Moskva sakitdir: Kreml sülhə xeyir-dua verib


Çünki Brüssel görüşündə Rusiyanın imzası olan üçtərəfli sazişə istinad edilib


“Rəsmi Moskva Bakı ilə İrəvan arasında Brüsseldə keçirilən danışıqları müsbət dəyərləndirir”. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin öz ölkələrinin xarici işlər nazirlərinə sülh müqaviləsi üzrə danışıqlara başlamağı tapşırmasını şərh edən Kreml rəsmisi söyləyib ki, bu, uzun sürən prosesdir: “Bunun çox uzun proses olduğu aydındır. Ancaq belə bir sənədin imzalanması istiqamətində irəliləyiş özlüyündə çox müsbət faktdır və alqışlanmağa layiqdir”. 

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov da erməni həmkarı Ararat Mirzoyanla görüşdə bildirib ki, tərəflər arasında delimitasiya ilə bağlı birgə komissiyanın yaradılması üçün heç bir problem yoxdur. Lavrov Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı komissiyanın yaxın vaxtlarda yaradılacağına ümid etdiyini vurğulayıb: “Bildiyiniz kimi, bununla bağlı prinsipial razılıq ötən ilin noyabrında Soçidə əldə olunub. Ümid edirik ki, ən yaxın vaxtlarda belə komissiya yaradılacaq. Bizim qiymətləndirmələrimizə görə komissiyanın yaradılması yolunda hansısa maneə müşahidə etmirik”. 

Xatırladaq ki, martın 31-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderləri ilə telefonla danışmışdı. Kremlin yaydığı bəyanata görə, Putin Qarabağdakı vəziyyəti, o cümlədən 10 noyabr üçtərəfli razılaşmaların icrasını müzakirə edib. Putinin telefon danışığı Aİ Şurası prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aprelin 6-da Brüsseldə ölkə rəhbəri İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında görüşün baş tutacağı ilə bağlı məlumatdan sonra olub. Bundan əvvəl Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş olub. Ekspertlərin fikrincə, tərəflərin Rusiyadan tamamilə kənarda və Moskvadan nəsə gizlədərək Brüsseldə görüşdüyünü iddia etmək doğru deyil. Birincisi, Avropa İttifaqı Şurasının təşkil etdiyi Brüssel görüşündə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatlara istinad edilib. Bu da ondan xəbər verir ki, Avropa hələ də Moskva ilə Qafqaz platformasında işləməkdə maraqlıdır. Hazırda bu, həm də region ölkələrinin maraqlarına uyğundur. Digər yandan indiki məqamda Rusiyadan yan keçməklə nəticə əldə etmək cəhdi gərginliyin və sabitliyin azalmasından daha çox vəziyyətin daha da kritikləşməsinə səbəb ola bilər. 

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Şərq”ə açıqlamasında bildirib ki, Rusiyanın Brüssel görüşünə müsbət reaksiya verməsi Moskva ilə Bakı arasında 22 fevralda imzalanmış müttəfiqlik haqqında bəyannamənin müddəaları ilə bağlıdır. Professorun sözlərinə görə, rəsmi Bakı bu bəyannamə ilə Rusiyanın Qafqaz, daha doğrusu, Azərbaycan siyasətini kifayət qədər yumşaldıb: 

“Bu baxımdan Peskovun dili ilə Moskvanın danışıqlara normal mövqe sərgiləməsi bizim üçün önəmlidir. Adətən, qərəzli açıqlamalar verən Xarici işlər naziri Sergey Lavrov da görüşü təqdirəlayiq hesab edib. Maraqlıdır ki, Lavrov ilk dəfə olaraq “Dağlıq Qarabağ” yox, sadəcə “Qarabağ” ifadəsini işlətdi. Düzdür, rusiyalı rəsmilər yenə də bir məqamı xüsusi gündəmə gətirirlər ki, “sülhməramlılar öz fəaliyyətini icra edirlər”. Ancaq ümumi mövqe bizi qane edir. Həmişə ermənipərəst siyasətçi kimi fərqlənən Lavrov Brüssel görüşü ilə bağlı loyal açıqlamalar verdi. Ermənistandakı revanşistlər və Rusiyadakı dəstəkçiləri nə qədər çalışsalar da, Avropa İttifaqının Şurasında “Dağlıq Qarabağ” ifadəsi səslənmədi. Bu, Azərbaycanın xarici siyasətinin uğurudur. Əlbəttə, alt qatda Rusiyanın Qərbin təşkil etdiyi görüşdən, Avropa İttifaqı Şurasının vasitəçiliyindən narazı olması gözlənilən və təbiidir. Lakin Kremlin rəsmən narazı mövqe sərgiləməsi qeyri-mümkündür”. 

C.Nuriyev də diqqət çəkib ki, Brüssel görüşündə Rusiyanın imzası olan üçtərəfli sazişlərə istinad edilib:

 “Müzakirələr eyniylə Rusiyada da aparılıb. Brüssel görüşündə vurğulanıb ki, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatların bütün müddəaları icra olunmalıdır. Kreml də rəsmən bunu bəyan edir. Rusiya, Qərb ölkələri, o cümlədən Ermənistan Minsk qrupunu prosesə yenidən cəlb etmək istəsələr də, rəsmi Bakı çox ustalıqla həmsədrlik institutunu danışıqlardan kənarlaşdıra bildi. Mövcud şərtlərlə keçiriləcəyi halda növbəti görüşün harada baş tutacağının əhəmiyyəti yoxdur. İndiki şəraitdə düşünmürəm ki, Rusiya tərəflər arasında yeni görüşün keçirilməsində maraqlı olsun. Moskvanın başı Ukraynaya qarışıb və ona əlavə gərginlik, yeni cəbhə lazım deyil. Kreml siyasi cəhətdən zərərsizləşdirilib. Azərbaycana qarşı əvvəlki ritorikası da xeyli dəyişib. O baxımdan hesab etmirəm ki, Moskva Azərbaycan-Ermənistan arasında əldə olunmuş müəyyən anlaşmaları pozmağa çalışacaq”.