Ərdoğan anlatdı:Ankara qurulan tələlərdən xəbərdardır


Yunanıstan üzərindən Türkiyəyə qarşı geniş çaplı əməliyyat hazırlığı görülür

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana sərt xəbərdarlıq edib. Ərdoğan bildirib ki, Türkiyə beynəlxalq sazişlərdən yararlanacaq və adaların silahlanması ilə bağlı beynəlxalq müqavilələrin ona verdiyi səlahiyyətlərdən istifadə etməkdən çəkinməyəcək: “Yunanıstanı bir daha xəbərdar edirik ki, bir əsr əvvəl olduğu kimi xəyallardan, ritorikadan və peşmanlıqla nəticələnəcək hərəkətlərdən uzaq dursun, ağlını başına yığsın.

Türkiyə heç kimin haqqını və hüququnu pozmur, lakin öz haqqını və hüququnu da heç kimə verməz. Aralıq dənizinin şərqində ölkəmizin materik hissəsindən 2 kilometrdən az, Yunanıstandan isə 600 kilometrdən çox məsafədə yerləşən Meis adasına 40 min kilometrlik dəniz yurisdiksiyası tələbinin mənasını beynəlxalq ictimaiyyətin ixtiyarına buraxırıq”. Türkiyə lideri bildirib ki, qeyri-hərbi statuslu adalardan müxtəlif təlimlərdə istifadə etməyə çalışmağın, NATO və üçüncü tərəf ölkələrini bu qanunsuzluğa alət etmək təşəbbüsünün sonu fəlakətlə nəticələnəcək: “Yunanıstan Avropa Birliyinin üzvü olsa da, Birliyin dəyərlərinə, ümumbəşəri insan haqlarına və beynəlxalq müqavilələrə məhəl qoymayaraq, Qərbi Trakya, Rodos və Kosda yaşayan türk azlığa təzyiqlərini davam etdirir”.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Şərq”ə bildirib ki, bölgədə silahlı toqquşmalara səbəb olacaq hadisələr baş verə bilər. Analitik qeyd edib ki, Yunanıstanı müharibəyə sövq edən, daha doğrusu, fəlakətə sürükləyən tərəf isə Fransadır: 

“Əlbəttə, Afinanın qızışdırılmasında Amerika Birləşmiş Ştatlarının da rolu az deyil. Türkiyənin diqqətinin Yunanıstana, Egey dənizi məsələsinə cəlb olunmasının səbəbi Ankaranın hazırda yürütdüyü Rusiyayönlü siyasət və Suriyanın şimalında aparılacaq hərbi əməliyyatlardır. Qərb çalışır ki, Türkiyəni Egey dənizi bölgəsində dəniz milində geri durmağa, yəni 6 və 12 mil məsələsini qəbul etməyə məcbur buraxsın. Suriyadakı əməliyyatları əngəlləmək və Şimalı Kipr Türk Cümhuriyyəti məsələsini yenidən gündəmə gətirmək məqsədi güdürlər. Yunanıstan üzərindən Türkiyəyə qarşı geniş çaplı əməliyyat hazırlığı görülür. Bütün bunlara Ərdoğanın sərt şəkildə təpki verməsi Türkiyənin prosesləri çözdüyünü, qurulan tələləri əvvəlcədən gördüyünü deməyə əsas verir. Hətta Türkiyənin hərbi müstəvidə cavab verəcəyi də istisna deyil. Ancaq inanmıram ki, Afina xəbərdarlığı nəzərə alsın. Məncə, gərginliyi daha da körükləyəcəklər”.