“Brüssel danışıqları Ermənistan cəmiyyətində ciddi şok yaradıb”

“Danışıqlardan dərhal sonra Minsk qrupunun fəaliyyətini dayandırılması haqqında da bəyanat verildi”

“Bu Ermənistan cəmiyyəti üçün ikinci zərbə oldu. Çünki onlar bütün ümidlərini Minsk qrupuna və orada ermənipərəst mövqedən çıxış edən ABŞ və Fransaya bağlamışdılar”

“Bu vəziyyətdə Ermənistan çıxış yolu axtarır, sülh danışıqlarına getmək məcburiyyətindədir”

Ötən  gün Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-ə cavab verib. “Ermənistan XİN-in növbəti əsassız, hüquqazidd, düşmənçilik dolu bəyanatını rədd edir, iki dövlət arasında normallaşma addımlarının atılması qərarları verildiyi bir vaxtda Ermənistan tərəfinin dağıdıcı mövqeyini qətiyyətlə qınayırıq”.
Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında əksini tapıb.

“1 milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyaraq, bu insanların 30 ilə yaxın fundamental hüquqlarını kobudcasına pozan, hərbi təcavüz zamanı çoxsaylı hərbi cinayətlər törədən, o cümlədən 613 mülki şəxsi Xocalıda bir gecədə vəhşicəsinə qətlə yetirən, hələ 90-cı illərin əvvəllərində itkin düşən və bir hissəsinin kütləvi məzarlıqları indi tapılan 4000-ə yaxın azərbaycanlının taleyi ilə bağlı cavabdehlik daşıyan və törətdiyi çoxsaylı cinayətlərə görə bu günədək məsuliyyətdən yayınan Ermənistan tərəfi hansı əsasla kütləvi qətldən, etnik təmizləmədən danışır?!Ermənistan XİN-in Azərbaycan ərazisində separatçılığı təşviq edən, beynəlxalq hüquqa zidd olaraq digər dövlətin daxili işlərinə müdaxilə olan, bölgədə sülh quruculuğu səylərinə xələl gətirən bu bəyanatı qarşı tərəfin əsl niyyətinin normallaşma və sülh şəraitində birgə yaşayış olmadığını nümayiş etdirir. Ermənistanın seçimindən asılı olmayaraq, Azərbaycan öhdəliklərinə və beynəlxalq hüquqa uyğun olaraq, beynəlxalq sərhədləri çərçivəsində inkişaf və tərəqqiyə doğru addımlarını davam etdirəcəkdir”, - nazirlikdən bildirilib.

Azərbaycan və Ermənistan rəhbərlərinin Brüssel görüşündən sonra Ermənistan tərəfinin yenidən bu cür addım atmasını “Sherg.az”a  şərh edən Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov  bildirib ki, Brüssel danışıqları Ermənistan cəmiyyətində çox ciddi şok yaradıb:

 “Danışıqlardan dərhal sonra Minsk qrupunun fəaliyyətini dayandırılması haqqında da bəyanat verildi. Bu Ermənistan cəmiyyəti üçün ikinci zərbə oldu. Çünki onlar bütün ümidlərini Minsk qrupuna və orada ermənipərəst mövqedən çıxış edən ABŞ və Fransaya bağlamışdılar. Bu vəziyyətdə Ermənistan çıxış yolu axtarır, sülh danışıqlarına getmək məcburiyyətindədir. Şarl Mişel Paşinyanı inandırdı ki, Qarabağ məsələsinin sülh sazişinə salınması qeyri-mümkündür. Amma Ermənistanın əsas tələbi bu idi. Sülh sazişi ayrıca müzakirə olunmalıdır. Qarabağa status vermək isə tamamilə başqa məsələdir və Ermənistan hələ bundan əl çəkmək fikrində deyil. Qərb də bu mövzuda ona müəyyən dəstək verir”.

A.Səmədovun sözlərinə görə, bütün bunlar Ermənistan hakimiyyətinin cəmiyyətin fikrini yayındırmaq cəhdləridir:

“Brüssel danışıqlarının nəticələrini qəbul etmədiklərinə görə, Minsk qrupunun  ləğvi şokunu yaşadıqlarına və Sergey Lavrovun kəskin bəyanatına görə, Ermənistan cəmiyyəti çaş-baş vəziyyətdədir. Görünür, ona görə də bu durumda rəsmi  İrəvan cəmiyyətə müəyyən mesajlar vermək ehtiyacı hiss edir. Müxtəlif məsələlərdə Azərbaycanı günahlandırmağa çalışır, böhtanlar atırlar. Bütün bunlar daxili auditoriya üçün hesablanmış adddımlardır. Məqsəd cəmiyyətlərinin fikirlərini əsas problemdən yayındırmaqdır. Əsas problemlər də kifayət qədər böyük və ağırdır”.

Ümid edirəm ki, Azərbyacan bu danışıqların nəticəsində ciddi uğurlar qazana bilər. Ancaq mübarizə bitməyib. Ermənistan maneə olmağa davam edəcək. 

Rusiya ilə Avropa İttifaqı arasındakı ziddiyyətlər artıq aydın görünür və Rusiya əlindən gələni edəcək ki, Aİ-ni vasitəçi kimi bu məsələdən uzaqlaşdırsın. Tamamilə istisna olunmayıb ki, bir gün Moskvada yenidən bir sülh sazişinin imzalanması cəhdi göstərilə bilər”.