Qərb və Moskva Qarabağ mövzusunda anlaşa bilmir

Rəsmi Bakı qarşıdurmalar zəminində Azərbaycanın milli maraqlarına uyğun öz işini görməlidir

Rusiyanın bəzi rəsmi dairələri, siyasi-ictimai xadimləri Qərbi ittiham edərkən Azərbaycan-Ermənistan arasındakı sülh prosesini, aparılan müzakirələri və ələlxüsus Brüssel görüşünün nəticələrini də ortaya atırlar. Daha doğrusu, Kreml hər zamankı kimi öz mövqeyini “müstəqil” ekspertlərin dili ilə diqqətə çatdırır. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi, ekspert və politoloq Sergey Markedonov deyib ki, Avropa İttifaqının Rusiyadan başqa öz motivasiyası və maraqları var. Politoloqun sözlərinə görə, Brüsselin bu cür aktivliyi Kremlin maraqlarına ziddir: 

“Aydındır ki, Aİ Rusiyanı gücləndirmək istəmir. Şarl Mişel sanksiyaların müdafiəsində çox fəaldır. Mişel həm də Kiyev ətrafında baş verən hadisələr və Buça qalmaqalı zamanı Moskvanın tənqidçisi kimi çıxış edib. Brüssel üçün postsovet münaqişələrini həll etmək məsələsində səmərəli olduğunu göstərmək vacibdir”. 

Markedonov bildirib ki, “Rusiya çox şey edib, lakin indi Avropa İttifaqı Moskva yoxmuş kimi qiymətli kağızların kənarlarını kəsir”. 

Rusiyadan Brüssel əleyhinə səslənən fikirləri “Şərq”ə təhlil edən AĞ Partiya sədri Tural Abbaslı deyib ki, Qarabağda Qərb-Rusiya qarşıdurması davam edir. Partiya rəhbərinin sözlərinə görə, hər iki tərəf ilk növbədə öz maraqlarını ön planda tutur:

“Rusiya və Qərb Azərbaycanın maraqlarını nəzərə almır. Əslində Brüssel və Moskva üçün Ermənistanın mənafeyi də əhəmiyyət kəsb etmir. Onların dərdi regional strateji mövqeyə sahib olmaqdır. 30 il boş-boşuna fəaliyyət göstərmiş ATƏT-in Minsk qrupunda Qərb ölkələri ilə yanaşı, Rusiya da təmsil olunurdu. Əksər məsələlərdə qarşıdurma həddində olan Qərb və Rusiya Qarabağ münaqişəsində ortaq nöqtədən çıxış edirdilər. Qarabağa görə tərəflərin qarşı-qarşıya gəldiyinə şahidlik etmədik. İki tərəf də Azərbaycanı çəkindirmək üçün birgə bəyanatlar səsləndiriblər. Qərb və Rusiya münaqişəni həll etməmək üçün anlaşma əldə etmişdilər. Amma Azərbaycanın 44 günlük müharibə ilə torpaqlarını işğaldan azad etməsindən sonra tamamilə fərqli mənzərə yarandı. Azərbaycan qalib ölkə oldu. Eyni zamanda Türkiyənin güclənməsi və geopolitik imkanlarının artması bölgədə uzun illər davam etmiş dəngələri dəyişdirdi. Müharibədən əvvəl anlaşmağı bacaran Qərb və Rusiya indi razılığa gələ bilmir. Çünki yenə də öz maraqlarını güdürlər. Təbii ki, Ukrayna fonunda qarşıdurma var. Rəsmi Bakı qarşıdurmalar zəminində Azərbaycanın milli maraqlarına uyğun öz işini görməlidir. Nə Rusiyanın təhdidinə boyun əyməliyik, nə də Qərbin xoş sözlərinə aldanmalıyıq. Strateji müttəfiqimiz olan qardaş Türkiyə ilə birlikdə addım atmalıyıq”. 

T.Abbaslı vurğulayıb ki, Rusiya Qərbin Azərbaycan və Ermənistan arasındakı təşəbbüslərinin qarşısını ala bilməz: 

“Moskva İrəvana təzyiq göstərə, Paşinyan hökumətini ziddiyyətli davranmağa, prosesi pozmağa məcbur edə bilər. Azərbaycan danışıqların nəticə vermədiyini görərsə, mənasız prosesi uzatmayacaq. “Ya saziş, ya müharibə” devizi ilə çıxış edərək Ermənistanı yekun qərar verməyə vadar etməliyik”. 

Siyasi şərhçi Asif Nərimanlı isə deyib ki, “ABŞ və Rusiya Qarabağ üzərindən bölgədə “nüfuz müharibəsi” aparır. Ekspert bildirib ki, Rusiya XİN başçısı Sergey Lavrovun erməni həmkarı Mirzoyanla görüşündən qısa müddət öncə ABŞ-ın Ermənistandakı səfirinin Xarici İşlər Nazirliyinə gəlişi də bundan xəbər verir:

 “Vaşinqton İrəvanın Brüssel razılaşmasına sadiqliyini yoxlamaq istəyir. Mümkündür ki, ABŞ Rusiyanın hansısa həmləsindən son anda xəbər tutub və səfir vasitəsilə İrəvana təcili şəkildə öz mesajını çatdırıb. “Nüfuz müharibəsi” Qarabağ, ümumilikdə bölgə üzərindəki anlaşmaların icrası ilə bağlı 44 günlük müharibədən öncəki vəziyyətin yaranmasına gətirib çıxara bilər. Bəyanatlar, danışıqlar, diplomatik təmaslar aktiv şəkildə davam etsə də, praktiki addımlara keçid səngiyir. Təcrübə göstərir ki, dalana dirənmiş danışıqları irəlilətmək və praktiki mərhələyə keçidə zəmin yaratmağın yolu hərbdən keçir. Hadisələrin inkişafı buna ehtiyacı aktuallaşdıra bilər”.