayaraq, ərazilərimizin enerji təminatı Azərbaycan tərəfindən həyata keçirilməlidir. Bunu ən qısa zamanda etməliyik ki, dövlətin sözügedən bölgələrdə suverenliyi şübhə altına alınmasın. Əks halda ermənilər bu kimi hadisələrdən şou düzəltməyə, hay-küy salmağa davam edəcəklər. Separatçıların “etiraz aksiyası” da bölgədəki qondarma rejimin legitimləşdirilməsi cəhdlərinin tərkib hissəsidir. Təəssüflə deməliyik ki, rus sülhməramlıları buna şərait yaradır və ermənilərə himayədarlıq edirlər. Ona görə də belə məsələlərdə qətiyyətli olmalıyıq. Azərbaycanın suverenliyini, qayda-qanunları qəbul edən ermənilər ölkə vətəndaşı kimi torpaqlarımızda yaşaya bilərlər. İstəməyənlər isə rus sülhməramlılarına qoşularaq Qarabağı tərk etməkdə sərbəstdirlər”.