Heç nə dəyişməyib, Ermənistan terror dövlətidir

İrəvan bu gün Ukraynaya qarşı aparılan müharibəyə qoşulub

Ermənistan qırıcı təyyarələrini Ukraynaya qarşı istifadə edilməsi üçün Rusiyaya verib. İrəvan bu təyyarələri Rusiyadan aldığını desə də, SU 30-ların hədiyyə edildiyi haqda məlumatlar əvvəldən var idi. Bu baxımdan, Ukraynada müharibə aparan Rusiyanın Ermənistana verdiyi təyyarələri istifadə üçün geri alması mümkündür. Xüsusilə Ukraynada ciddi hərbi texnika problemi ilə üzləşməsi Moskvanı buna vadar edə bilər. Ermənistan tərəfinin buna etiraz etməsi mümkün deyil. 

Çünki erməni ordusunun hərbi-texniki təminatı bütövlükdə Rusiyadan asılıdır. Təyyarələrin erməni pilotlar tərəfindən idarə olunması isə Paşinyan hakimiyyətinin Ukraynada Rusiya hücumuna töhfə vermək, Moskva qarşısında dividend qazanmaq niyyətindən irəli gəlir. Ermənistanın mövcud hakimiyyətinin bu cür “manevrləri” ilk deyil. Qərb mərkəzlərinin dəstəyi ilə hakimiyyətə gələn Paşinyanın Rusiya ilə yaxınlaşmaq xəttini inkişaf etdirməsi, son seçkilərdən sonra bu prosesi sürətləndirməsi bunun bariz nümunəsidir. Qərbə inteqrasiya etmək istəyindən danışan Paşinyanın reallıqda Rusiyanın işğal hücumuna dəstək çıxması Ermənistan hakimiyyətinin xarici siyasi kursunda ikili oyunlara üstünlük verdiyini göstərir. 

Millət vəkili Ceyhun Məmmədov hesab edir ki, İrəvanın bu yardımı birmənalı olaraq onu deməyə əsas verir ki, artıq Ermənistan Ukraynaya qarşı aparılan hərbi əməliyyatlara qoşulub. Deputatın sözlərinə görə, bütün dünya Belarusun müharibəyə qoşulacağını güman etsə də, Ermənistan bu ölkəni qabaqladı və qarşıdurmanın bilavasitə iştirakçısına çevrildi: 

“Tam əminliklə söyləyə bilərik ki, bu gün Ukraynanın şəhərlərinin, infrastrukturunun dağıdılmasında Ermənistan da iştirak edir və bu prosesə öz “töhfələrini” verir. Görünən odur ki, Azərbaycandan aldığı zərbə, “dəmir yumruq” Paşinyan hakimiyyəti üçün yetərli olmadı. Ermənistan rəhbəri dövlətçilik maraqlarını, öz xalqının mənafeyini qurban verərək ölkəsini ciddi zərbə altına qoydu. Ermənistanın siyasətinin həqiqi mahiyyəti budur. Bundan əvvəl də Ermənistanın Ukraynada vuruşmaq üçün Suriyadan gətirilən yaraqlıların döyüş zonasına göndərilməsində fəal iştirak etdiyi barədə məlumatlar yayılmışdı. 

Məhz bu səbəbdən bir sıra Qərb dairələrində Ermənistana bu hərəkətlərinə görə sanksiyaların tətbiqi ilə bağlı fikirlər səsləndirilir. Ermənistanın son addımları bu ölkəyə sanksiyaların tətbiqi üçün kifayət qədər əsas verir. Artıq sözdən əmələ keçməyin vaxtıdır”. 

Parlament üzvü vurğulayıb ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır, bu ölkəyə davamlı humanitar yardımlar göstərir: 

“Ukrayna prezidenti yenidən Prezident İlham Əliyevə zəng edərək təşəkkürünü bildirib. Ermənistan isə Ukraynada həyata keçirilən əməliyyatlarda bilavasitə iştirak edir. Qərb dövlətləri, eləcə də beynəlxalq qurumlar Ermənistanla bağlı siyasətlərində bu amilləri mütləq nəzərə almalıdırlar. Ermənistan hər zaman söylədiyimiz kimi, terror dövlətidir”.