Biz güclüyük, həm də tək deyilik: "Delyaginin dərsini vaxtında verdik"



"Heç kim öz xoşuna geri çəkilmir, qarşısındakını güclü gördüyü üçün geri addım atır"

Azərbaycan və Türkiyəni hədələyən, təhqir edən Rusiya Dövlət Dumasının üzvü Mixail Delyagin səsləndirdiyi ifadələrə görə üzr istəyib. Rus deputat verilişin formatına uyğun olaraq belə bir davranış sərgilədiyini bildirib: “Mənim sözlərimdən qorxan, inciyən və yaxud özünü təhqir olunmuş hesab edən hər kəsdən üzr istəyirəm”. Xatırladaq ki, Delyagin “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişində Azərbaycanı Türkiyənin “əlaltısı” adlandırmış, ölkəmizin cəzalandırılmasını tələb edərək, Bakının bombalanmasını istəmişdi.

Delyaginin Rusiya televiziyasında səsləndirdiyi sərsəm və təxribat xarakterli çıxışı Azərbaycan ictimaiyyətinin ciddi narazılığına səbəb olmuşdu. Ölkə ictimaiyyətinin sərt reaksiyasından sonra Rusiyanın rəsmi dairələri məsələyə müdaxilə edərək, Delyaginin çıxışının şəxsi mülahizə olduğunu, Kremlin mövqeyini əks etdirmədiyini bildirmişdi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Mixail Delyaginin fikirlərini şərh edərkən, onu emosiyalarını cilovlamağa və Azərbaycana münasibətdə dost olmayan bəyanatlardan çəkinməyə çağırmışdı.
 Qeyd etmişdi ki, məlum açıqlama Rusiyanın rəsmi mövqeyinə heç bir halda cavab vermir. Həmçinin, Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu kimi bəyanatların qəbuledilməz və məsuliyyətsiz olduğunu diqqətə çatdırmışdı. Bundan əlavə, Delyaginin təmsil olunduğu “Spravedlivaya Rossiya” partiyasının rəyasət heyətinin katibi Oleq Şein tərəfindən səfir Polad Bülbüloğluna məktub ünvanlanıb. Məktubda Oleq Şein Rusiya vətəndaşları adından həmpartiyalısının fikirlərinə görə üzr istəyib. Məhz bundan sonra Delyagin səsləndirdiyi ifadələrə görə peşman olduğunu bildirib və şou naminə o cür davrandığını söyləyib. Əlavə olaraq onu da bildirək ki, Respublika Baş Prokurorluğunda Delyaginlə bağlı cinayət işi açılıb və İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib. 

AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli “Şərq”ə bildirib ki, Rusiya təmsilçilərinin Azərbaycan və Türkiyə əleyhinə fikirlərinə hər zaman çox ciddi təpki olmalıdır. 

Partiya funksioneri bəyan edib ki, rus təxribatçılarına qarşı sadəcə ictimaiyyət səviyyəsində deyil, dövlət qurumları və rəsmi şəxslər müstəvisində də sərt cavab verilməlidir: “Rusiya nümayəndələrinin, Duma üzvlərinin Azərbaycana, türklərə qarşı düşmən münasibətinə dəfələrlə şahidlik etmişik. Dövlət kanallarında belə dövlətimizə, rəhbərliyə qarşı hədyanlar səsləndiriblər. Özü də bunu edənlər təkcə müxalif qüvvələr yox, hökumətdə təmsil olunan şəxslər olurlar. Onlar bizə hədə-qorxu gəlir, təhdid edirlər. Hətta daha irəli gedərək Azərbaycan və Türkiyə rəhbərliyinin ünvanına təhqiramiz ifadələr səsləndirirlər. Son günlər yenidən post-sovet ölkələrinə ərazi iddiası ilə çıxış edirlər. Bunların hamısı Rusiyanın yırtıcı siyasətindən xəbər verir. Ona görə də rusların cavabı rəsmi orqanlar tərəfindən dərhal verilməlidir. 

Çünki rəsmi reaksiya daha effektli olur. Görürsüz, qısa zaman sonra Rusiya prezidentinin sözçüsü açıqlama verdi, digər dövlət qurumları bəyanat yaydı. Sonda Delyagin özü də üzr istəmək məcburiyyətində qaldı. 

Bir neçə gün əvvəl də Azərbaycan Müdafiə Nazirliyinin sərt mövqeyindən sonra Rusiya XİN geri addım atdı və dərc etdiyi uydurma xəbəri saytından sildi. 

Nəzərə alaq ki, hazırda Rusiya dünyada təklənib, Ukrayna ərazilərinin işğalına görə Qərbin ciddi sanksiyaları ilə üz-üzə qalıb. Təbii ki, Azərbaycan da 44 günlük müharibədən sonra xeyli güc və nüfuz qazanıb. Yanımızda Türkiyə kimi qüdrətli müttəfiq ölkə var. Bunların hamısı Kremlin yanaşmasına təsir göstərir və güzəştə getməsinə təsir göstərir. 

Heç kim öz xoşuna geri çəkilmir, qarşısındakını güclü gördüyü üçün geri addım atır”.