Sonu görünmür: Ukraynada müharibə illərlə davam edə bilər

Avropa dövlətləri silahı yerə qoyacaq rus əsgərlərinə sığınacaq verəcək

Rusiya məğlub olduğunu artıq dərk edir: “Sadəcə olaraq, geri çəkilmək Putin üçün intihara bərabərdir"

“Rusiya məqsədli şəkildə Ukrayna şəhərlərini yerlə-yeksan edir, humanitar koridorları blokadaya alır, aclıq böhranı yaradır, insanların gizləndiyi sığınacaqları məqsədli şəkildə bombalayır. Mariupol, Borodyanka, Xarkov və digər şəhərlərdə də vəziyyət Buçadakı kimidir”. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib. 

Zelenski bildirib ki, Rusiya Ukraynada törətdiklərini etiraf etmir, müxtəlif versiyalar səsləndirir, hər kəsi günahlandırır: “Rusiya tərəfi iddia edir ki, bu, səhnələşdirilib. Biz bütün faktları toplayırıq, bu yöndə beynəlxalq institutlarla işləyirik, jurnalistlərin bu ərazilərə girişini təmin edirik ki, onlar baş verənləri öz gözləri ilə görsünlər”. O, Ukraynanın hər zaman başqa ölkələrin çətin vaxtlarında yanında olduğunu vurğulayıb: “Ona görə də bu gün Ukraynanın haqqı var ki, BMT Təhlükəsizlik Şurasından tələb etsin ki, Ukraynada sülhün təmin olunması ilə bağlı qərar versin. Əgər siz qərar verə bilmirsinizsə, o zaman iki şey edə bilərsiz - təcavüzkar olan Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarın ki, o, veto hüququndan istifadə edə bilməsin. Və digər seçim, əgər müzakirə etməkdən başqa əlinizdən bir iş gəlmirsə, özünüzü buraxın. Ukrayna sülh istəyir, Avropa sülh istəyir və ən əsası dünya sülh istəyir”. 

“Rusiya Ukraynadakı kənd təsərrüfatını vurur, aclıq olacaq”

Zelenski deyib ki, Rusiya Ukraynadakı bütün kənd təsərrüfatı müəssisələrini, aqrar texnikaları məhv edir, limanları blokadaya alır: “Çünki aclığa öz silahı kimi baxır. Onlar ardıcıl olaraq yanacaq anbarlarını, qida paylama mərkəzlərini, hətta adi kənd təsərrüfatı texnikasını məhv edir, hər yeri minalayırlar. Bundan başqa ruslar bizim kənd təsərrüfatı məhsulları ilə dolu olan gəmilərlə birlikdə limanları da bağlayıblar. Ukrayna dünya ərzaq bazarında aparıcı dövlətlərdən biridir. İxracımız olmasa, təkcə defisit yox, Afrika və Asiyanın bir sıra ölkəsi üçün aclıq təhlükəsi yaranacaq. Çünki kifayət qədər istehsal həcmi olmayacaq və qiymətlər xeyli artacaq”. 

“Rusiya orduya yeni axmaqları toplayır”

Zelenski bildirib ki, Rusiya hərbi məktəblərin kursantları arasında Ukraynada döyüşmək istəyənləri axtarır: “Ukrayna Silahlı Qüvvələri düşmənin ölkənin dərinliklərinə keçməyə çalışdığı ərazilərin əksəriyyətini nəzarətdə saxlayır. Ən çətin vəziyyət əvvəlki günlərdə olduğu kimi, Donbas və Xarkov istiqamətindədir. Amma biz davam edirik. Bizim müdafiəçilərimiz rus qoşunlarını dayandırmaq üçün hər şeyi edir. İşğalçılar sayca və texnika baxımından üstündür. Rusiya liderlərinin bütün hərbi məktəblərin kursantları, döyüş təcrübəsi olan insanlar və çağırışçılar arasından yeni axmaqları toplamaq cəhdlərindən xəbərimiz var. Onların hamısını qırğına, növbəti hücuma göndərmək istəyirlər. Amma bizim başqa seçimimiz yoxdur, torpağımızın, xalqımızın taleyi həll olunur. Biz nə üçün mübarizə apardığımızı bilirik və qələbə üçün hər şeyi edirik”. 

Kuleba Qərbə növbəti çağırış edib 

Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba Qərb ölkələrini Kiyevə hərtərəfli dəstək verməyə, Rusiyaya qarşı daha güclü sanksiya tətbiq etməyə və bu müharibənin genişlənməsinin qarşısını almaq üçün daha çox silah göndərməyə çağırıb. Qeyd edək ki, Avropa Birliyi Rusiyaya beşinci sanksiya paketini bəyan edib. Rusiya kömürünün idxalına embarqo və Rusiyanın ən böyük banklarından biri olan VTB-yə qarşı yeni məhdudiyyətlər tətbiq olunacaq.

“Aİ-nin Rusiya yanacağına ödədiyi vəsait Ukraynaya hərbi yardımdan 35 dəfə çoxdur”

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib ki, Ukraynada müharibə başlayandan Avropa İttifaqı (Aİ) Rusiyadan 35 milyard avro dəyərində yanacaq alıb. O bildirib ki, Aİ bu müddətdə Ukraynaya cəmi 1 milyard avro dəyərində silah-sursat yardımı edib: “Biz ukraynalılara özlərini müdafiə etmələri üçün yardım etməliyik. Biz Ukraynaya 1 milyard avro vermişik. Bu, çox görünə bilər, lakin bu məbləği biz (Rusiya Prezidenti Vladimir – red.) Putinə bizə tədarük etdiyi enerjiyə görə hər gün ödəyirik. Bu gün biz kömür alışına son veririk, lakin bunun həmin məbləğdəki payı çox kiçikdir”. 

“Roma Papası Buçada baş verənləri qınayıb, Ukrayna bayrağını öpüb”

Roma Papası Fransisk Ukraynanın Buça şəhərində törədilmiş qətliamı qınayıb. Papa Fransisk Buça şəhərindən göndərilmiş Ukrayna bayrağını öpüb: “Ukraynadan son xəbərlər bizə rahatlıq və ümid gətirmək əvəzinə Buça qətliamı kimi yeni vəhşiliklər gətirdi. Bu müharibəni dayandırın! Qoyun silahlar sakit qalsın! Ölüm və dağıdıcılığı dayandırın!”. Fransisk çıxışının əvvəlində BMT-ni qeyri-effektivlikdə ittiham edib: “Ukraynadakı müharibə fonunda biz BMT-nin qeyri-effektivliyinə şahid oluruq”.

“Buçada ən azı 25 qız və qadına təcavüz edilib”

Ukraynanın İnsan Haqları üzrə Müvəkkili Lyudmila Denisova Buçada Rusiya hərbçiləri tərəfindən ən azı 25 qız və qadına təcavüz edildiyini deyib. Onun sözlərinə görə, yardım məqsədi ilə yaradılmış “qaynar xətt”ə Rusiya hərbçilərinin zorladığı 14-24 yaş aralığında olan 25 qız və qadın tərəfindən zənglər daxil olub: “Biz bu dəhşətli cinayətləri sənədləşdirməyə davam edəcəyik və hər bir cinayətkar cəzalandırılacaq”. 
Qeyd edək ki, Buça meri Anatoli Fedoruk işğal zamanı şəhərdə 320 mülki şəxsin rusiyalı hərbçilər tərəfindən qətlə yetirildiyini bildirib. Rusiya tərəfi isə Buçada törədilmiş qətliama görə məsuliyyət daşımadığını bəyan edib.

"Biz iki qlobal güclə üzləşirik: Çin və Rusiya"

ABŞ Silahlı Qüvvələrinin generalı Mark Milley qeyd edib ki, Rusiyanın Ukraynanı işğalı Avropa və bütün dünyada gördüyü sülh və təhlükəsizliyə ən böyük təhdiddir: “Rusiyanın Ukraynanı işğalı yalnız Avropada sülh və sabitliyə deyil, dünyada sülh və sabitliyə zərbə vurmaq təhdididir ki, mənim valideynlərim və amerikalı nəsillər bunun müdafiəsi üçün çox mübarizə aparıb. Biz iki qlobal güclə üzləşirik: Çin və Rusiya. Nəzərəçarpacaq hərbi imkanları olan bu ölkələr qaydalara əsaslanan hazırkı qlobal nizamı fundamental şəkildə dəyişmək niyyətindədir. Biz daha qeyri-stabil bir dünyaya daxil oluruq və böyük beynəlxalq münaqişə üçün potensial azalmır, artır”. General Ukraynada münaqişənin illərlə davam edə biləcəyini də vurğulayıb.

Aİ Ukraynada tapşırıqları icra etməyən rusiyalı hərbçilərə sığınacaq verə bilər

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Ukraynada müharibəyə qatılan rus əsgərlərinə çağırış edib. Mişel deyib ki, Rusiyanın hərbi rəhbərliyinin tapşırıqlarını icra etməyən hərbçilərə sığınacaq verilə bilər: “Mənim bu müharibədə iştirak edən rus əsgərlərinə mesajım var. Əgər siz ukraynalı bacı və qardaşlarınızın öldürülməsində iştirak etmək istəmirsinizsə, əgər siz cinayətkar olmaq istəmirsinizsə, o zaman silahlarınızı atın, savaşmağı dayandırın və döyüş meydanını tərk edin. Üzv ölkələrdən bəzi rəsmilər təklif edir ki, Rusiya hərbi qüvvələrinin tapşırıqlarını icra etməyənlərə sığınacaq verək. Düşünürəm ki, bu, dəyərli ideyadır və reallaşdırılmalıdır”. Aİ Şurasının prezidenti qeyd edib ki, Rusiya qüvvələrinin Ukraynada mülki əhaliyə qarşı qəddarlığının limiti yoxdur.
Şarl Mişel Rusiyanı müharibə cinayəti törətməkdə ittiham edib: “Biz bu reallığı görürük, bütün bunları törədənlər məsuliyyətə cəlb olunmalı və ağır nəticələrlə üzləşməlidir”. 

Almaniya Ukrayna ilə təhlükəsizlik zəmanətləri barədə məxfi müzakirələr aparır

Almaniya Kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı deyib ki, Almaniya təhlükəsizlik zəmanətləri ilə bağlı Kiyevlə məxfi müzakirələr aparır: “Biz Ukrayna ilə təhlükəsizlik təminatı ilə bağlı danışıqlar aparırıq. Bu danışıqlar məxfi xarakter daşıyır”.

“Ukrayna ilə danışıqlar prosesi pozulmayıb, davam edir”

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna ilə danışıqlar prosesi davam edir, qarşıda uzun yol var, lakin indi hər şey ağır gedir: “Təbii ki, biz Ukrayna tərəfdən daha çox dinamika görmək istərdik”. O, danışıqlar prosesinin pozulmadığını və davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, Rusiya danışıqlar yolu ilə hərbi əməliyyatları dayandırmaq istəyir: “Zelenski Ukrayna prezidentidir və biz onun Rusiya nümayəndə heyətinin ona dəqiq şəkildə məlumat verdiyi şərtlərimizlə razılaşmasında maraqlıyıq”. 

“Moskva Kiyevlə siçan-pişik oynamayacaq”

Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Kiyevlə siçan-pişik oynamayacaq: “Bizi Ukrayna tərəfinin müqavilə bağlanarsa, bir neçə gün ərzində bütün hərbi əməliyyatların dayandırılmasını, Rusiya Silahlı Qüvvələrinin Ukraynanı tərk etməsini və bundan sonra referendum və parlamentdə ratifikasiya keçirməli olduğunu tələb etmək qərarına gəlməsi narahat edir. Çox böyük ehtimal var ki, bu ratifikasiya və referendum mənfi nəticə verdikdə, danışıqlar prosesinə yenidən başlamaq lazım gələcək. Biz belə siçan-pişik oynamaq istəmirik”. 

“Tərəflər arasında razılaşmanın ola biləcəyini düşünmürəm”

Ukrayna-Rusiya müharibəsinin gedişatını “Şərq”ə şərh edən politoloq Azər Rəşidoğlu deyib ki, Putin Rusiyası öz imzasına və sözünə hörmət qoymur. Lakin analitikin fikrincə, Rusiya məğlub olduğunu artıq dərk edir:

“Sadəcə olaraq, geri çəkilmək Putin üçün intihara bərabərdir. Qərb isə savaşın və sanksiyaların davam etməsində maraqlıdır. Bu baxımdan, tərəflər arasında tezliklə razılaşmanın ola biləcəyini düşünmürəm. Proseslər Putinin devrilməsinə və ya siyasi səhnədən çəkilməsinə qədər davam edəcək”.