Ermənistan hələ də sülh danışıqlarına hazır görünmür


Azərbaycan dövlətinin rəhbərliyi və ordusu baş verən bütün proseslərə nəzarət edir


   Ermənistan Azərbaycanı tez bir zamanda hərtərəfli sülh sazişi üzrə danışıqlara başlamağa dəvət edib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Vurğulanıb ki, bu qərar ölkənin Təhlükəsizlik Şurasının iclasında Qarabağdakı vəziyyət müzakirə olunarkən alınıb. Ermənistan parlamentinin sədri Alen Simonyan da bildirib ki, Azərbaycanın münasibətlərin normallaşması üçün yeni təklifi məqbuldur.

 O vurğulayıb ki, əgər bir neçə aspekt əlavə edilsə, bu işin həyata keçirilməsi mümkündür. Xatırladaq ki, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla münasibətlərin normallaşmasına dair 5 maddədən ibarət sənəd göndərdiklərini və cavab gözlədiklərini bildirmişdi. Əksər ekspertlərin fikrincə, Azərbaycanın Ermənistanı sülhə məcburetmə siyasəti effektiv nəticələrini verməkdədir. Son günlər Rusiya sülhməramlılarının nəzarət zonasında yerləşən ərazilərdə qalan erməni silahlıları tərəfindən Azərbaycan Ordusuna qarşı müxtəlif təxribatlar törədilirdi. Bir neçə gün öncə Azərbaycan Ordusunun bölmələri ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqeləri nəzarətə götürüb. O baxımdan Ermənistanın belə bəyanatlarını səmimi qəbul etməyənlər də var. 

Politoloq Tofiq Abbasov bildirib ki, Ermənistan sözdə sülh danışıqlarına hazır olduğunu desə də, əməldə buna hazır deyil. Onun sözlərinə görə, Qarabağda qalan erməni terrorçuları hələ də ciddi-cəhdlə çalışırlar ki, yeni mövqelər düzəltsinlər: 

“Azərbaycan tərəfi təbii olaraq onların bu cinayətkar hərəkətlərinə imkan verməyəcək. Onların təxribatyönümlü cəhdləri isə səmərəsiz qalacaq. Əgər Qarabağda yaşayan erməni əsilli əhali sakit, dinc həyat istəyirsə, onlar ilk növbədə özləri həmin cinayətkarları oradan rədd etməlidirlər. Bununla da Azərbaycan dövlətinə loyallıqlarını sözdə yox, əməldə təsdiqləmiş olacaqlar”. 

Siyasi şərhçiyə görə, Qarabağda qalmış erməni silahlı tör-töküntüləri yerli camaatı 30 il ərzində qorxu-təzyiq altında kazarma rejimində yaşamağa məcbur ediblər:

 “Azərbaycan dövlətinin rəhbərliyi və ordusu baş verən bütün proseslərə nəzarət edir. Bu günlərdə daha bir zəfər yürüşü keçirildi. Fərrux kəndində mövqelənmiş separatçılar həmin ərazidən təmizləndi. Azərbaycan Ordusunun atdığı addımlar təhlükəsizliyin qorunması və təmin edilməsi üçündür. Ermənistan Təhlükəsizlik Şurası sülhdən danışırsa, onda bu niyyətə sadiq olduqlarını göstərməlidir”.