Lavrov İrəvanda sülhü pozacaq açıqlama verib

Ekspert hesab edir ki, XİN başçısının fikirləri İrəvanı sakitləşdirmək, onları daha çox Moskvanın yanında saxlamaq niyyətindən qaynaqlanır

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov dünən Ermənistanda erməni həmkarı Ararat Mirzoyanla görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycanın əleyhinə fikir səsləndirib. Xocalı rayonunun Fərrux kəndi ətrafında yaranmış vəziyyət barədə suala cavabında Lavrov diplomata yaraşmayan ifadələrə yol verib. Rusiya XİN başçısı bildirib ki, Fərruxdakı hadisənin nizamlanması Qarabağdakı Rusiya sülhməramlı hərbçilərinin prioritetlərindən biridir: 

“Erməni dostlarımız da bu barədə yaxşı məlumatlıdır. Artıq vəziyyətin de-eskalasiyası nöqteyi-nəzərindən “yerdə” müəyyən nəticələr var. Bizdə anlayış var ki, delimitasiya ilə bağlı başlayan predmetli iş çərçivəsində bu məsələlərə baxılacaq və mütləq həll olunacaq”. Lavrovun fikirlərində diqqətçəkən məqam odur ki, o, Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış və qəbul edilmiş Qarabağ regionunda hansısa delimitasiya prosesindən danışır. Halbuki, Prezident Vladimir Putin də “Dağlıq Qarabağ”ın Azərbaycan ərazisi olduğunu dəfələrlə bəyan edib. Delimitasiya isə iki ölkənin sərhədlərinin müəyyənləşdirilməsi üçün aparılan prosesdir. Azərbaycanla Ermənistan arasında yaradılmış müvafiq komissiya məhz iki ölkənin sərhədlərinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi ilə məşğul olur. 

Qarabağ, Xankəndi, Fərrux kəndi Azərbaycan ərazisi olduğu üçün Lavrovun haqqında danışdığı delimitasiya prosesi mənasız olduğu qədər də düşündürücüdür. Bu, Rusiyanın məsələn, Dağıstan, Çeçenistan və digər əraziləri ilə delimitasiyası deməkdir. Görünür, Rusiya XİN başçısı hazırkı həssas məqamda bu ifadəsi ilə vəziyyəti daha gərginləşdirdiyinin fərqində deyil. Xüsusən, Qarabağda sülhməramlı missiyası olan bir ölkənin baş diplomatının bu cür ehtiyatsız, sülh prosesinə təhlükə yaradacaq açıqlaması yolverilməzdir. 

“Şərq”ə açıqlamasında siyasi icmalçı Azər Niftiyev bildirib ki, Rusiya regionda “drijor çubuğu”nu heç zaman yerə qoymayıb. Ekspertin sözlərinə görə, Lavrovun son açıqlamalarına bu rakursdan yanaşmaq lazımdır:

 “Təbii ki, Dağlıq Qarabağ münaqişəsinin yaranmasında, torpaqlarımızın 30 ilə yaxın müddət ərzində işğal altında qalmasına səbəb olan iki əsas faktordan biri Rusiyadır. Digər səbəb isə Ermənistanın hərbi-siyasi rəhbərliyinin işğalçı siyasəti, daxili böhranı bu yolla kompensasiya etmək cəhdləri ilə bağlıdır. 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfər regionda yeni reallıqlar yaradıb. 

Ermənistan hər vəchlə Azərbaycanı qaralamağa, beynəlxalq dəstək qazanmağa çalışır. Çünki əlindən gələn yeganə şey budur və istər hərbi, istər siyasi, istərsə də iqtisadi baxımdan mübarizə aparmaq iqtidarında deyil. Rusiya Xarici Siyasət İdarəsi rəhbərinin son açıqlaması rəsmi İrəvanı sakitləşdirmək, onları daha çox Moskvanın yanında saxlamaq niyyətindən qaynaqlanır. Artıq Rusiya elitasında da anlayırlar ki, münaqişə əsas etibarilə başa çatıb və mövcud şəraitdə artıq Kremlin də buna təsir imkanları yoxdur”.

A.Niftiyevin sözlərinə görə, Rusiyanın başı özünə qarışıb və Qərbdən gələn təzyiqləri neytrallaşdırmaqla məşğuldur:

 “Regional münaqişələrə münasibətdə Moskvanın son dövrlər artan “həssaslığı” da bununla bağlıdır. Rusiya rəhbərliyi göstərmək istəyir ki, Ukraynaya təcavüzü və bunun nəticəsində ölkəsinə qarşı yönələn təzyiqlər onları sarsıtmayıb. Ənənəvi fəaliyyətdə olduqlarını və hər şeyin plan üzrə getdiyini nümayiş etdirməyə çalışırlar. 

Əslində isə Qarabağ münaqişəsi və digər regional münaqişələr hazırda Moskvanın maraq dairəsində deyil. Rusiyanın əsas marağı hər vəchlə postsovet ölkələrini nəzarətdə saxlamaq, daxildə mərkəzdənqaçma meyillərinin qarşısını almaqdır. Lavrovun son bəyanatından ciddi nəticələr çıxarmağa dəyməz. 

Təbii ki, Rusiya hər zaman işğalçı Ermənistana dəstək verib və burada təəccüblü bir şey də yoxdur. Rəsmi Bakı buna öz etirazını bildirməlidir. Lakin İrəvanın da ümidlənməsinə dəyməz”.