"Ayaz Mütəllibov tarixdə demokratik ruhlu siyasətçi kimi qalacaq"

Araz Əlizadə: "Ona hakimiyyətini qorumaq üçün güc işlətməli olduğunu desəm də, sözümə məhəl qoymadı"

Xəqani Səfəroğlu: "Kuluarlarda siyasi intriqalardan bəlkə də baş çıxara bilirdi, amma publik və siyasi rıçaqların açıq meydanında bu alınmırdı"

   Martın 27-də vəfat etmiş, sovet Azərbaycanın sonuncu kommunist rəhbəri, müstəqil Azərbaycanın ilk prezidenti 84 yaşlı Ayaz Mütəllibov Birinci Fəxri Xiyabanda dəfn olundu. O, Azərbaycanın müstəqilliyinin ilk illərində, 1991-1992-ci illərdə əvvəlcə parlament tərəfindən, sonra ümumxalq seçkiləri vasitəsilə prezident seçilmişdi. Xocalı faciəsindən bir neçə gün sonra istefa vermişdi. 

Ayaz Mütəllibovla işləmiş və ya onun hakimiyyətdə olduğu dövrü yaxından izləmiş siyasətçilər Mütəllibovun qısa çəkmiş prezidentlik müddətini Azərbaycanın çətin dövrü kimi xarakterizə edirlər. Əksəriyyət Mütəllibovu Xocalı faciəsinin qarşısını ala bilməməkdə, lazımi addımlar atmamaqda, fəaliyyətsizlikdə ittiham edirlər. Ancaq bəziləri hesab edirlər ki, Ayaz Mütəllibov xalq hərəkatını boğmayıb. Əksinə, onu tənqid edənlərlə işləməyə çalışıb, onun vaxtında müstəqil televiziya yaranıb və s. Məlumat üçün deyək ki, Ayaz Mütəllibov 1938-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil alıb. Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda başlayıb. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (MK) birinci katibi vəzifəsinə qədər irəliləyib. 1991-ci il sentyabrın 8-də keçirilən seçkilərdə Azərbaycanın ilk prezidenti seçilib. 1992-cı il martın 6-da istefa verib. 

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə “Şərq”ə açıqlamasında bildirib ki, Ayaz Mütəllibov Azərbaycan tarixində demokratik ruhlu, savadlı bir siyasətçi kimi qalacaq. 1990-cı illərin əvvəllərində Ali Sovetin deputatı və Respublika Müdafiə Şurasının üzvü olmuş Araz Əlizadə bildirib ki, həmin vaxt o, Mütəllibova qanuni yollarla öz hakimiyyətini qoruyub güc işlətməli olduğunu desə də, keçmiş prezident onun sözlərinə məhəl qoymayıb: 

“O, xalqa lazımlı adam idi. Əfsuslar olsun ki, qaragüruh onu devirdi”. A.Əlizadənin sözlərinə görə, Mütəllibovun tam imkanı vardı ki, güc yoluyla onun istefasını istəyənləri ram eləsin, amma bunu eləmədi: “O dedi ki, mən hakimiyyətə görə bir nəfərin də burnunun qanamasını istəmirəm. Bu cür hakimiyyət mənə lazım deyil və hakimiyyətdən getdi. Uzun müddət qürbətdə yaşadı, ürəyi Vətən həsrəti ilə döyündü. Həsrət illərindən sonra Azərbaycana qayıtmaq nəsib oldu. Ən böyük arzusu Qarabağın işğaldan azad olunması idi. Onu da gördü”. A.Əlizadə Mütəllibovun Birinci Fəxri Xiyabanda dəfn olunmasını da müsbət qərar adlandırıb. 

Tanınmış jurnalist Xəqani Səfəroğlu isə feysbuk səhifəsində sabiq prezident Ayaz Mütəllibov haqqında bunları yazıb: “Ayaz Mütəllibovdan 3-4 dəfə müsahibə almışdım. Uzaq Moskvada yaşayanda, yaxında, Bakıda olanda. Sonuncu müsahibə isə qismət olmadı. Əvvəl pandemiya imkan vermədi, sonra eks-prezidentin səhhəti. Sualları göndərməyi xahiş etmişdi. Göndərmişdim. Amma cavabı olmadı.

Suallarım isə çox idi. Cavabsız qaldı. Qanlı və ağır ildə, 1990-cı ildə Azərbaycana rəhbər təyin olunan Ayaz Mütəllibov məktəbli yaddaşımda şıq geyimi və parlaq sifəti ilə qalmışdı. Vəzirov qaçandan sonra gələn yeni başçı sovet ordusunun qırğınından qapqara qaralmış, güllələnmiş, işləməkdən imtina edən azərbaycanlılara “həyat davam edir” şüarı ilə təsəlli verməyə çalışırdı. 

Həyat isə tam dəyişmişdi. SSRİ-nin suqutu başlanmışdı. O isə sanki bunu görmür, qəbul etmək istəmirdi. Müstəqillik uğrunda başlanmış mübarizə Ayaz Mütəllibov üçün anlaşılmaz idi. O, Qarabağ uğrunda gedən etiraz hərəkatının nə üçün azadlıq mücadiləsinə keçməsini anlaya bilmirdi. 

Qorbaçova xitabən “Qarabağ həll olunmasa nəticəsi pis olacaq” desə də dünyanın altıda birini tutan dövlətin karton ayaqlı nəhəng kimi yıxılacağını heç cür təsəvvür edə bilmirdi. A.Mütəllibov təsərrüfatçı partiya elitasının nümayəndəsiydi. Siyasi qərarlar qəbul etmək onun üçün həddən artıq ağır məsələ idi. Kuluarlarda siyasi intiraqlardan bəlkə də baş çıxara bilirdi, amma publik və siyasi rıçaqların açıq meydanında bu alınmırdı”. 

X.Səfəroğlu vurğulayıb ki, Ayaz Mütəllibov Moskvanın bu davanın qarşısını ala biləcəyinə sona qədər inanan adam oldu: 

“Ona görə Azərbaycanda Milli ordu qurulmasının əleyhinə idi. Radikal, SSRİ-nin, Rusiyanın xoşuna gəlməyəcək siyasi demarşlardan qorxurdu. ABŞ dövlət katibi Ceyms Beyker 1992-ci ilin fevralında Bakıya gələndə onu qarşılamaq üçün hava limanına belə getmək istəməmişdi. 

Vəfa Quluzadənin ciddi israrlarından sonra gedib onu qarşılamışdı. Ayaz Mütəllibova SSRİ-nin demokratik hərəkatının yetişdirdyi ciddi müxalifət miras qalmışdı. O, həmin qüvvələrlə necə davranacağını bilmirdi. Gah AXC lideri Elçibəyi döydürürdü, gah müxalifəti hədələyirdi, gah da birgə işləməyə çağırırdı. 

Amma bu nəhəng protest elektoratının nə üçün yarandığını və günü-gündən gücləndiyinin siyasi kodlarını görmürdü, ya da görmək istəmirdi. 2011-ci ildə həmişəlik vətənə qayıtmağa icazə veriləndə Ayaz Mütəllibov sakit və gözə çarpmadan yaşamağa üstünlük verdi. Qayıtdığı ölkədə tam yeni insanlar yaşayırdı. 

Onlar ötən tarixi pis xatırlayır, şahidi olanlar bunu yada salmamağa çalışırdılar. O, hərdən şəhərə, bulvara çıxır, şəhər sakinlərinin dinməz baxışları altında tam dəyişmiş, yeni forma almış Bakını seyr edirdi. Sabiq prezidentin dövranı bitmişdi, indi o, yalnız xatirələri ilə baş-başa qalmışdı”.