Kreml Ukraynada qalib gəlsə, üzünü postsovet ölkələrinə çevirəcək



Avropa İttifaqı və Qərbin son dövrlər regionda aktivliyinin artması bununla bağlıdır

Cozep Borrell hamının fikirləşdiyi, amma dilə gətirmədiyi təhlükəni ifadə edib

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib ki, Ukraynanın işğalı fonunda Avropa İttifaqının (Aİ) Cənubi Qafqazdakı ölkələri dəstəkləməsi hər zamankından daha vacibdir. O bildirib ki, Aİ bu ölkələrlə tərəfdaşlığı və əlaqələri daha da gücləndirməlidir: “Aİ bu müharibədə Ukraynanın dəstəklənməsini davam etdirir. Rusiyanın Ukraynaya qarşı qanunsuz və səbəbsiz təcavüzü kontekstində Strateji Kompas “Şərq Tərəfdaşlığı” ölkələri ilə təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığımızın gücləndirilməsi niyyətimizi aydın şəkildə vurğulayır. 

Ukrayna, Gürcüstan, Moldova və Cənubi Qafqazdakı ölkələrin dəstəklənməsi hər zamankından daha vacibdir. Biz öz tərəfdaşlığımızı dəstəkləməyə və onlarla bağların gücləndirilməsinə davam edəcəyik”. Borrell vurğulayıb ki, Gürcüstan və Moldovaya qeyri-öldürücü hərbi yardımların artırılması ilə bağlı təklif verilib. O bildirib ki, logistika, kibertəhlükəsizlik, hərbi tibb, mühəndislik və səfərbərlik imkanları ilə bağlı yardımın artırılmasını nəzərdə tutan təklif qəbul edilməsi üçün bu ay Avropa Şurasına təqdim ediləcək.

Politoloq Azər Qasımov “Şərq”ə bildirib ki, Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell hamının fikirləşdiyi, amma dilə gətirmədiyi təhlükəni ifadə edib. Ekspert vurğulayıb ki, Rusiyanın Ukraynadakı işğalçılıq planları baş tutsa, Moskva üzünü digər postsovet ölkələrinə çevirəcək: 

“Əslində, “Ukraynada hamının taleyi həll olunur” deyimi təsadüfi deyil. Borell də bunu diplomatik tərzdə bildirib. Rusiyanı idarə edənlərin öz soydaşları hesab edilən Ukrayna xalqına qarşı törətdiyi ağılsızlığı görəndən sonra bu təhlükənin reallığına şübhə yeri qalmır. Avropa İttifaqı və Qərbin son dövrlər regionda aktivliyinin artması bununla bağlıdır. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına dəstək olmağa çalışan Aİ bu kartı Rusiyanın əlindən almağa, Kremli bölgədən sıxışdırmağa çalışırlar”.

A.Qasımova görə, Rusiyanın Ukraynada məğlub edilməsi mütləqdir: 

“Qərb və Aİ buna çalışır. Müasir dünyada Rusiya kimi bir dövlətin mövcudluğu təhlükə mənbəyidir. Onu ən azı zəif və hərəkətsiz hala salmaq lazımdır. Hadisələrin gedişi göstərir ki, Rusiyanın apardığı işğalçı siyasət ciddi müqavimətlə qarşılaşıb. Rusiya Ukrayna bataqlığına düşüb və oradan çıxmağa imkan vermirlər. Azərbaycan da Qərblə əlaqələrinin keyfiyyətcə yeni səhifəsini açmaq istəyir. Bu, Azərbaycan üçün yeganə doğru yoldur. Müasir dünyada işğalçı, qeyri-demokratik ölkə imicinə malik dövlətlərin sonu yaxşı olmayacaq. Bu baxımdan Azərbaycan öz siyasətini Qərblə və onun demokratik dəyərlərinin üstünlük təşkil etdiyi cəmiyyətlərlə qurmalıdır”.