Nəhayət Ermənistan vəziyyətini anlamalıdır

ABŞ-ın Azərbaycanın müstəqilliyinə verdiyi qiymət bütün qüvvələrə ən yaxşı dərsdir

“Dünyada 200-ə yaxın ölkə var və ABŞ heç də bütün ölkələrin rəsmi bayramlarında həmin ölkənin prezidentinə, xalqına təbrik məktubu göndərmir”. Bu sözləri “Şərq”ə siyasi şərhçi Turan Rzayev deyib. Ekspert bildirib ki, bayram təbriki ənənəvi anqlo-sakson diplomatiyasının spesifik cəhətlərindən biri olmaqla yanaşı, təbrik ünvanlanan ölkəyə verilən qiymətin, dəyərin göstəricisidir: “Cozef Baydenin Prezident İlham Əliyevə təbrik məktubunda bir sıra məqamlar diqqət çəkir. 

Baydenin təbrik məktubunda ilk diqqət çəkən məqam onun ABŞ ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etməsidir. O bildirib ki, ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir. Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır. Rəsmi Bakının regionda icra etdiyi meqa enerji layihələri Vaşinqtonun diqqətini çəkir. Xüsusilə TAP və TANAP kimi Avropanın enerji təminatı baxımından perspektiv vəd edən layihələrin ərsəyə gəlməsi Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlığı zəruri hala gətirir.

 Bakının geosiyasi mövqeyi, digər neft və qaz ölkələri olan Mərkəzi Asiyaya yaxınlığı, ərəb ölkələri ilə isti münasibətləri, ən əsası İsraillə strateji tərəfdaşlığı, Vaşinqtonun nəzərində Bakının önəmini də artırır”.

 T.Rzayevə görə, Bayden təbrik məktubunda Azərbaycanın Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımına da toxunub: 

“Prezidentin bu məsələyə toxunması heç də təsadüfi deyil. Mövcud Ukrayna-Rusiya müharibəsində Azərbaycanın sərgilədiyi balans siyasəti, eyni zamanda rəsmi Kiyevə humanitar yardımların edilməsi Azərbaycanı ABŞ nəzdində etibarlı tərəfdaş halına gətirir. Bu həm də bir müddətdir rəsmi Bakını Kremlə dəstək verməkdə ittiham edənlərə tutarlı cavabdır”.

Ekspertə görə, indiki məqamda Ermənistan və Azərbaycanın uzlaşmasında ABŞ-ın müsbət töhfələri ola bilər:

 “Ən azından Kreml, Brüssel kimi Vaşinqtona da bu istiqamətdə şans tanımaq olar. Bu həm də Bakının əlini gücləndirər. Kremli Brüssel və Vaşinqtonun vasitəçiliyi ilə əlavə təxribatlardan, İrəvanı şirnikləşdirici vədlər verməkdən uzaqlaşdıra bilərik. Baydenin məktubunda diqqət çəkən digər məqam “Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir” ifadəsidir. 

44 günlük müharibə sonrası regionda siyasi reallıqların əsaslı surətdə dəyişməsi, eyni zamanda beynəlxalq aləmdə kartların yenidən paylanması rəsmi Bakının əhəmiyyətini bütün geosiyasi oyunçular üçün artırıb. Azərbaycanın geosiyasi mövqeyi, siyasi sabitliyi, eyni zamanda Mərkəzi Asiyaya əlçatan olması da bunu tətikləyən amillərdəndir. Azərbaycan hazırda ABŞ, Rusiya, hətta Çin üçün mühüm tərəfdaş ölkədir”.