Putin Pyotrun adını çəkməklə Qərbə mesaj verir

Rusiya Prezidenti Rusiyanın əvvəlki hegemonluğunu qaytarmağa çalışır

Rusiya Prezidenti Vladimir Putin özünü imperator I Pyotrla müqayisə edib. Putin gənc sahibkarlarla görüşündə deyib ki, Rusiya imperatoru I Pyotr 1700-1722-ci il Şimal müharibələrində İsveçdən torpaq qoparmayıb. Onun sözlərinə görə, I Pyotr rus torpaqlarını qaytarıb və möhkəmləndirib: “I Pyotrun 350 illiyinə həsr olunmuş sərgidə idik. Demək olar ki, heç nə dəyişməyib. I Pyotr 21 il Şimal müharibəsində vuruşub. 

Deyəsən, İsveçlə döyüşüb. Əvvəl uğursuz olsa da, sonradan qayıdıb gücləndi. Görünür, bizim də qismətimizə düşüb ki, qayıdaq və güclənək”. Putin deyib ki, “indi bizim taleyimizə də torpaqları qaytarmaq və möhkəmləndirmək düşüb”. Bəyan edib ki, I Pyotrun qəsb etdiyi torpaqlarda əslər boyu fin-uqor xalqları ilə yanaşı slavyanlar da yaşayıblar. O əlavə edib ki, bu torpaqlar həmişə rus dövlətinin nəzarətində olub. Putin misal olaraq əsası 1703-cü ildə I Pyotr tərəfindən qoyulmuş Sankt-Peterburq şəhərindən danışıb. O deyib ki, əvvəlcə Avropanın ölkələri bu əraziləri Rusiya ərazisi kimi tanımırdılar. Məlumat üçün qeyd edək ki, Finlandiya Prezidenti Sauli Niinistö rusiyalı həmkarı Vladimir Putinin Böyük Şimal müharibəsi ilə bağlı sözlərini eşitdikdən sonra İsveç kralı ilə şam yeməyini tələsik ləğv edib. Onu da xatırladaq ki, Ukraynada Rusiya qoşunları tərəfindən işğal olunmuş Xerson və Zaporojye vilayətlərinə Moskva tərəfindən təyin edilmiş başçılar bu ərazilərin Rusiyaya birləşdirilməsi üçün referenduma hazırlaşdıqlarını bildiriblər. Bu bəyanatlar Putin administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun işğal olunmuş bölgəyə səfərindən sonra verilib. 

AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli “Şərq”ə bildirib ki, Rusiyaya uzun müddətdir rəhbərlik edən və militarist siyasət yeridən Vladimir Putinin I Pyotrdan misal gətirməsi, indiki prosesləri həmin dövrlə müqayisə etməsi təbiidir. Analitik qeyd edib ki, məhz I Pyotrun hakimiyyəti dövründə Rusiya çarlıqdan imperatorluğa çevrildi:

 “Rusiyanın Avropaya qapılarını açan şəxs I Pyotrdur. Ona görə ruslar Pyotrla daim fəxr ediblər. Putin də Rusiyanın əvvəlki hegemonluğunu qaytarmağa çalışır. Pyotrdan çəkilən misallar əsas Qərbə mesaj xarakteri daşıyır. Pyotrun ən böyük müharibəsi İsveçlə olub və qalib gəlib. Osmanlı dövləti ilə də savaşlar olmuşdu, amma məğlubiyyətə uğramışdı. Putinin “İsveç torpaqları əvvəllər rusların, ora ruslar nəzarət edib” açıqlaması da doğru deyil. Rusiya dövləti olmayıb ki, hansısa ərazilərə nəzarət etsin. 

Həmin torpaqların hamısı türklərə məxsus Qızıl Orda dövlətinə məxsus idi. Rusiya məhz Qızıl Ordanın qalıqları üzərində dövlət kimi formalaşıb. Ruslar hər zaman olduğu kimi tarixi təhrif etməklə məşğuldur”.