Paşinyan “siyasi flügerlik” edir: Gah Makrona, gah da Pekressə tərəf  “əsir” – ŞƏRH 

Fransada prezident  seçkilərin  birinci mərhələsi  baş tutub. Namizədlərdən biri Qarabağa qanunsuz səfəri ilə diqqətçəkən Valeri  Pekress olub . O, bu səfərlə erməni dəstəkçilərindən  səs toplamağı hədəfləyirdi. Amma seçikilərdə 5 faizdən dən az səs toplamaqla uğursuzluğa düçar oldu.  Qeyd edək ki, bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan V.Prekressi  öz ölkəsinə dəvət edib. Baş nazirin  belə bir vəziyyətdə Makronu deyil, onun rəqibi olan Pekressi dəstəkləməsini bəzi ekspertlər xəyanət kimi qələmə veriblər. Baş verənlərin Fransa ilə Ermənistanın münasibətlərinə təsirsiz ötüşməyəcəyi də iddia olunur.

Vəziyyəti “Sherg.az”a şərh edən BDU-nun müəllimi, beynəlxalq məsələlər  üzrə ekspert  Sultan Zahidov bildirib ki, Fransa ilə Ermənistan arasındakı münasibətlərə sırf prezidentlər səviyyəsində şərh verilməməlidir:

“Erməni diasporu uzun illərdir ki, Fransada qüvvətlənib və oradakı dövlət qurumlarına kifayət  qədər təsiri var. Ermənilər orada istər prezident seçkilərində, istər parlament seçkilərində aktiv şəkildə öz maraqlarını təbliğ edirlər. Amma sözsüz ki, Paşinyanla Makron arasındakı münasibətlər əvvəlki  liderlərə baxanda daha yaxın səciyyə daşıyırdı. İkinci Qarabağ müharibəsində də bunu sezdik. Düşünürəm ki, Makronun əsassız çıxışlarının arxasında Paşinyan və erməni diasporu ilə olan münasibətlər dayanırdı”.

Ekspertin sözlərinə görə, N.Paşinyanın bu hərəkəti müəyyən qədər gərginlik yarada bilər:

“Sözsüz ki, erməni baş nazirinin bir partiya rəhbərini Ermənistana dəvət edib yeni münasibətlər yaratmağa çalışmasını Makron bəyənməyib. Bu onu göstərir ki, Ermənistan sözün əsl  mənasında siyasi flügerlik həyata keçirir. Yəni, külək hansı tərəfə əsirsə, ora doğru istiqamətini dəyişir. Şübhəsiz ki, bu müəyyən qədər münasibətlərdə gərginlik yarada bilər. Amma düşünmürəm ki, Paşinyan bütün “kart”larını hər hansı bir namizədə qoysun. Çünki Makronun özünün də qalib gəlmə ehtimalı var. Seçkilərin ikinci raundu baş tutacaq.  Paşinyan yenidən Makronla hazırkı gərginliyi düzəltməyə çalışacaq. Azərbaycan Ermənistan münasibətlərində Paşinyan  ATƏT-in Minsk qarupunu yenidən nizamlama prosesinə cəlb etməyə çalışır. Burada da erməni baş nazir  başa düşür ki, üzv kimi Fransanın da rolu nəzərə alımalıdır. Ona görə,  Fransada kim hakimiyyətə gəlir - gəlsin, Paşinyan üçün  vacib olan Fransa ilə təmas xətləri qurmaqdır”.

 S.Zahidov hesab edir ki, müəyyən qədər gərginlik olsa da, bu Paşinyan və Makron münasibətlərini ciddi şəkildə sıfır nöqtəsinə gətirməyəcək.