İrəvan Arutyunyanı həbs etməyəcək

Onu Rusiya sülhməramlı qüvvələri mühafizə edir

“Ermənistan baş prokurorunun qanunsuz olaraq Azərbaycanın ərazisinə keçərək Xankəndinə gəlməsi və separatçılarla görüşü İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanımadığını göstərir”. Bunu “Şərq”ə politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, Rusiya sülhməramlıları bu səfərin qarşısını almalı idi: “Ermənistan Baş naziri Nikol Paşinyanın baş prokuroru Xankəndinə göndərməsi separatçılarla bağlı görülən tədbir kimi dəyərləndirilə bilər. Aydındır ki, separatçılar Paşinyana qarşıdır və onun əleyhinə mitinqlər təşkil edirlər. 

Təbii ki, rəsmi İrəvanın separatçı Araik Arutyunyanı həbs etməsi mümkün deyil. Onu Rusiya sülhməramlı qüvvələri mühafizə edir. Arutyunyan İrəvanın təlimatı ilə deyil, sülhməramlıların komandiri Volkovun tapşırığı ilə hərəkət edir”.

M.Əsədullazadə bildirib ki, Laçın dəhlizindən kənar çəkilən yeni yol tamamlanandan sonra Ermənistandan qanunsuz səfərlərin qarşısı alınmalıdır: 

“Yeni Laçın dəhlizi ilə bağlı Rusiya və Azərbaycan arasında problemlərin ortaya çıxması mümkündür. Çünki Rusiya keçid yolunda Azərbaycanın nəzarətini qəbul etmək istəmir. Türkiyə ilə birgə kordinasiyalı fəaliyyət Moskvanın destruiktiv siyasətinin qarşısını alacaq”.