Ərdoğanın Rusiya səfərindəki geopolitik mesaj! – “ABŞ və Qərbə anladılır ki...”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Məlumatda qeyd olunur ki, avqustun 5-də baş tutacaq səfər zamanı Türkiyə Prezidenti Soçidə Rusiya lideri Vladimir Putinlə görüşəcək.
Səfərin əhəmiyyətini “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Ərdoğanın bu addımı indiki situasiyada böyük önəm daşıyır:

“Bu səfərin təşkil olunmasının özü belə, geopolitik mesaj xarakteri ilə yüklənib. Rəsmi Ankara ABŞ və Qərbə mesaj verir ki, Türkiyə Rusiya ilə diplomatik təmas imkanlarını hələ də qoruyur. Eyni zamanda, Kremlə də anladılır ki, Türkiyə Rusiyanın sülh danışıqlarında vasitəçiliyinə ümid bəsləyə biləcəyi yeganə ölkədir. Yəni, həm ABŞ və Qərb, həm də Rusiya üçün Türkiyə hazırda diplomatik vasitəçilik potensialı mövcud olan önəmli siyasi güc mərkəzinə çevrilib”.

Ekspert onu da qeyd edib ki, Türkiyə prezidentinin Rusiyaya səfəri yalnız Ukrayna savaşı və onun ətrafında yaranmış beynəlxalq situasiya ilə bağlı deyil:

“Hazırda Türkiyə və Rusiya arasında da kifayət qədər ciddi problemlər, ziddiyyətlər mövcuddur. İranda keçirilmiş sonuncu Ərdoğan-Putin görüşündə bəzi məsələlər ilə bağlı Türkiyə və Rusiyanın maraqlarının toqquşduğunu göstərdi. Ərdoğan Türkiyənin milli təhlükəsizlik maraqları çərçivəsində Suriyada antiterror əməliyyatlarının anonsunu verdi. Ancaq Rusiya və İran buna qarşı olduqlarını vurğuladılar. Halbuki nə qədər qəribə də olsa, Rusiya prezidenti Türkiyənin antiterror əməliyyatına qarşı olmasını Suriyanın suverenliyi və ərazi bütövlüyü ilə arqumentləşdirməyə çalışdı. Lakin Rusiya hazırda müstəqil Ukraynanın ərazilərinə qoşun yeridib, bu ölkənin suveren hüquqlarını kobud şəkildə pozub. Yəqin ki, prezident R.T.Ərdoğan Kreml sahibinin Türkiyənin Suriyada antiterror əməliyyatları keçirtmək planlarına neytral qalmasına nail olmağa çalışacaq.

Böyük ehtimalla Rusiyanın Soçi şəhərində planlaşdırılan Ərdoğan-Putin görüşündə Cənubi Qafqazda mövcud olan geopolitik stiuasiya, Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması kimi bir sıra önəmli mövzular da müzakirə edilə bilər. Eyni zamanda, əsas müzakirə mövzuları sırasında Türkiyənin vasitəçiliyi ilə imzalanmış və “taxıl dəhlizi”nin yaradılmasını nəzərdə tutan İstanbul anlaşması ilə bağlı məsələ də yer alacaq. Çünki İstanbul anlaşmasının imzalanmasından heç bir sutka keçməmiş Rusiya Ukraynanın Odessadakı limanlarını raket atəşinə tutaraq, həmin sənədin tələblərini kobud şəkildə pozub. Yəqin ki, Türkiyə lideri R.T.Ərdoğan prezident Vladimir Putindən “taxıl dəhlizi” İstanbul anlaşmasına Rusiyanın riayət edəcəyinə təminat almağa çalışacaq”.

E.Xalidbəyli  söyləyib ki, Rusiyaya səfər ərəfəsində Türkiyə lideri Putinin “Bayraktar TB2” PUA-larının ortaq istehsalına maraq göstərdiyini vurğulayıb:

“Prezident R.T.Ərdoğanın bu açıqlaması gözlənilməz xarakter daşıyır, ancaq qətiyyən təsadüfi deyil. Ərdoğan olduqca təcrübəli dövlət xadimidir və heç vaxt boşuna hər hansı məlumatı dövriyyəyə buraxmır. Türkiyə liderinin Rusiyanın “Bayraktar TB2” PUA-ları ilə maraqlanmasını vurğulamasında da yəqin ki, müəyyən hədəfləri mövcuddur. Yəqin ki, yaxın vaxtlarda bu hədəflər təxmini də olsa, aydınlaşmağa başlayacaq. Hələliksə, Ərdoğanın “Bayraktar TB2” açıqlamasını həm ABŞ və Qərbə, həm də Rusiyaya yönəlik üstüörtülü hərbi-siyasi mesaj olduğunu düşünmək üçün kifayət qədər əsaslar var”.