Qərbdən hər zaman təhlükə gözlənilir

Türkiyənin Rusiya ilə yaxınlaşması təbii və normal qarşılanmalıdır

"Sergey Lavrovun hərbi heyətlə Ankaraya gözlənilən səfəri Ukrayna ilə müharibədən başqa digər önəmli mətləblərdən də xəbər verir"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya rəhbəri Vladimir Putin arasında telefon danışığı baş tutub. Telefon danışığında tərəflər iki ölkə arasında mövcud münasibətləri, bölgədəki və Ukraynadakı vəziyyəti müzakirə ediblər. Ərdoğan Putinə İstanbulda Rusiya, Ukrayna və BMT nümayəndə heyətləri arasında görüş keçirməyi təkif edib. Eyni zamanda yaxın günlərdə Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfər edəcəyi bəlli olub. 

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu səfərin iyunun 8-də baş tutacağını söyləyib: “Gəlmək istədiyini özü dedi. Biz də "buyurun, gəlin" dedik”. Çavuşoğlunun sözlərinə görə, Rusiyanın XİN başçısı ilə birgə hərbi heyət də gələcək: “Təhlükəsiz dəhlizin açılması, gəmilərin girib-çıxması üçün nələrin ediləcəyi müzakirə olunacaq”. 

Politoloq Turab Rzayev “Şərq”ə açıqlamasında bildirib ki, Türkiyə Rusiya ilə münasibətdə mümkün qədər neytral dayanmağa çalışır. Analitikə görə, Ankara Ukraynanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Hətta Krımın Rusiya tərəfindən ilhaq olunmasını dəfələrlə tənqid edib. Amma Moskvaya qarşı sanksiyalara qoşulmayıb: 

“Türkiyə birmənalı şəkildə Rusiyanın aqressiyasını qəbul etmir və Qara dənizə rus hərbi gəmilərinin girişini əngəlləyir. Paralel olaraq Ukrayna ordusuna “Bayraktar” PUA-ları satır, təlimlər keçir və s. Eyni zamanda Qərb ölkələrinin yaranmış fürsətdən sui-istifadə etməsinə, İsveç və Finlandiyanın tələsik NATO-ya üzv qəbul edilməsinə də imkan vermir. Ankara hökuməti Türkiyənin milli maraqlarını əsas götürərək həm Qərbdən, həm də Rusiyadan yararlanmağa çalışır. Daha doğrusu, tərəflər arasında konkret seçim etməyərək, bir növ hibrid siyasət həyata keçirir. 

Rusiya-Türkiyə rəhbərlərinin danışığı, XİN başçısı Sergey Lavrovun hərbi heyətlə Ankaraya gözlənilən səfəri Ukrayna ilə müharibədən başqa digər önəmli mətləblərdən də xəbər verir. Səfərin bir tərəfi Qara dənizdə rus hərbi gəmilərinə “stop” qoyulması ilə əlaqədardırsa, digər məqam Yunanıstan-Türkiyə münasibətlərinin yenidən gərginləşməsi ilə bağlıdır. Son günlər Yunanıstan barıt çəlləyinə çevrilməkdədir. Bu ölkədə ABŞ-ın 9 hərbi bazası mövcuddur. Qısa zaman öncə hərbi bazalara əlavə 3 min əsgər və 120-dən çox helikopter və minə qədər hərbi texnikalar gətirilib. Hətta Türkiyə ilə bağlanmış müqaviləyə əsasən, hərbiləşdirilməsi qadağan olan adalarda belə Amerika və yunan hərbi bazaları yerləşdirilib. Belə məqamda Türkiyənin Rusiya ilə yaxınlaşması təbii və normal qarşılanmalıdır. 

Türkiyə Qərbdən özünə qarşı gözlənilən hər hansı təhlükəyə, hərbi əməliyyatlara qarşı fərqli alyansları, ittifaqları gözdən keçirir”.