Türkiyənin regionda mövqeyi möhkəmlənir

Azərbaycan sülh müqaviləsinin hazırlanmasında qarşıda duran çağırışları Türkiyənin maraqları ilə ayaqlaşdıracaq

   Dünən Prezident İlham Əliyev Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğana zəng edib. Telefon danışığı əsnasında aprelin 6-da Azərbaycan və Ermənistan arasında Brüsseldə keçirilmiş üçtərəfli görüş haqda söhbət aparılıb. Prezident İlham Əliyev görüşün nəticələrini müsbət qiymətləndirdiyini bildirib. Dövlət başçısı Azərbaycanın təqdim etdiyi baza prinsipləri əsasında sülh müqaviləsinin hazırlanması üzrə işçi qrupun yaradılması, sərhədlərin delimitasiyası üçün komissiyanın təsis edilməsi barədə əldə olunmuş qərarları qeyd edib. Türkiyə lideri Ərdoğan da öz növbəsində əldə olunmuş nəticələrdən məmnunluğunu ifadə edib. Söhbət zamanı Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının, nəqliyyat-kommunikasiya xətlərinin qurulmasının regionda davamlı sülhün və sabitliyin təmin olunmasına xidmət edəcəyi vurğulanıb. Dövlət başçıları, həmçinin Azərbaycan və Türkiyə arasında ikitərəfli müttəfiqlik əlaqələrinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar. 

Liderlərin telefon danışığını “Şərq”ə şərh edən siyasi şərhçi Aqşin Kərimov deyib ki, Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində baqajına məsuliyyət yükləməsi Türkiyənin strateji maraqlarına uyğundur. Analitikə görə, Türkiyənin ABŞ və Avropa İttifaqı ilə münasibətlərində ara-sıra kəskin yoxuşlar yaransa da, ümumilikdə Ankara Qərblə əlaqələri inkişaf etdirməyə sadiqdir: 

“Bu, Türkiyənin xarici siyasətinin təməlindəki davamlılıqdan irəli gəlir. Azərbaycan Vətən müharibəsində qələbə qazandıqdan sonra Türkiyə Cənubi Qafqazda yeni münasibətlər sisteminin formalaşmasında əhəmiyyətli rol oynamağa başlayır. Türkiyənin Avropa İttifaqından qopan və üzünü başqa coğrafiyalara tutan Britaniya ilə münasibətləri güclənir. Bu isə Ankaranın baqajına Qərbdən növbəti dividend gətirir və Ankaranın Cənubi Qafqazdakı postmünaqişə periodunda həlledici iştirakını stimullaşdırır. Düzdür, Türkiyə Rusiya ilə Qərb arasında tarazlığı saxlamaq aktı ilə Cənubi Qafqazda addımlar atır və özü üçün yeni oriyentasiyalar yaradır. Azərbaycan və Türkiyə liderlərinin sonuncu telefon danışığı, rəsmi Bakının Brüsseldə Nikol Paşinyanla görüşündən sonrakı gedişatları Bakı-Ankara ikilisinin müştərək strateji maraqlarına uyğunlaşdırmaq məqsədi daşıyır”. 
Ekspert vurğulayıb ki, ümumiyyətlə, son zamanlar regionun tərəzisindəki əqrəbin Türkiyənin ağırlığı ilə əyildiyi müşahidə edilir: “Ankaranın bununla Rusiyanın təsir dairəsini azaltmağa çıxış imkanları əldə etmək istəyir. Bu, ondan irəli gəlir ki, Ankaranın Kremllə isti münasibətləri olsa da, onun Cənubi Qafqaza dair xarici siyasətinin istiqamətləri sırasında region dövlətlərinin Avroatlantik məkana inteqrasiya səylərini dəstəkləmək dayanır. Bu isə Qərb ilə Türkiyə arasında ortaq maraq yaradan nöqtədir. Hərçənd, ABŞ, Fransa, Almaniya Ankaranı Qafqazda güc mərkəzi yaratmasına qarşıdır. Bakı-Ankara strateji müttəfiqliyinin xarakterindən irəli gələrək, Azərbaycan dövləti Türkiyəyə qarşı qısqanclıqların önünə keçir. Görünür ki, Brüssel danışıqlarında Əliyev Türkiyə amilinə də xeyli vurğu edib. Buna görədir ki, Əliyev Ərdoğanla telefon müzakirələrində Paşinyanla sonuncu görüşünü müsbət qiymətləndirib, Ərdoğan isə nəticələrdən məmnunluğunu ifadə edib”.
A.Kərimov vurğulayıb ki, Azərbaycan sülh müqaviləsinin hazırlanmasında qarşıda duran çağırışları Türkiyənin maraqları ilə ayaqlaşdıracaq: “Bakının bu hədəfi Türkiyənin sülhyaratma işindəki təşəbbüslərini artıracaq. Azərbaycan postmünaqişə dövründəki güclərin rəqabətinin Türkiyəyə qarşı ox yaratmasına qarşıdır. Türkiyənin regionda aktivliyini artırması digər oyunçuların onunla hesablaşmasına gətirib çıxarır. Brüssel danışıqlarındakı razılaşmalarla regionda iqtisadi-siyasi və təhlükəsizlik məsələlərindəki əməkdaşlıqda yeni istiqamət açılır. Telefon zamanı liderlərin ikitərəfli müttəfiqlik əlaqələrinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparmaları bunun sübutudur”.