Savaş uzanır

Rusiyanın mövqeyində dəyişiklik görünmür

NATO Ukraynaya hərbi yardımını davam etdirəcək


   “Lavrovla Kulebanın görüşünə hazırlıq görülür”. Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Rusiya Xarici işlər naziri Sergey Lavrovla ukraynalı həmkarı Dmitro Kulebanın görüşünə hazırlıq görülür. Nazir qeyd edib ki, XİN rəhbərlərinin görüşündən sonra prezidentlərin də bir araya gələcəyi ehtimal olunur. Çavuşoğlu görüşlərin dəqiq tarixinin müəyyənləşmədiyini desə, bir-iki həftə ərzində baş tutacağını istisna etməyib. O, hər iki tərəfin bir-birinin ittiham etməsini vurğulayaraq hər iki tərəfdə döyüşən muzdluların olduğunu bildirib. Çavuşoğlu Vladimir Putinin Türkiyəyə səfərini gözlədiklərini, bunun tarixini rəsmi Moskvanın təyin edəcəyini söyləyib. O qeyd edib ki, Ukrayna neytral status və NATO-ya üzv olmamaqla bağlı tələblərlə razılaşır: “Krım və Donbasın statusu ilə bağlı liderlər qərar verəcək. Türkiyədə mühüm məsafə qət edildi. Ciddi mövzuları xarici işlər nazirləri müzakirə etməli, daha sonra isə liderlər görüşməlidir”. Xatırladaq ki, Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiya nümayəndələri İstanbulda iki görüş keçiriblər. Görüşlərdə müəyyən məsələlərlə bağlı ilkin razılaşmaların olduğu deyilir. 

“Rusiyanın ciddi itkiləri var”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Rusiya ilə Ukrayna arasındakı müharibə dünyanın son vaxtlar görmədiyi, yaşamadığı bir prosesdir. Ərdoğan bildirib ki, Rusiya ərazisinə, əhalisinə, hərbi, siyasi, iqtisadi və mədəni qüdrətinə görə dünyanın ilk üç dövləti sırasında yer alan bir gücdür, qüvvədir: “Bu vəziyyətə göz yummaq mümkün deyil. Ukrayna da sıradan ölkə deyil. Bu gün Ukraynanın 45 milyona yaxın əhalisi var və sahəsinə görə o qədər də kiçik dövlət deyil. Hazırda, təbii ki, dünya, xüsusən də Qərb Ukraynanı dəstəkləyir, ona sahib çıxır. Belə bir strukturdan söhbət gedir. Bu baxımdan qiymətləndirmələr aparılıb. Əlbəttə, bu da var ki, bəziləri “Bu müharibə bir həftə, 10 günə bitəcək” deyirdi. Gördüyünüz kimi, bir həftə, 10 günə bu müharibə bitməyib. Bitmədi, amma bitib-bitməməsi bir yana, çoxlu itki var. Xüsusilə uşaq və qadınlar baxımından ciddi itkilər var. İndi onlara məhəl qoymamaq mümkün deyil. Güclü Rusiyanın belə ciddi itkiləri var. Bunu müharibənin qalibi və uduzan tərəfi baxımından yaxşı qiymətləndirmək lazımdır”.

“Türkiyə Rusiya ilə Ukrayna arasında sülh olması üçün böyük səy göstərir”

Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib ki, Rusiya-Ukrayna müharibəsinin daha da ağır nəticələr verməməsi üçün başda Prezidentimiz olmaqla, Türkiyə böyük səylər göstərir: “Sülhü təmin etmək üçün verdiyimiz səylərdən məmnuniyyət duyuruq. Türkiyə olaraq, bölgədə və ondan kənarda daimi sülhün olması üçün məsuliyyətdən heç zaman qaçmadıq. Biz bir çox acıya şahidi olan ölkə kimi, Qara dənizin acılarla anılmaması üçün səylərimizi davam etdirəcəyik”. 

“Təhlükəsizlik sahəsinə daha çox vəsait ayırmalıyıq”

NATO Baş katibi Yens Stoltenberq bildirib ki, təhlükəsizlik sahəsinə daha çox vəsait ayırmalıdır. O bildirib ki, ölkələr müdafiə sahəsinə daha çox vəsait ayırdıqda, bu, cəmiyyətlər tərəfindən heç də birmənalı qarşılanmır: “Çünki vətəndaşlar istəyir ki, onların hökumətləri digər sahələrə - təhsil, tibb, sosial və s. daha çox investisiya qoysun. Ancaq yeni təhlükəsizlik reallığını, Rusiyanın Ukraynaya qarşı müharibəsini və işğal faktını gördükdə biz daha yaxşı başa düşürük ki, təhlükəsizlik sahəsinə daha çox investisiya yatırmalıyıq. Təhlükəsizliyimizi təmin etmədən biz cəmiyyətimizin rifahı ilə bağlı hədəflərimizə nail ola bilmərik. Təhlükəsizlik və sülh bütün səylərin kökündə dayanır. Buna görə də biz daha təhlükəli dünya reallığı ilə üzləşdiyimiz üçün təhlükəsizliyimizə daha çox vəsait ayırmalıyıq”.

“Ukrayna limanlarının blokadada olması dünyada ərzaq qiymətlərinin artımını tətikləyir”

Yens Stoltenberq deyib ki, Qara dənizin NATO üçün strateji önəmi böyükdür. O bildirib ki, NATO müttəfiqləri - Bolqarıstan, Rumıniya və Türkiyə Qara dəniz sahili ölkələrdir, həmçinin NATO tərəfdaşları Gürcüstan və Ukrayna da Qara dəniz sahilində yerləşir: “Qara dəniz və buradakı Ukrayna limanlarının dünya ölkələrinə qida ixracında oynadığı rol hər kəsə bəllidir. Ona görə də Rusiyanın Ukrayna limanlarını blokadaya alması yalnız Ukrayna üçün böyük problem deyil, həmçinin dünya üçün ciddi problemdir. Bu problem dünyada ərzaq qiymətlərinin artımını tətikləyir. Rusiyanın bu blokadanı dərhal aradan qaldırması və Ukraynanın taxıl ixracına imkan verməsi vacibdir”.


"Ukrayna bizim ortaq dəyərlərimiz üçün savaşır"

Baş katib bildirib ki, Ukraynanın ehtiyacı olduğu müddətə qədər hərbi dəstək verməyə davam edilməlidir: “Bu, vacibdir, çünki Ukrayna azadlıq, demokratiya və bizim ortaq dəyərlərimiz üçün savaşır. Biz uzun illər ərzində Ukraynaya dəstək vermişik. Rusiya müharibəyə başladıqdan sonra da NATO müttəfiqləri Ukraynaya hərbi yardım göndərməyə davam edib. Həmçinin, müttəfiqlər Ukraynaya maliyyə və humanitar yardım da göndərir. Ötən həftə keçirilən iclasda da Ukraynaya hərbi dəstəyin davam etdirilməsi ilə bağlı öhdəliyə sadiqlik bir daha təsdiqləndi. Biz dəstəyi davam etdirməliyik. Çünki Rusiya Ukraynada hərbi hərəkətlərini davam etdirir. Danışıqların davam etməsi yaxşıdır, lakin biz hələ də Rusiyanın əsas məqsədində dəyişiklik görmürük. Rusiyanın istədiyi bu münaqişədən hərbi nəticə əldə etməkdir və Rusiya bu hərbi nəticəyə nail olmaq üçün davam edir. Belə olan halda biz NATO müttəfiqləri olaraq Ukraynanı hərbi dəstəklə təmin etməyə davam etməliyik”. 

NATO Türkiyəyə təşəkkür edib

Stoltenberq Ukrayna və Rusiya arasında sülh danışıqlarına ev sahibliyi etdiyi üçün Türkiyəyə təşəkkür edib. O həmçinin, qeyd edib ki, rus qoşunları Ukrayna ərazisindən geri çəkilmir, sadəcə, mövqelərini dəyişir: “Rusiya Ukraynanın şərqindəki Donbas bölgəsində öz hücumunu yenidən qruplaşdırmağa, genişləndirməyə və gücləndirməyə çalışır”.

“Moskva Kiyevlə əlaqədən imtina etmir”

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Rusiya Türkiyədən Rusiya və Ukrayna XİN rəhbərlərinin yeni görüşünün təşkilinin mümkünlüyü barədə siqnal alıb. Onun sözlərinə görə, Moskva heç vaxt Kiyevlə əlaqədən imtina etmir. Qeyd edək ki, Türkiyə tərəfinin təşkilatçılığı ilə Rusiya və Ukrayna XİN başçıları arasında görüş mart ayında Antalya Diplomatiya Forumu çərçivəsində keçirilib.

“Davamlı görüşlər tərəflərin mövqelərinin bir araya gəlməsinə kömək edə bilər”

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli “Şərq”ə açıqlamasında bildirib ki, Rusiya bir aydan çoxdur Ukrayna ərazisini işğal etməyə çalışsa da, hədəflərinə çata bilməyib. Partiya rəhbəri bildirib ki, Ukraynanın şəhərləri dağıdılıb, insanlar həyatlarını itirib, əhalinin ciddi hissəsi ölkəni tərk edib: 

“Amma Moskva qarşısına qoyduğu məqsədlərə nail olmadı və bundan sonra da olmayacaq. Buna da səbəb Ukraynanın ciddi müqavimət göstərməsidir. Rusiyanın qəbuledilməz şərtləri tərəflərin anlaşma əldə etməsinə mane olur. Buna baxmayaraq, görüşlərin təşkil olunması təqdirəlayiq haldır. Xüsusən, təmasların Ankaranın təşəbbüsü ilə reallaşması və İstanbulda baş tutması Türkiyənin dünyada artan nüfuzunun göstəricisidir. Hesab edirəm ki, davamlı görüşlər tərəflərin mövqelərinin bir araya gəlməsinə kömək edə bilər. Ukrayna tərəfi bəyan edib ki, müəyyən güzəştlərə gedə bilərlər. Məsələn, Kiyev NATO-ya daxil olmaq niyyətlərindən imtina edə biləcəklərini deyib. Hələlik dirənən tərəf Rusiyadır. 

Moskva irəli sürdüyü şərtlərin qəbuledilməz olduğunu nəzərə almalı və bəzi şərtlərindən geri çəkilməlidir. Ondan sonra müəyyən razılığın əldə olunması mümkündür. Hətta yaxın günlərdə Putin-Zelenski görüşünün baş tutma ehtimalı da böyükdür”.