Problemləri İrəvan yaradır

Əslində Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçlü formatda əməkdaşlıq da mümkündür

"Biz də hesab edirik ki, üç ölkənin əməkdaşlığı, kommunikasiyanın vahid sistemə keçməsi region dövlətləri üçün faydalı olar"

   Prezident İlham Əliyev aprelin 27-də Gürcüstanın Xarici işlər naziri İliya Darçiaşvilini qəbul edib. Dövlət başçısı ikitərəfli münasibətlərin ölkələrimiz və xalqlarımızın qarşılıqlı dəstəyinə, həmrəyliyinə əsaslandığını bildirib. Əlaqələrimizin möhkəm təməllər üzərində qurulduğunu deyib. Ölkə rəhbəri ötən 30 il müddətində Azərbaycanla Gürcüstan arasında mövcud olan dostluq münasibətlərinin regional sabitlik və əməkdaşlıq işində mühüm amil olduğunu bəyan edib. İqtisadi sahədə əməkdaşlığa toxunan Prezident xüsusilə nəqliyyat sferasında yeni imkanların olduğunu vurğulayıb. 

Cənubi Qafqazın inkişafı ilə bağlı ölkələrimizin birgə baxışlarının olduğunu deyən dövlət başçısı xüsusilə postmünaqişə dövründə Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçlü formatda qarşılıqlı fəaliyyət üçün yaxşı imkanların olduğunu söyləyib. Azərbaycan tərəfinin buna hazır olduğunu qeyd edib. Prezident Gürcüstanın da bu mövqeyi bölüşdüyünü diqqətə çatdırıb. Ermənistanın da regionda sabitliyin və təhlükəsizliyin bərqərar olmasının yeganə yolunun birgə əməkdaşlıqdan keçdiyini anlayacağına ümidvarlığını ifadə edib.
Ölkə başçısının diqqət yönəltdiyi məqamı “Şərq”ə dəyərləndirən politoloq Tofiq Abbasov bildirib ki, Prezident İlham Əliyev bir neçə dəfə İrəvanın nəzərinə çatdırıb ki, rəsmi Bakı hərtərəfli əməkdaşlığa hazırdır. Ekspert vurğulayıb ki, Azərbaycan tərəfi ikitərəfli münasibətlərlə yanaşı, üçlü, dördlü əməkdaşlıq platformaları ilə bağlı mövqeyini ortaya qoyub: “Bir müddət öncə “2+2”, yəni Azərbaycan-Türkiyə və Rusiya-Ermənistan formatı gündəmə gəlmişdi. Buna da hazır olduğumuzu açıqlamışdıq. Rəsmi Bakı İrəvanı mürəkkəb seçim, dilemma qarşısında qoymur. Əksinə, məğlub və işğalçı bir dövlətə yeni imkanlar təklif edirik. Ancaq ermənilər buna rəğmən, yenə pozuculuqla məşğul olurlar. 

Azərbaycanın qonşu Gürcüstanla əlaqələri məlumdur. İki ölkə arasında sıx münasibətlər mövcuddur. Əlbəttə, müəyyən mərhələdə Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçlü formatda əməkdaşlıq da mümkündür. Xatırladım ki, ötən əsrin əvvəllərində, konkret 1918-ci ildə Azərbaycan, Gürcüstan və Ermənistan birlikdə “Zaqafqaziya Demokratik Federativ Respublikası” yaratmışdılar. Məntiq etibarı ilə də üçtərəfli format daha münasib görünür. Faktiki olaraq üç qonşu xalqın qarşısında duran prioritetlər oxşardır. Lakin bu əməkdaşlıqda əsas problem Ermənistandır. Elə “Zaqafqaziya Federasiyası” dağıldıqdan, hər üç ölkə öz müstəqilliyini qəbul etdikdən sonra Ermənistan Azərbaycana və Gürcüstana müharibə elan etdi, ərazi iddiaları irəli sürdü. Ermənilərin tarixi işğalçılıq xəstəliyi hələ öz reseptini, müalicəsini tapmayıb”. 

T.Abbasov Gürcüstanın Azərbaycan-Ermənistan arasında vasitəçilik təklifinə də toxunub: 

“Gürcüstan Prezidenti Salome Zurabişvili deyirdi ki, “Tbilisi Bakı-İrəvan arasında vasitəçi rolunu oynaya bilər”. Əslində Azərbaycanın buna ehtiyacı yoxdur. Gürcüstan tərəfi humanistlik nümayiş etdirir, bölgədə sülh tərəfdarı olduğunu göstərir. Biz də hesab edirik ki, üç ölkənin əməkdaşlığı, kommunikasiyanın vahid sistemə keçməsi region dövlətləri üçün faydalı olar. Amma İrəvanla heç bir prosesi sağlam müstəvidə aparmaq mümkün olmur. Çünki Ermənistan rəhbərliyinin sözü ilə əməli bir-birinə uyğun gəlmir. İrəvan öz cığallığını, pozuculuğunu, radikallığını birdəfəlik kənara qoymalıdır. İlk növbədə bizi, sonra Gürcüstanı əmin etsin ki, ərazi iddialarından vaz keçirlər. 

Rəsmi Bakı problemlərin həlli üçün İrəvana birbaşa ikili görüşlər, vasitəsiz müzakirələr də təklif edir. Çünki vasitəçilər prosesi daha da uzadır, həllini çətinləşdirir”.