Ümid İstanbuladır... - Ukrayna-Rusiya danışıqları Türkiyədə aparılacaq

"İlk danışıqlar nəticəsiz olacaq. Yekun sülhdə Putin və Zelenski Türkiyədə bir araya gələ bilər"

Ukrayna və Rusiya Türkiyədə üçgünlük danışıqlar raundunun keçirilməsi ilə bağlı razılığa gəlib. Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya deyib ki, videoformatda keçirilən danışıqda növbəti canlı raundun Türkiyədə 28-30 mart tarixlərində keçirilməsi razılaşdırılıb. Qeyd edək ki, tərəflər arasında sonuncu görüş martın 21-də videokonfrans formatında keçirilmişdi.

“Rusiya buna görə müharibə başladıb - biz hazırıq!”

Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, Kiyev təhlükəsizlik qarantı və neytral statusu müzakirə etməyə hazırdır: “Təhlükəsizlik qarantı, neytrallıq, ölkəmizin nüvəsiz statusu... Biz buna getməyə hazırıq. Bu, ən başlıca maddədir. Xatırladığım qədərilə bu, Rusiya üçün prinsipial məsələ idi. Bildiyim qədəri ilə bunlardan dolayı müharibəni başlatmışdılar”. Onun sözlərinə görə, imzalanacaq sənəd ciddi razılaşma olmalıdır, növbəti Budapeşt memorandumu kimi kağız parçası deyil. Zelenski, həmçinin onu da xatırladıb ki, neytral statusun qəbulu üçün referendum keçirilməli, Konstitusiya dəyişikliyi qəbul edilməlidir. Bunun üçünsə ən azı bir il vaxt lazımdır.

“Müharibəni bitirmək üçün Ukraynanın güzəşti budur”

Zelenski bəyan edib ki, qurbanların sayını maksimal sayda azaltmaq, müharibənin müddətini qısaltmaq üçün - Rusiya qoşunları kompromis ərazilərə çıxarmalıdır: “Bu, 24 fevraldan – hücumdan əvvələ qayıtmaqdır. Mən başa düşürəm ki, Rusiyanı ərazini tam azad etməyə məcbur etmək mümkün deyil, bu, Üçüncü Dünya müharibəsinə gətirib çıxaracaq. Mən hər şeyi gözəl anlayıram və bunun fərqindəyəm. Ona görə deyirəm: bu, kompromisdir. Hər şeyin başladığı yerə qayıdın və orada Donbassla bağlı çətin məsələləri həll etməyə çalışacağıq”. 

“Zelenski: Sülh istəməsəydik, indi Krımda olardıq!”

Ukrayna rəhbəri qeyd edib ki, bir ukraynalı əsgər öz torpağında olduğuna və onu müdafiə etməyə həvəsli olduğuna görə on rus əsgərini döyür: “Amma biz dəqiq sülh istəyirik. Çünki istəməsəydik, inanın ki, sabah Krımda olardıq. Biz onları öz ərazimizdə döyürük. Bir əsgərimiz on rus əsgərini döyür, çünki onlar burada nə etdiklərini başa düşmürlər”. 

“21-ci əsrdə 31 gündür ədaləti təmin edə bilmirik – Zelenski”

Zelenski vurğulayıb ki, 21-ci əsrdə ədaləti bərpa etməyə çalışır, amma 31 gündür, hələ də təmin edə bilmir: “Rusiyanın Ukraynaya hücumu qarşısında müdafiəmiz davam edir. Xalqımızla birlikdə sülhü qorumağa çalışırıq. Qətər hasilatı artırmalı, lazımi tələbatı ödəməli və Rusiyaya enerjinin silah olmadığını göstərməlidir. Rusiya nüvə silahından istifadə etməklə hədələyir. Belə getsə, bu müharibə təkcə bir ölkəyə deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş olacaq”. O, ölkəsində 1 milyondan çox müsəlmanın yaşadığını, mülki şəxslərin davamlı olaraq hədəfə alındığını bildirib: “Qocalar, qadınlar və uşaqlar sığınacaqlarda yaşayır. Rusiya şəhərlərə humanitar yardımların belə getməsinə icazə vermir”.

“Putin heç vaxt Zelenski ilə görüşməkdən imtina etməyib”

Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib ki, Putinlə Zelenski arasında görüş lazımdır. Lakin Rusiyaya danışıqlarda konkretlik lazımdır: “İndi Putin və Zelenski arasında fikir mübadiləsi üçün görüş qeyri-məhsuldar olardı”. Lavrov Rusiya-Ukrayna danışıqlarında konkret nəticələr əldə olunandan sonra Putin və Zelenskinin bu nəticələri təsdiqləmək üçün görüşə biləcəklərini söyləyib. O, danışıqların İstanbulda əyani formatda keçiriləcəyini söyləyib. Lavrov Rusiyanın Ukrayna ilə danışıqların növbəti raundunun uğurlu olmasında maraqlı olduğunu əlavə edib.

“Danışıqların İstanbulda keçirilməsi prosesin texniki mərhələdən siyasi müstəviyə keçməsidir”

Politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə bildirib ki, Ukrayna-Rusiya savaşı bir aydan çoxdur davam edir. Tərəflər arasında bir neçə görüş baş tutsa da, ciddi nəticə əldə etmək mümkün olmayıb. Danışıqların ciddi nəticə verməsi üçün hərbi əməliyyatlarla yanaşı, neytral ölkə şərti də vacibdir. Digər ölkələrdən fərqli olaraq Türkiyə prosesdə daha aktiv rol oynayır. Ankaranın vasitəçiliyi həm Kiyev, həm də Moskva tərəfindən normal qəbul edilir. Rusiya Prezidenti V.Putin ilə Türkiyə lideri R.T.Ərdoğan arasında aparılan danışıqlarda müsbət irəliləyiş ehtimalı var. Hər halda İstanbul təmasları, Belarusdakı mənasız görüşlərdən daha faydalı ola bilər. Çünki Türkiyə kifayət qədər tərəfsiz, müstəqil və nüfuzlu ölkədir. Gedişat Ukrayna hərbçilərinin işğalçı rus ordusuna vurduğu zərbənin miqyasından asılı olacaq. Danışıqların İstanbulda keçirilməsi prosesin texniki mərhələdən siyasi müstəviyə keçməsidir. Türkiyə aktiv şəkildə vasitəçiliyə başlamaqla Qara dəniz bölgəsində mövqeyini gücləndirməklə yanaşı, Cənubi Qafqazda əsas söz sahibi olacaq. Ankaranın vasitəçiliyi tərəflər arasında danışıqların müsbətə doğru dəyişməsinə gətirə bilər. Çünki Rusiya ordusu irəliləyə bilmir və müdafiə mövqeyinə çəkilib. Putin danışıqlar prosesində bu "əməliyyatla" öz məqsədlərinə çatdığını və Ukraynanın neytral ölkə və NATO-ya üzv qəbul edilməyəcəyini vurğulamaqla atəşkəsə gedə bilər. Amma çalışacaq ki, Donbassla Krım arasında quru yolu təmin edib əlində saxlasın”. 

“Türkiyənin vasitəçiliyi və aktivliyi Ukraynanın məğlubiyyətində maraqlı olmamasından irəli gəlir”

Analitik qeyd edib ki, Zelenski ölkəsinin şərtlərini açıqlayıb, Moskva da əvvəlki sərt tələblərindən geri çəkilib: “Amma Qərb, xüsusilə Vaşinqton müharibənin bir müddət davam etməsində maraqlıdır. Bununla Rusiyanın tamamilə defolt vəziyyətinə gətirilməsi təmin edilməlidir. Putin də Ukraynada uduzması və müharibənin davam etməsini onun əleyhinə işlədiyinin fərqindədir. Geopolitik qarşıdurmada tam məğlubiyyət Rusiyanı izolyasiyasını dərinləşdirəcək. Ona görə də Türkiyənin vasitəçiliyi ilə keçirilən danışıqlarda Moskva maraqlı görünür. İlk danışıqlar nəticəsiz olacaq. Yekun sülhdə Putin və Zelenski Türkiyədə bir araya gələ bilər. Türkiyənin vasitəçiliyi və aktivliyi Ukraynanın məğlubiyyətində maraqlı olmamasından irəli gəlir. Əgər Rusiya Türkiyənin vasitəçiliyində manipulyasiya edərsə, Ankara Ukraynaya tam hərbi dəstək verə və Suriyada Rusiyaya qarşı ikinci cəbhə aça bilər. Ona gorə də Moskva Ankara ilə hesablaşmaq məcburiyyətindədir”.