Qərb ölkələri qazı Putindən rublla almağa məhkumdur

Avropa hələ ki Rusiyanı əvəz edəcək başqa mənbələrə sahib deyil

   Rusiya Prezidenti Vladimir Putin qazın “dost olmayan ölkələrə” rublla satışı ilə bağlı fərman imzalayıb. Kreml rəhbəri bəyan edib ki, Qərb ölkələri qazın pulunu ödəmək üçün “Qazprombank”da rubl hesabı açmalı olacaq. Qaydalar aprelin 1-dən qüvvəyə minib. 

Qərara əsasən, mövcud müqavilələr üzrə ödəniş vaxtlı-vaxtında və ya tam həcmdə edilməzsə, xarici valyutada və ya başqa bank vasitəsilə ödənilərsə, bu halda təbii qazın verilməsi dayandırılacaq. Fransanın Maliyyə naziri Bruno Le Mer isə deyib ki, Paris və Berlin Rusiyanın qaz tədarükünü rublla ödəmək tələbini qəbul etməyəcək: 

“Biz qaza görə ödənişi müqavilələr bağlanarkən göstərilən valyutadan başqa valyuta ilə ödəməyə razılaşmayacağıq. Avro ilə bağlanan müqavilələr avro ilə ödənilməlidir”. 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Şərq”ə açıqlamasında deyib ki, qərarla bağlı Avropa ölkələrinin hansı problemlə üzləşəcəyini, necə addım atacaqlarını iki-üç gün sonra dəqiqləşdirmək mümkün olacaq. Ekspertin fikrincə, Rusiyadan qaz idxal edən əksər Qərb ölkəsi Kreml rəhbərinin yeni qərarını qəbul edəcək: 

“Bu sxem Qərb ölkələri üçün hər hansı problem yaratmır. Banklarda əlavə hesab açaraq dollar və ya avronu rubla çevirərək ödəmələri həyata keçirəcəklər. Putinin qərarından asılı olmayaraq, indiki şəraitdə Rusiya öz qazını Avropaya satmaqda, Qərb ölkələri isə bunu almaqda maraqlıdır. Avropa hələ ki Rusiyanı əvəz edəcək başqa mənbələrə sahib deyil. Qərblə Rusiya arasında sovet dönəmində olduğu kimi qarşılıqlı təzyiq göstərmə prosesi gedir. Yəni kim nəyi bacarırsa, onu edir”.