Tokayev Bakıya niyə gəlmişdi?  -  Səfəri mühüm edən səbəblər...

Samir Hümbətov: "Bu səfərdən sonra Qazaxıstan neft və qazının ölkəmiz üzərindən Avropaya nəqli məsələsi gündəmə gələ bilər"
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev bu gün Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.  
Tokayevin Azərbaycana səfərini “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov şərh edib. O, “Sherg.az"a açıqlaması zamanı qeyd edib ki, Qazaxıstan liderinin ölkəmizə səfərinin arxasında bir çox səbəblər var: “Siyasət, iqtisadiyyat, mədəniyyət və təhlükəsizlik sahəsində ikili və qlobal əməkdaşlığın gücləndirilməsi məsələləri gündəmdədir. Son dövrlər Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin enerjiyə olan tələbatının ödənilməsi məqsədilə atılan addımlar xüsusi diqqət cəlb edir. Çünki Azərbaycanın Avrasiya materikində önəmli nöqtədə yerləşməsi onun həm tranzit imkanlarının perspektivlərini artırır, həm də regionda əsas imkanlara malik dövlətə çevirir. Düşünürəm ki, Tokayevin səfərinin arxasında duran əsas səbəb iqtisadi sənədlərin imzalanmasıdır”.









  Politoloqun fikrincə, Qazaxıstan qazının Azərbaycan üzərindən Qərbə daşınması məsələsi də səfər üçün aktualdır: “Bir müddətdir ki, Rusiya Novorossiysk kəməri ilə qazax neftinin daşınmasını dayandırıb. Bu isə Qazaxıstan üçün əlverişli addım deyil. Zənnimcə, bu səfərdən sonra Qazaxıstan neft və qazının ölkəmiz üzərindən Avropaya nəqli məsələsi gündəmə gələ bilər. Digər tərəfdən Türk Dövlətləri Təşkilatı çərçivəsində tərəflərin iqtisadi və siyasi əməkdaşlıq perspektivləri həyata keçə bilər. Burada digər vacib məqam Çinin “Bir kəmər, bir yol” layihəsidir. Bildiyimiz kimi, Qazaxıstan Prezidenti Tokayevin Çin ilə də yaxın münasibəti mövcuddur. Həmçinin rəsmi Nur-Sultanın Çin ilə yaxşı münasibəti var. Düşünürəm ki, Tokayevin bu səfərində “Bir kəmər, bir yol” layihəsi ilə bağlı müzakirələr də öz əksini tapacaq. Qarabağ münaqişəsinin həlli, sülhün əldə edilməsi, regionda stabilliyin formalaşdırılması məsələsi də görüşdə əsas müzakirə predmeti ola bilər. Mədəni sahədə ikili əməkdaşlıq kimi məsələlərin də gündəmə gələcəyi gözləniləndir”.