Rusiya mövqeyini dəyişmək üzrədir

Türkiyənin vasitəçiliyi Kreml üçün yeganə uyğun variantdır

Bəzi məsələlər ətrafında uzlaşa bilməsi üçün Kreml rəsmi Ankaraya müəyyən güzəştlər etməyə məcburdur

Kreml Rusiyanın tərk etmək ehtimalı olan bölgələrin Türkiyəyə təhvil verilməsində daha çox maraqlıdır

Lavrovun “Biz Cənubi Qafqazda necə fəaliyyət göstərəcəyimiz barədə anlaşma əldə etdik” deməsi də, Rusiyanın Cənubi Qafqazda Türkiyənin geopolitik iradəsinə müqavimət göstərməyəcəyini təsdiqləyir

Dünən Ankarada Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında görüş keçirilib. Nazirlər arasında danışıqların əsas mövzusu ikitərəfli münasibətlər və regional məsələlərlə yanaşı, Ukraynadakı vəziyyət və ölkədə taxıl ehtiyatlarının nəqli məsələləri olub. Bundan başqa, tərəflər Kiyev və Moskva arasında danışıqların bərpasını müzakirə ediblər. Türkiyənin Suriyanın şimalında planlaşdırdığı yeni hərbi əməliyyat da müzakirə predmeti olub. Çavuşoğlu deyib ki, müharibəyə danışıqlar yolu ilə son qoyulmalıdır: “Biz görürük ki, danışıqlara qayıtmaq üçün zəmin formalaşıb”. XİN başçısı Qara dənizdəki taxıl dəhlizi planından danışaraq, “BMT, Rusiya, Ukrayna və Türkiyə arasında yaradıla biləcək bir mexanizmdən danışırıq” deyib: “Dünyanın həm Ukraynadan, həm də Rusiyadan ixrac edəcəyi məhsullar varsa, bunun yolunu birlikdə açmalıyıq. Gəmilərin təhlükəsiz naviqasiyası üçün tədbirlər müzakirə edilməlidir”. Çavuşoğlu Ankaranın Zelenski-Putin görüşünə hazır olduğunu da dilə gətirib: “Liderlər zirvəsinə ev sahibliyi etmək istərdik. Biz balanslaşdırılmış və obyektiv siyasət yürüdürük. Emosional reaksiyalardan çox diplomatiyaya qayıtmağı düşünürük”. 

Qərb ölkələrinin diqqətlə izlədiyi səfəri “Şərq”ə dəyərləndirən politoloq Elçin Xalidbəyli deyib ki, Türkiyə və Rusiya arasında kifayət qədər ortaq maraqlar mövcuddur. Analitikin sözlərinə görə, bu ölkələrin maraqları arasında kəskin ziddiyyətlər də var: 

“Hazırda əsas Rusiya və Türkiyənin mənafeləri Ukrayna savaşı ətrafında uzlaşmış vəziyyətdədir. Çünki rəsmi Ankaranın həm Rusiya, həm də Ukrayna ilə strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ən əsasısa, Ukrayna savaşı Türkiyənin maraqlarına qətiyyən cavab vermir. Rəsmi Ankara bu savaşın mümkün qədər tez sona çatmasına cəhd göstərir. Və beynəlxalq vasitəçilik missiyasını da öz üzərinə götürməyə hazırdır. Rusiya isə Ukrayna savaşında qarşıya qoyulan heç bir hərbi-siyasi hədəfini reallaşdıra bilməyib. Əksinə, beynəlxalq sanksiyalar Rusiyanı zəiflədir, Ukrayna savaşında məğlub dövlətə çevrilmə ehtimalını artırır. Ona görə də Kreml Ukrayna savaşının məhz indi, Rusiya üçün daha sərfəli şərtlərlə dayandırılmasında maraqlıdır. Belə vəziyyətdə Türkiyənin vasitəçilik missiyası Rusiya üçün yeganə uyğun variantdır.

Ancaq Rusiyanın Türkiyə ilə bu məsələlər ətrafında uzlaşa bilməsi üçün Kreml rəsmi Ankaraya müəyyən güzəştlər etməyə məcburdur. Xüsusilə də rəsmi Ankara Türkiyənin Suriyada keçirtməyə hazırlaşdığı antiterror əməliyyatlarına Rusiyanın tolerant yanaşmasını gözləyir. Xarici işlər naziri Sergey Lavrovun Ankarada verdiyi açıqlamada Kremlin Türkiyəni dəstəkləyə biləcəyinə dolayısı eyham var. Lavrov vurğulayıb ki, ABŞ Suriyada bəzi terror təşkilatlarını dəstəkləyir. Rusiya xarici işlər naziri bu barədə danışarkən, heç şübhəsiz ki, ABŞ-ın PKK/YPG-yə verdiyi dəstəyi nəzərdə tutur. Halbuki, S.Lavrovun Ankaraya səfərindən bir qədər öncə Rusiya Xarici İşlər Nazirliyi Türkiyənin Suriyada reallaşdıracağı antiterror əməliyyatlarını bu ölkənin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn addım kimi dəyərləndirdiyini bəyan etmişdi”.
E.Xalidbəyli qeyd edib ki, Lavrovun açıqlaması Rusiyanın mövqeyinin dəyişmək üzrə olduğunu göstərir: “Yəqin ki, Türkiyə və Rusiya xarici işlər nazirləri arasında keçirilən qapalı görüşdə bu məsələ ilə müəyyən anlaşmalar əldə olunub. Ümumiyyətlə, Kreml Rusiyanın tərk etmək ehtimalı olan bölgələrin Türkiyəyə təhvil verilməsində daha çox maraqlıdır. Rusiyanın öz hərbi kontingentinin bir hissəsini artıq çıxartdığı Suriyada baş verə bilər. Digər tərəfdən, Cənubi Qafqazda da eyni prosesin ön planda ola biləcəyi qətiyyən istisna deyil. Rusiya Cənubi Qafqazı tərk etdikcə, Türkiyə bu regionda onun mövqelərini doldurmağa başlayacaq. Lavrovun “Biz Cənubi Qafqazda necə fəaliyyət göstərəcəyimiz barədə anlaşma əldə etdik” deməsi də, Rusiyanın Cənubi Qafqazda Türkiyənin geopolitik iradəsinə müqavimət göstərməyəcəyini təsdiqləyir. Əslində, hazırda Rusiya hansısa prosesə müqavimət göstərmək imkanlarını böyük sürətlə itirməyə başlayıb. İndi elə vəziyyət yaranıb ki, hətta Bolqarıstan, Qaradağ və Şimali Makedoniya kimi kiçik dövlətlər Rusiya xarici işlər nazirinin Serbiyaya səfərini bloklamağa belə, cəsarət edirlər. Türkiyə isə Rusiya rəsmilərinin sərbəst səfər edə biləcəyi bir neçə ölkənin sırasına daxildir. Kreml indiki taleyüklü mərhələdə Türkiyəni özündən narazı salmaz”. 
Siyasi şərhçi vurğulayıb ki, hazırda Rusiya Türkiyə ilə “3+3” formatı üzərindən də daha sıx əməkdaşlıqda maraqlıdır: “Çünki “3+3” formatı Rusiya üçün ABŞ və Qərbin Cənubi Qafqaza yerləşməsinin qarşısını ala biləcək olduqca önəmli platformadır. Bu səbəbdən də, Kreml “3+3” formatı üzrə fəaliyyətin aktivləşdirilməsində maraqlıdır. Ancaq bütün bunlara baxmayaraq, hazırda Rusiya üçün daha böyük əhəmiyyət daşıyan Ukrayna savaşının sülh danışıqları prosesi ilə dayandırılması istiqamətində Türkiyənin rolu o qədər də perspektivli görünmür. Çünki Ukrayna birmənalı şəkildə ABŞ və Böyük Britaniyanın təsiri altındadır. Bu iki dövlət icazə vermədən rəsmi Kiyev Rusiya ilə heç bir məsələdə anlaşmaz. Rəsmi Kiyev bu mərhələdə yalnız sülh danışıqlarından imtina etmədiyini bəyanlamaqla, kifayətlənəcək. Eyni zamanda, Rusiyanın qəbul etməyəcəyi şərtləri gündəmə gətirməklə, sülh danışıqları prosesini bloklamağa çalışacaq. Ona görə də Ukrayna savaşı ilə bağlı Türkiyə və Rusiya arasında aparıla biləcək danışıqlar yalnız taxılın ixracına şərait yaradılması ilə məhdudlaşacaq kimi görünür. Rəsmi Ankara Ukrayna taxılının dünya bazarlarına çıxarılması prosesində əsas vasitəçi dövlət missiyasını öz üzərinə götürüb. Kreml isə taxıl məsələsini Rusiyanın istifadə edə biləcəyi yeni “silaha” çevirməyə çalışır. Bu baxımdan, Türkiyə və Rusiya arasında Ukrayna taxılının ixracı mövzusunda danışıqların müəyyən ziddiyyətlərlə qarşılaşa biləcəyi də qətiyyən istisna deyil”.