Moskvanın marağı var:“Ermənistan ərazisi ilə Türkiyəyə çıxış əldə etmək...”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinq zamanı Rusiyanın Ermənistan və Türkiyə arasındakı əlaqələrin normallaşmasına münasibətindən danışıb. O, bildirib ki, Rusiya Ermənistan və Türkiyə arasında yanvarın 14-də Rusiya Federasiyasının vasitəçiliyi ilə Moskvada başlanmış münasibətlərin normallaşması prosesini daim dəstəkləyir:
“Bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etmişdi ki, Rusiya ilkin olaraq İrəvanla Ankara arasında münasibətlərin normallaşdırılması prosesinə cəlb olunub, bundan xəbərdardır və ikitərəfli münasibətlərin nizamlanmasına töhfə verir.

Biz bundan sonra da Ermənistan-Türkiyə dialoquna hər cür kömək etməyə hazırıq. Güman edirik ki, bu, regionun maraqlarına, sabitliyinə və iqtisadi rifahına uyğundur”.

M.Zaxarovanın açıqlamasını “Sherg.az”a şərh edən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Rusiya Ermənistan-Türkiyə münasibətlərinin onun vasitəçiliyi ilə normallaşmasında maraqlıdır:

“Paşinyanın Putinlə danışdıqdan sonra Ərdoğanla telefon söhbəti aparması da deməyə əsas verir ki, bu təmasın qurulmasında Moskva iştirakçı olub. Ermənistan mediası Paşinyanın Putindən icazə aldığını da iddia edirdi. Moskvanın bu prosesdə iki marağı var. 

Birinci maraq Cənubi Qafqazın siyasi arxitekturasını Türkiyə ilə birlikdə qurmaq və Qərbin bölgəyə girişinin qarşısını almaqdan ibarətdir. Bunun üçün “3+3 formatı” təklif olunur. Lavrovun Ankaraya sonuncu səfərindən sonra bu istiqamətdə prosesin sürətlənməsi aktuallaşdı. Bu perspektiv fonunda Rusiya Ankara-İrəvan münasibətlərinin onun da iştirakı ilə normallaşmasını istəyir.

İkincisi, Türkiyə və Ermənistan arasında son razılaşmadır. Bu razılaşmaya görə, üçüncü ölkələrin vətəndaşları Türkiyə və Ermənistan ərazisindən sərbəst istifadə edə biləcək. 

Bu, üçüncü ölkə fikrimcə Rusiyadır. Qərb sanksiyaları Rusiyanın hərəkət trayektoriyasını daraldır. Bu baxımdan Moskva Ermənistan ərazisi ilə Türkiyəyə çıxış əldə etməkdə maraqlıdır. Bu anlaşmada Rusiyanın da dolayısı iştirakının olduğu istisna deyil. Ərdoğanın Paşinyandan sonra Putinlə əlaqə saxlaması da bundan qaynaqlanır”.