İsveç və Finlandiya Ankaranın şərtlərinə əməl etməlidir

Bundan sonra Türkiyə hər iki ölkənin NATO yoluna “yaşıl işıq” yandıracaq

Rəsmi Ankara hələ də İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə razılaşa bilmir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə bəyan edib ki, İsveç televiziyası terror qruplaşmalarının liderləri ilə müsahibə yayıb. Ərdoğanın sözlərinə görə, bundan sonra Ankara “NATO-ya xoş gəlmisiniz” deyə bilməz: “Eyni şey Finlandiyaya da aiddir. NATO təhlükəsizlik təşkilatıdır və terroru dəstəkləməməlidir”. 

Xatırladaq ki, İsveç və Finlandiyaya on şərt irəli sürüb. Tələblər paketi mayın 25-də Ankarada keçirilən danışıqlarda İsveç və Finlandiya nümayəndələrinə təqdim olunub. Sənədə əsasən, hər iki ölkə terror təşkilatlarına qarşı mübarizədə Ankaraya dəstəyini bəyan etməli və bu barədə müvafiq qanunvericilik aktları qəbul etməlidir. 

İsveç və Finlandiya öz ərazilərində PKK ilə əlaqəli bütün təşkilatları, həmçinin onların aktivlərini və media resurslarını bağlamalıdır. Bundan başqa, Ankara Stokholm və Helsinkidən müdafiə sənayesi məhsullarına qoyulan embarqonun ləğvini və terrorçularla əlaqəsi olan şəxslərin ekstradisiyasını tələb edir. 

Türkiyə hökuməti, eyni zamanda ölkələrin kəşfiyyat xidmətləri arasında terrorla mübarizədə əməkdaşlıq qurulmasını istəyir. “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri Samir Hümbətov “Şərq”ə bildirib ki, Türkiyənin təklifləri ədalətli olmaqla yanaşı, həm də nəticə yönlüdür. Analitikin fikrincə, İsveç və Finlandiyanın başqa seçimi yoxdur: “Qərb ölkələri Türkiyənin haqlı tələblərinə etiraz edə bilmirlər. 

Hətta ABŞ İsveç və Finlandiyanı yola gətirməyə, Türkiyənin şərtlərini qəbullanmağa vadar etməyə çalışır. Yaranmış beynəlxalq vəziyyət, regional proseslər də bunu sürətləndirir. İsveç və Finlandiya yaxşı başa düşür ki, Rusiya qarşısında onların təhlükəsizliyini qoruyacaq yeganə güc NATO-dur. 

O baxımdan hər iki ölkə üçün hərbi bloka daxil olmaq çox vacibdir. Ehtimal ki, müəyyən müddət keçəndən sonra İsveç və Finlandiya Ankara hökumətinin şərtlərini qəbul edəcək və Türkiyə prosesə “yaşıl işıq” yandıracaq. 

Əslində Türkiyəni narahat edən sadəcə terrorçulara yardım, ikili standartlar deyil. Məsələ ondadır ki, 70 illik NATO rəhbərliyində türk əsilli şəxs olmayıb. Ankaranın bununla bağlı da tələbləri var”.