Lavrovun “naqolay” açıqlamasının üç hədəfi göründü


Birincisi, Rusiya Azərbaycanın “əsəblərini yoxlayır”, müqavimətinin hara qədər ola biləcəyini sınayır

   Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Xarici işlər naziri Sergey Lavrovun Fərrux kəndi ilə əlaqəli vəziyyətin sərhədlərin delimitasiyası kontekstində nəzərdən keçiriləcəyinə dair fikrini şərh edib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür. 

Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə baxılması nəzərdə tutulmur. Xatırladaq ki, Rusiya XİN başçısı Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə brifinqdə Fərrux kəndi ilə bağlı sualı cavablandırarkən bu məsələnin delimitasiya prosesi çərçivəsində həll edilməli olduğunu iddia edib. 

Lavrov vurğulayıb ki, Qarabağın Fərrux kəndindəki vəziyyət Rusiya sülhməramlılarının diqqət mərkəzindədir. Rusiya baş diplomatının açıqlaması Azərbaycan ictimaiyyətinin kəskin reaksiyasına səbəb olmuşdu. Çünki Fərrux - Azərbaycanın Qarabağ inzibati ərazisində yerləşən kiçik bir kənddir və Ordumuzun nəzarəti altındadır. Rus sülhməramlıları isə hazırda o kənddə müvəqqəti yerləşib. Narazılıqdan sonra Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrovun İrəvanda səsləndirdiyi fikirlərə düzəliş edib. 

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə deyib ki, Lavrovun İrəvanda delimitasiya prosesinin Xocalının Fərrux kəndinə aid etməsi haqda “naqolay” açıqlaması suallar yaratdı. Analitik bildirib ki, delimitasiyanın dövlət sərhədində aparıldığını Rusiyanın baş diplomatı da yaxşı bilir:

 “Delimitasiyanın Qarabağa aid edilməsinin Rusiyanın bölgəyə dair planına aid olduğunu düşünsək belə, bu, məntiqi baxımından da qeyri-mümkündür. Bəs Lavrov niyə belə dedi? Rusiya xarici işlər nazirinin erməniləri sakitləşdirmək istədiyi aydın görünür. Hərçənd, delimitasiyanın Fərruxa aid edilməsini 70 yaşlı qocanın “ağılsızlığı” olmadığını düşünsək, burada yalnız bir mümkün ehtimal yaranır. Qarabağda deskalasiyanın yeganə yolu 10 noyabr razılaşmasının 4-cü bəndinin - erməni qoşunların çıxarılması - icra edilməsidir. Sərhədin delimitasiyası prosesində bu məsələ hüquqi baxımdan da aktuallaşır. Çünki bir ölkənin qoşunları rəsmi şəkildə digər ölkənin ərazisində olduğu müddətdə həmin ölkələrin dövlət sərhədini qarşılıqlı şəkildə tanıması mümkün deyil. Baş diplomatın üçtərəfli razılaşmaların icrasını sürətləndirmək məqsədilə Ankaradan birbaşa İrəvana uçması fonunda “bu məsələlər delimitasiya prosesində həllini tapacaq” açıqlamasını verməsini yalnız erməni qoşunların çıxarılmasına aid etmək olar. Bunun yeganə məntiqli açıqlaması budur. O ki qaldı Rusiya XİN-in geri addım atmasına, Moskva bütün bunları xoşluqla etmir, Bakının tələbi qarşısında etməyə məcbur olur. Lakin bu cür təxribatlara yol verilməsi, ardınca edilən düzəlişlərin üç hədəfi var. Birincisi, Rusiya Azərbaycanın “əsəblərini yoxlayır”, müqavimətinin hara qədər ola biləcəyini sınayır. İkincisi, Bakıya “separatçıları legitimləşdirə də bilərik” mesajını verir. Üçüncüsü, “separatizmin və təxribatın olmaması üçün Moskvanın mövqeyi nəzərə alınmalıdır” demək istəyirlər”.