Delyaqin sıradan bir adam deyil

Rus deputatın cavabı vaxtında və ən sərt üsulla verilməlidir

"Onsuz da Azərbaycan cəmiyyətində Rusiya ilə bağlı çox neqativ fikirlər dolaşmaqdadır. Belə hadisələrdən sonra ölkə ictimaiyyətinin ruslara qarşı aqressiyası daha da artır"

   Rusiyanın iki dövlət kanalında Azərbaycana qarşı təxribat törədilib. “Rossiya 1” və “Pervıy” telekanallarının 28 mart tarixli efirlərində ölkəmizin ərazi bütövlüyünə və dövlətimizin ünvanına təhdidlər səsləndirilib. “60 minut” siyasi tok-şousunda çıxış edən Rusiya Dövlət Dumasının iqtisadi siyasət komitəsinin sədr müavini, deputat Mixail Delyaqin həddini aşaraq ölkəmizi hədələyib. Verilişdə Azərbaycanın Qarabağ regionunda yaranmış son vəziyyətə toxunulub. Ölkəmiz Qarabağda atəşkəsi pozmaqda, üçtərəfli bəyanatın müddəalarına riayət etməməkdə günahlandırılıb. 

Delyaqin bir az da irəli gedərək Azərbaycanı Rusiya üçün real təhlükə adlandırıb. Azərbaycanın sərt şəkildə cəzalandırılmasının vacib olduğunu söyləyib. Rusiya mediasının təxribatı “Rossiya 1” kanalı ilə yekunlaşmayıb. Azərbaycan mövzusu “Pervıy” kanalında, ermənipərəst Artyom Şeyninin aparıcılıq etdiyi tok-şouda da davam etdirilib. Mixail Delyaqin bu dəfə Rusiyanın Azərbaycanın neft sənayesini məhv edə biləcəyi ilə hədələyib. Bu şəxs dövlət telekanallarında sərsəm bəyanatları ilə kifayətlənməyib. 

O, teleqram kanalında Azərbaycanın neft sənayesinə nüvə silahı ilə zərbələr endirmək çağırışı ilə bağlı absurd sorğu da keçirib. Rusiyanın dövlət tərəfindən maliyyələşən federal kanallarında Azərbaycana qarşı təxribatlar yeni deyil. 44 günlük Qarabağ müharibəsi zamanı da, ondan əvvəllər də eyni mənzərənin dəfələrlə şahidi olmuşuq. Ekspertlərə görə, Delyaqin kimi siyasi klounların ermənilərdən aldığı təlimatlar əsasında sərsəm bəyanatlar səsləndirdiyi aydındır. Təəccüb və təəssüf doğuran Rusiya dövlət kanallarının tutduğu mövqedir. Onlar anlamırlar ki, hazırda bütün dünya ilə üz-üzə qalan Rusiyanın Türkiyə və Azərbaycanla münasibətlərini korlaması heç də ağıllı hərəkət deyil. Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Rusiya Dövlət Dumasının sabiq deputatı Sergey Markov vurğulayıb ki, Delyaqinin bəyanatı Rusiyanın maraqlarına ziddir. Onun fikrincə, bu cür bəyanatlar məsuliyyətsizdir. 

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Şərq”ə bildirib ki, Rusiyanın təxribatı ilə ilk dəfə üzləşmirik. Partiya rəhbərinin sözlərinə görə, 44 günlük savaş boyunca və ondan sonra mütəmadi rus rəsmilərin, media orqanlarının absurd yanaşmalarının şahidi olmuşuq:

 “Rusiyada Jirinovskinin yerini tutmağa, yerini “doldurmağa” çalışanlar var. Moskva belə davranışları elə bir zamanda sərgiləyir ki, Rusiya bütün dünyada işğalçı ölkə kimi qələmə verilir. Kremlə qarşı çox ciddi sanksiyalar tətbiq olunmaqdadır. Rusiya əleyhinə sanksiyalara qoşulmayan üç-beş ölkədən biri Azərbaycan, digəri isə Türkiyədir. Bununla yanaşı, fevralın 22-də Rusiya-Azərbaycan arasında müttəfiqlik sənədi imzalanıb. Bütün bunlarınn fonunda Azərbaycana qarşı münasibət sərgilənirsə, deməli, rus rəsmilər normal əməkdaşlıqdan anlamırlar. Rusiya təmsilçilərinin başa düşdüyü dil zor tətbiq etmək, güc işlətməkdir. Delyaqin sıradan adam deyil, Rusiya Dövlət Dumasının deputatıdır. Cavabı vaxtında və ən sərt üsulla verilməlidir. İlk növbədə Azərbaycan parlamenti, Rusiya ilə dostluq qrupunun üzvləri Delyaqinə başa düşdüyü tərzdə cavab verməlidirlər. Onun məsuliyyətə cəlb olunması, cəzalanması üçün ciddi addımlar atılmalıdır. Kimsə Rusiyanı tənqid edirsə, ölkədə dərhal həmin şəxsin əleyhinə kampaniya başladılır, adı “qara siyahıya” salınır. Halbuki, ruslar haqlı olaraq tənqid olunur. 

O baxımdan bizi təhqir edənlərə qarşı ən sərt münasibət göstərməliyik. Onsuz da Azərbaycan cəmiyyətində Rusiya ilə bağlı çox neqativ fikirlər dolaşmaqdadır. Belə hadisələrdən sonra ölkə ictimaiyyətinin ruslara qarşı aqressiyası daha da artır”.